Yeni təhsil naziri Emin Əmrullayevin REAL TV-yə müsahibəsi cəmiyyət və ekspertlər tərəfindən olduqca maraqla qarşılanıb və müsbət fikir doğurub. Nazirin problemlərə bələd olması və onları sadə dillə şərh edib, gələcəyə yönəlik fikirlərini səsləndirməsi onun təhsil sistemində daha uğurlu islahatlara imza atacağı ilə bağlı ümidlər doğurub. Nazir müsahibədə vurğulayıb ki, təhsil hər bir mənada gələcəyi müəyyən edən amildir: “Bu gün təhsildə etdiyimiz işlərin nəticəsini 30 il sonra görürük, hiss edirik, başa düşürük”.
O bildirib ki, təhsil uzun müddətə ləng dəyişən, lakin dəyişikliklərə dayanıqlı olan sahədir: “Biz şagirdləri keçmişi düşünüb hazırlamamalıyıq. Bir çox halda biz təhsil haqqında danışanda ”mən məktəbə gedəndə belə deyildi" ifadəsini işlədirik. Keçmişə baxıb müqayisə edirik. Əslində isə bu uşaqlar böyüyüb 30 yaşa çatdıqda əmək bazarının necə olacağını düşünməliyik. Gələcəyin necə olacağını indidən bilmək çətindir. Amma bununla belə, bəzi şeylər məlumdur. Daha çevik, daha yaradıcı, dəyişikliklərə tez uyğunlaşan, o cümlədən milli-mənəvi dəyərlərini itirməyən, vətənini sevən vətəndaşları olan ölkələr öndə olacaq".
Təhsil sistemində uğurlu islahatların gerçəkləşməsi ilə bağlı isə ekspertlərin fikri birmənalı deyil.
Yeni nazirin müsahibəsi ilə bağlı fikirlərini “Yeni Müsavat”a açıqlamasında dəyərləndirən təhsil eksperti Kamran Əsədov vurğuladı ki, müsahibə məzmun və məntiq etibarilə pozitiv təəssüratlar yaratsa da, təhsil sisteminin bugünkü problemlərini tam əhatə etmədi: “Emin müəllimin nitqi kifayət qədər aydın, səlis və müsbətdir. Bunu birmənalı şəkildə deməliyik. Nəzərə alsaq ki, Emin Əmrullayev Təhsil Nazirliyi sistemində 7 ildən artıq çalışıb, baş məsləhətçidən şöbə müdiri vəzifəsinə, institut direktoru vəzifəsinə qədər gedə bilib. Təbii ki, bunların fonunda onun təhsil sistemi ilə bağlı məlumatlı olması və fikir yürütməsi müsbət idi. Amma islahat dalğası 2013-cü ildə Mikayıl Cabbarovla başladı, Ceyhun Bayramovla davam elədi. Təhsil sistemindən gözləntilərimiz var. Təbii ki, mən Emin müəllimin çıxışında gələcəklə bağlı proqnozlar gördüm. Bir neçə məqam var ki, onları qəbul etmirəm. Emin Əmrullayev deyir ki, təhsilin gələcəyini 20-30 il sonra görməliyik, təhsilin nəticələri qisa müddətdə görünə bilən məsələ deyil. Burada iki yanaşma var. Birincisi, biz universitetlərdə kadr hazırlayırıq və onları 4 il sonra əmək bazarına buraxırıq. Təhsil proqnozlaşdırmanı sevir. Biz deməməliyik ki, nəticəni 20 il sonra görməliyik. O zaman belə çıxır ki, bizim indiki vəziyyətimizin səbəbi 90-cı illərdə məktəbi bitirənlərdir”.
Kamran Əsədov: “Təhsili əmək bazarının tələblərinə uyğunlaşdırmaqda mobil və çevik olmalıyıq”
Ekspertin sözlərinə görə, təhsili əmək bazarının tələblərinə uyğunlaşdırmaqda mobil və çevik olmalıyıq: “Biz pandemiya dövründəyik, bu o deməkdir ki, biz çevik şəkildə bu qaydalara öyrəşməliyik. Bu qaydalara uyğun kadrlar təhsil müəssisələrində hazırlanmalıdır. Əgər onu hazırlaya bilmirlərsə, təhsildan danışa bilmərik. Bütün kadrların hazırlandığı yer orta ixtisas və peşə təhsil müəssisələri, o cümlədən ali məktəblərdir. Kimsə 600 balla müəllim ixtisasına qəbul olunubsa, bu o demək deyil ki, peşəkar müəllim olacaq. Bunun üçün ali təhsil sistemi çalışmalıdır. Təəssüf ki, islahatlar hələ də orta məktəb səviyyəsindən o tərəfə qalxa bilməyib. Mən Emin müəllimin çıxışında daha çox ali təhsil müəssisələrində atılacaq addımlar, ixtisaslar, ixtisas uyğunluğu, diplomların tanınması və sair istiqamətlərdə problemlərin dilə gətirilməsini gözləyirdim. Təbii ki, onun çıxışı kifayət qədər anlaşılan idi, praqmatik və pozitiv idi, bunlar öz yerində . Ancaq biz daha fərqli məsələləri görmək istəyirdik. Müəllimlərin sosial vəziyyətinin daha yaxşı olması haqqında mesajlar gözləyirdik. Müəllimin nüfuzunun artırılmasından danışıldı, bu da ötən əsrdəki kimi, müəllim yemək yemir, çay içmir səviyyəsində olmamalıdır”.
Əsədov hesab edir ki, təshil islahatlarında nazirliyin kadr məsələsi də mühümdür: “Mikayıl Cabbarovun, Ceyhun Bayramovun öz komandası var idi, ancaq onlar getdikləri növbəti nazirliklərə həmin komandanı aparıblar. Gözləyirik ki, yeni nazirin də öz komandası formalaşsın. Ancaq bu proses çevik olmalıdır. Türkiyə və Avropa ölkələrində mobil qruplar operativ olaraq günün tələblərinə uyğun qərar qəbul edirlər. Biz təəssüf ki, bunu görə bilmirik. Qərar qəbulunda çeviklik olmalıdır.
Nazirin çıxışında qəbul imtahanlarına münasibət görmədim. Pandemiya dövründə abituriyentlər, xüsusən də rus bölməsinin şagirdləri çox əziyyət çəkiblər. Bu məsələyə münasibət görmədik. Digər tərəfdən, 6-dan çox icra başçısı rüşvətə görə tutulub və onların rüşvət aldıqlarının başında rayon təhsil şöbələri və məktəb direktorları dururdu. Bu sahədə heç bir cəza tədbiri görülmədi, direktorlar vəzifəsindən uzaqlaşdırılmadı. Nazirin çıxışı pozitiv və aydın olsa da, burada sırf təhsil sahəsində olan adam üçün yeni bir informasiya olmadı. Ümumi informasiyalar oldu. Dərsliklərin sadələşdirilməsi ilə bağlı ciddi bir fikir, proqnoz görmədik. Əgər nazirlik sistemində ciddi bir kadr islahatı aparılmayacaqsa, mən hər hansı islahat gözləmirəm".
Musa Qasımlı: “Bütün problemlərin həllini bir nəfərdən - nazirdən gözləmək düzgün olmazdı”
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, professor Musa Qasımlı da “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, təhsilin bütün problemlərinin həllini bir nazirdən gözləmək olmaz: “Heç şübhəsiz, müstəqillik illərində təhsilimiz böyük inkişaf yolu keçib. Yeni təhsil naziri ilə şəxsən görüşməmişəm. Yalnız bir neçə dəfə çıxışını dinləmişəm. Onun Real TV-dəki müsahibəsini də dinlədim. Belə təəssürat yaranır ki, təhsilin problemlərini və həlli yollarını bilən nazirimiz var. Ancaq təhsildəki bütün problemlərin həllini bir nəfərdən - nazirdən gözləmək düzgün olmazdı. Təhsilin çoxlu pillələrinin hər birinin özünəməxsusluqları mövcuddur. Konkret olaraq orta ümumi təhsil bir-biri ilə üzvi surətdə bağlı olan bir sistemdir: nazirlik, yerlərdə təhsil şöbələri, məktəblər (direktor, müavinlər, müəllimlər, şagirdlər), yerli hakimiyyət orqanları, ictimaiyyət. Təhsildəki işlər avtomobil mexanizminə bənzəyər: saz vəziyyətdə olan maşın dörd təkərindən biri işləməsə, hərəkət edə bilməz. Yəni əgər nazirlik normal işləyərsə, yerlərdə təhsil şöbələri, direktorlar, direktor müavinləri vəzifələrini yerinə yetirməzlərsə, müəllimlər can yandırmazlarsa, validyenlər, ictimaiyyət, yerli rəhbərlik məktəbə dəstək verməzsə işlər yürüməz. Bu gün ölkəmizdə ən ucqar dağ kəndlərində məktəblər tikilib istifadəyə verilib. Müvafiq maddi-texniki baza var. Təhsil işçilərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülür, mexanizmlər hazırlanır. Fikrimcə, təhsildə başlıca amil müəllimdir. Nazirliyin on minlərlə müəllimin sinifdə necə dərc keçməsinə nəzarət etmək imkanı varmı? Təbii ki, yoxdur. Ona görə də ilk növbədə, müəllim vicdanı və məktəb rəhbərliyinin təşkilatçılığı lazımdır. Məktəblər təhsildən uzaq olan şəxslərdən tədricən təmizlənməlidir. Dərsliklərin yazılmasında inhisarçılıq aradan qaldırılmalı, məzmun və poliqrafiya baxımından daim təkmilləşdirilməlidir”.