YAP-da mühüm dəyişikliklər - Millət vəkili elan etdi

09:26 / 29.08.2020
3045

Yeni Azərbaycan Partiyası son günlər ən çox müzakirə edilən siyasi qurumlardan biridir. Hakim partiyanın növbədənkənar qurultaya gedə biləcəyi barədə xəbərlər artır. Bildirilir ki, YAP-ın İdarə Heyəti və Siyasi Şurası gənclərin hesabına yenilənə bilər.

HİT.Az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən Milli Məclisin YAP-dan olan deputatı Elman Nəsirov qeyd edib ki, hakim partiya ətrafında yaranan bu söz-söhbətləri yeni hesab etmək olmaz:

“Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə genişmiqyaslı və hərtərəfli islahatlar həyata keçirilir. Eyni zamanda ciddi kadr islahatları aparılmaqdadır. Savadlı, bilikli, vətənpərvər, milli ruhda tərbiyə almış gənclər yüksək vəzifələrə təyin olunurlar. Cənab Prezident onların qarşısında çox ciddi, mühüm vəzifələr qoyur. Bu nöqteyi-nəzərdən hakim Yeni Azərbaycan Partiyasında dəyişikliklər və islahatlar kursunun həyata keçirilməsi zamanın tələbidir. Cənab Prezidentin özü də Yeni Azərbaycan Partiyası ilə bağlı müəyyən təkmilləşdirmələrin həyata keçirilməsi ilə əlaqədar fikirlər səsləndirib. YAP öz mahiyyəti etibarilə islahatçı partiyadır. Onun tərkibində xeyli gənc vəzifələrə təyin olunub. Amma eyni zamanda müəyyən xoşagəlməz proseslər də diqqətdən yayınmayıb”.

E.Nəsirov qeyd edib ki, hakim partiyanı təmsil edən müəyyən şəxslərin həbsi ilə bağlı məsələlər, o cümlədən partiyada təmsil olunub, lakin vəzifədə olmadığı zamanlarda özünü qeyri-adekvat aparan şəxslər bu gün də var:

“Bu baxımdan hesab edirəm ki, islahatlar kursu hakim partiyadan da yan keçməyə bilər. Əsas odur ki, hakim partiya hər zaman belə islahatlara açıqdır”.

1