“Rusiya Azərbaycanda mövqeyini möhkəmləndirmək istəyir”
“Azərbaycan mühüm bir dönəmdən keçir. Bu gün ölkəmiz üçün həm çox əhəmiyyətli, həm də təhlükəli bir məqamdır”
“Azərbaycan təkbaşına iş görməməlidir. Ona görə də türk ordusunun ölkəmizdə qalması bizim üçün həyati cəhətdən vacib məsələdir”
Ermənistanın iyul ayının 12-də Tovuzda törətdiyi təxribat ölkəmizi daha ciddi və qətiyyətli addımlar atmağa sövq etdi. Tovuz hadisələri xarici siyasətimizin də başqa yöndə dəyişməsinə şərait yaratdı. Lakin türk ordusunun Azərbaycanda yerləşdirilməsi bir çox qüvvələri təşvişə saldı. Birgə hərbi təlimlərin keçirilməsi, qardaş ölkənin dəstəyi separatçı rejimlə bərabər Rusiyanın da narahatlığına səbəb oldu.
Vəziyyəti şərh edən politoloq Cümşüd Nuriyev “Sherg.az”a bildirib ki, ölkəmizdə türk ordusunun yerləşməsi Azərbaycanla-Türkiyə arasında razılaşmaya uyğun olaraq hərbi təlimlərin keçirilməsi ilə bağlıdır.
Onun sözlərinə görə, hələlik türk ordusunun ölkəmizdə qalması Azərbaycan Ordusunun daha da təkmilləşməsinə xidmət edir:
“Türkiyə ATƏT-in həmsədr dövlətlərinin Azərbaycana qarşı ədalətsiz mövqeyini gördüyü üçün bilavasitə ölkəmizin yanındadır. Tək Türkiyə yox, Pakistan da bu məsələdə bizi dəstəkləyir. Hadisələrin gedişi göstərir ki, məsələlərin bu şəkildə olması Azərbaycanın xeyrinədir”.
C.Nuriyev qeyd edib ki, Azərbaycan ordusuna hazırlıq tapşırıqlarının verilməsi hələ müharibənin başlanması demək deyil:
“Azərbaycan bu dəqiqə mühüm bir dönəmdən keçir. Bu gün ölkəmiz üçün həm çox əhəmiyyətli, həm də təhlükəli bir məqamdır. Azərbaycanı istəməyən qüvvələr var. Xüsusilə Rusiya Azərbaycanda mövqeyini möhkəmləndirmək istəyir. Bölgədə İranın da öz maraqları var. Tarixi səhvimiz budur ki, qonaq statusunda qəbul etdiyimiz ermənilər bizə arxadan zərbə vurublar”.
Analitik vurğulayıb ki, Rusiyanın Qafqazda siyasətini ermənilər həyata keçirir:
“Bütün hallarda müharibə etsək belə, Azərbaycan təkbaşına iş görməməlidir. Ona görə də türk ordusunun ölkəmizdə qalması bizim üçün həyati cəhətdən vacib məsələdir. Necə ki yüz il bundan qabaq Türkiyə Azərbaycanı ermənilərdən təmizləməşdi.
Bu gün də Türkiyə ordusu həmin missiyanı yerinə yetirməlidir. İnanıram ki, türk ordusunun Azərbaycanda qalması tezliklə ərazi bütövlüyümüzün bərpası ilə nəticələnəcək”.