"Bir dövlətin başqa bir dövlətin ərazilərini işğal etdikdən sonra həmin ərazilərdən yerli əhalini deportasiya etməsi, həmçinin başqa əhali hesabına həmin ərazilərdə məskunlaşdırması beynəlxalq humanitar hüququn prinsiplərinə ziddir və bu müharibə cinayətləri koteqoriyasına aiddir ki, bu da məsələnin hüquqi tərəfidir. Digər tərəfdən Ermənistan hazırda işğal olunmuş əraziləri öz əhalisi hesabına məskunlaşdırmaq imkanına malik deyil".
Bunu SİA-ya açıqlamasında siyasi ekspert Sahib Məmmədov deyib.
Ekspert bildirib ki, ermənilər orada bir-iki yol çəkməklə görüntü yaratmaq istəyir: "Kəlbəcər kimi bir ərazinin bütün infrastrukturunun işləməsi üçün təxmini 70 min əhali lazımdır. Ermənistanın öz ərazisində isə əhali günü-gündən azalmağa davam edir. Bunlar da bu cür fürsətdən istifadə edərək başqa ərazilərdə olan erməniləri Qarabağ ərazisində məskunlaşdırmağa cəhd edirlər. Təbii ki, istədikləri sayda erməni tapa bilməsələr də, qismən buna nail olurlar. İndi də Livanda siyasi-iqtisadi katakilizmlər tez-tez yaşanır, indi də texnogen bir qəza baş verib və bunun nəticəsində orada çətin vəziyyətə düşən erməniləri xaricdə yaşayan ermənilərin maliyyə dəstəklərilə şirnikləşdirici vədlər verib Qarabağ ərazisinə köçürmək istəyirlər".
S.Məmmədov vurğulayıb ki, bütün bunlar bir daha göstərir ki, Ermənistanın işğalçı niyyətindən əl çəkmək fikri yoxdur: "Sülh danışıqları ermənilər üçün vaxt uzatmaqdan başqa bir şey deyil. Ölkədən kənarda yaşayan ermənilər müəyyən qədər bu vədlərə inanırlar, lakin Ermənistan ərazisində yaşayan ermənilər isə Qarabağa köçmək istəmirlər. Xüsusilə Aprel döyüşlərindən sonra işğal olunmuş torpaqlarda məskunlaşan ermənilər anladılar ki, heç də orada rahat yaşaya bilməyəcəklər. Onlar yaxşı bilirlər ki, intensiv döyüşlər başlasa və Azərbaycan öz ərazilərini işğaldan azad etmək planını tətbiq etsə, mülkü əhali döyüş zonasında qalacaq. Qondarma rejimin aldadıcı vədlərlə ora erməniləri cəlb etməyə çalışması sadəcə olaraq hərbi cinayətdir".