İrəvan savaşa hazırlaşır: Kremlin istəmədiyi ssenari...

SİYASƏT
20:10 / 03.09.2020
1168

Qarşıdan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin növbəti görüşü gəlir. Bu görüş artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin taleyini həll edə bilər. Görüşün nəticəsi tərəfləri ya danışıqlara davam edib mövcud vəziyyətlə razılaşmağa, ya da bir dəfəlik lokal müharibəyə gətirib çıxaracaq.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən son hadisələri şərh edərkən deyib.

O bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın, Müdafiə naziri David Tonoyanın, daha sonra isə Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə səfər etməsi rəsmi İrəvanın müharibəyə hazırlaşmasından xəbər verir:

“Bu şəxslərin Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə səfər etməsi, separatçıların lideri Araik Arutyunyanla birlikdə döyüş mövqelərinə baş çəkməsi adi hadisə deyil. Real müstəvidə biz Ermənistanın hərbi aktivliyini müşahidə edirik. Faktiki olaraq həm Azərbaycan, həm də Ermənistan lokal müharibəyə hazırlaşır. Düzdür, danışıqlar prosesi dayandırılmayıb, davam edir, lakin mövcud vəziyyət müharibə ssenarisinin daha real olduğunu göstərir.

İstənilən halda Ermənistanın lokal bir müharibə zamanı hücum istiqaməti bəllidir. Bu mənada rəsmi səfərlər son günlər daha sıx edilir. Rəsmi İrəvan Dağlıq Qarabağı özünün işğalçı niyyətləri üçün qalxan etmək istəyir. Onu da deyim ki, Ermənistanın Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətində olması artıq heç kəsə sirr deyil. Bu mənada deyə bilərəm ki, rəsmi səfərlər lokal müharibə zamanı Dağlıq Qarabağın nə qədər tab gətirəcəyini ölçmək üçün yerində təhlil mahiyyəti daşıyır”.

Politoloq deyib ki, Ermənistan Rusiyanı seçim qarşısında qoymaq istəyir:

“Bir çoxları Cənubi Qafqazda baş verən son hadisələri Rusiyanın Ermənistanı Azərbaycanla müharibəyə təhrik etməsi kimi şərh edir. Halbuki vəziyyət tam tərsinədir. Rusiya iki ölkə qarşısında seçim etmək istəmir. Çünki hər iki ölkə ilə sıx əməkdaşlığı, yaxın münasibətləri var. Digər tərəfdən Rusiya Ermənistana tam mənasında güvənmir. Rəsmi İrəvanın bu gün Azərbaycanla təkbətək müharibə etmək potensialı yoxdur. Heç kəsə sirr deyil ki, belə bir vəziyyətdə rəsmi Bakı təkcə Dağlıq Qarabağla yetinməyəcək. Bununla belə, Ermənistan böyük riskə getməyə hazırdır.

Ermənistanın gərginliyi artırması lokal müharibənin başlamasına gətirib çıxaracaq. Bu zaman isə gec-tez Rusiya bir seçim etməlidir. Rusiyanın konkret kimi seçəcəyini demək çətindir. Rəsmi Moskva Ermənistanı seçsə, bu zaman qarşısına təkcə Azərbaycanı deyil, Türkiyəni də almalı olacaq. Bu isə Rusiyanın arzulamadığı bir ssenaridir”.

0