Rusiya 31 avqustda ölkədə fəaliyyət göstərən Slovakiya səfirliyinin 3 diplomatını deportasiya etmək qərarına gəlib. Bundan əvvəl isə Bratislava 3 rus diplomatı casusluq şübhəsi ilə ölkədən deportasiya edib. Bənzər hadisə Rusiya ilə Norveç arasında da baş verib.
Son vaxtlar müxtəlif xarici ölkələrdəki diplomatların qovulması, eləcə də casusluq ittihamları tez-tez hallanır.
Məsələ ilə bağlı “MediaPost”a danışan politoloq Qabil Hüseynli diplomatların qovulmasının dünya praktikasında istifadə edilən metod olduğunu söyləyib:
“Heç kimə sirr deyil ki, diplomatik korpusların tərkibində casusluq işləri ilə məşğul olan bir və ya bir neçə şəxs olur. Onlardan bəziləri hətta təmsil etdikləri ölkələrin informasiya agentliklərinin işçisi kimi də təqdim olunur. Bu daha çox böyük dövlətlərdə - Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və s. bu qəbildən olan ölkələrin diplomatik korpuslarının tərkibində olur. Sözsüz ki, hər bir dövlətdə həmin ölkəyə akreditə olunan diplomatların fəaliyyəti ciddi nəzarət altına alınır və casusluq üçün nəzərdə tutulan adamların müəyyənləşdirilməsinə böyük diqqət yetirilir. Bəzən elə olur ki, casusluq üçün müəyyən edilmiş adamlar diplomatik korpusun yerləşdiyi ölkənin əks-kəşfiyyat idarələri tərəfindən aşkarlanır, lakin onların “non-qrant” elan edilməsi baş vermir. Çünki daha həmin casusları iş başında yəni xüsusi agentura şəbəkəsi qurarkən və bu şəbəkənin üzvlərini casusluq edərkən iş başında yaxalamağa meyillidirlər. İstəyirlər ki, əllərində lazımi qədər dəlil və sübut materialları olsun. Bu nöqteyi-nəzərdən belə hadisələr daha çox ABŞ və Rusiya, Böyük Britaniya ilə Rusiya arasında, hətta Fransa ilə Rusiya arasında baş verir. Çünki bu ölkələr dünya gücü adlandırılır və onlar həm də bir-birindən sənaye casusluğu və yaxud da digər casusluqlar barədə məlumat əldə etməyə çalışırlar.
Casuslar bu məlumatı bir qayda olaraq oturduqları ölkənin vətəndaşları tərəfindən pul müqabilində həyata keçirməyə çalışırlar. Belə şəbəkələr bəzən aşkarlanaraq zərərsizləşdirilir. Daha sonra isə bu barədə ölkənin ali siyasi rəhbərliyinə məlumat verilir, onlar “non-qrant” elan olunur və ölkədən çıxarılır”.
Politoloq Rusiyanın Slovakiya diplomatlarını qovmaqla cavab addımı atdığını bildirib: “Bundan əvvəl Slovakiya öz ölkəsindəki Rusiya səfəriliyində bir neçə diplomatik korpusun əməkdaşlarını casus elan edərək ölkədən çıxarmışdı. Üstəlik, Slovakiya bəyan etmişdi ki, həmin ölkədən çıxarılan adamlar ölkədə qarışıqlıq yaratmaq, seçki ərəfəsində əhalini qızdırmaq və dövlət çevrilişinə cəhd kimi hərəkətlərdə ittiham olunublar. Rusiya indi özünün zərər dəymiş imicini bərpa etmək üçün əks tədbirlər görür və Slovakiya və Norveç diplomatlarını ölkədən çıxarır”.