Hüseynbala Səlimov
Birləşmiş Ərəb Əmirliklərinin ardınca daha bir ərəb ölkəsi, bu dəfə Bəhreyn İsraillə qarşılıqlı tanınma və diplomatik nümayəndəliklərin açılması ilə bağlı müqavilə bağlamaq əzmindədir.
Bəli, həqiqətən də çox diqqətəlayiq hadisələrdir. Əsassız siyasi radikalizm, bəzən isə açıq siyasi paranoya artıq Yaxın Şərqin siyasi müstəvisindən tədricən çəkilməkdədir.
Ərəb ölkələri özləri də tədricən qəbul etməyə başlayırlar ki, bütün reallıqların inkarına yönəlmiş siyasət, siyasi nihilizm və anti-semitizm, hətta ərəb millətçiliyinin "zirvəi” sayılan panərəbizm belə yaxşı heç nə gətirmir və vəd etmir.
Demək olar ki, yarım əsrdən artıq bir müddətdə ərəb dövlətləri regionda İsrail kimi bir dövlətin olması faktını belə qəbul etmədilər, bu ölkə ilə siyasi və diplomatik vektorlar qurmadılar, amma növbəti əsrdə anlamağa başladılar ki, istənilən möhkəm və dayanıqlı sülh ilk növbədə qarşılıqlı hörmət və tanınma üzərində bərqərar olur.
Belədə isə yəhudilər çox dinc və kreativ insanlardır və onlarla əməkdaşlıqdan istənilən ölkə və ya xalq yalnız qazana bilər. Əlbəttə ki, ortodoks ərəblər həyəcan təbili çalacaq ki, bəs Ərəb Əmirlikləri və Bəhreyn ərəb, hətta müsəlman dünyasının, ümumiyyətlə, bütün İslam aləminin maraqlarını satır və yaxud da nəzərə almırlar və bunu onunla əsaslandırmağa çalışacaqlar ki, indiyədək bir çox müsəlman ziyarətgahları, məbədləri İsrailin nəzarəti altında qalıb və misal kimi də əl-Əqsa məscidini göstərəcəklər.
Bizim qətiyyən ortodoks ərəblərin "arqumentlər”inin mahiyyətinə varmaq fikrimiz yoxdur, çünki əgər səhv etmiriksə, bütün monoteist dinlər – iudaizm, xristianlıq və islam bəzən ibrahimi (Avraam və ya İbrahim peyğəmbərin adı ilə) dinləri adlandırılır və bir daha qeyd edir və xatırladırıq ki, bu dinlər öz köklərini İbrahim peyğəmbərdən götürürlər...
Bu isə o deməkdir ki, prinsipcə, bu üç möhtəşəm dini böyük bir gövdənin budaqları hesab etmək olar və onda qəbul etmək daha asan olar ki, bir vaxt onların müqəddəs ziyarətgahları və məbədləri də eyni olubdur. Buradan belə nəticə hasil olur ki, yəhudilər də bizim bəzi müqəddəs ünvanlarımıza iddia edə bilərlər, amma bizə məlum olduğu qədər, onlar bunu etmirlər.
Hətta bunlar da hələ hamısı deyil. Məsələn, əl-Əqsa məscidi və xristianlıq məbədlərilə ilə bağlı onu demək olar ki, onlar öz statuslarını digər ölkələr də Yerusəlimi İsrailin vahid və bölünməz paytaxtı kimi tanıyandan sonra da saxlayacaqlar. Düşünürük ki, bu məqam da uzaq gələcəyin məsələsi deyil – yox, son proseslər göstərir ki, tədricən ərəb ölkələri də məsələnin belə qoyuluşunu qəbul edir, çünki nə Ərəb Əmirlikləri, nə də Bəhreynlə bağlı danışıqlarda Yerusəlimlə bağlı ayrıca punkt və yaxud da maddə yoxdur…
Yaxın Şərq regionu Dünyanın çox mozaik bir bölgəsidir. Burada hər hansı bir problem haqqında saatlarla danışmaq və yaxud da böyük məqalələr yazmaq olardı. Amma bizim məqsədimiz tamamilə fərqlidir.
Artıq biz də dəfələrlə yazmışıq ki, ərəb dünyasındakı son pozitiv dəyişmələr bizim diplomatiya qarşısında da yeni vəzifələr qoyur. Söhbət İsraildə Azərbaycan səfirliyinin açılmasından gedir.
Niyə görəsə biz azərbaycanlılar ya xroniki olaraq gecikir, ya da ki, tələsirik. Bizim bu xüsusiyyətimiz haqqında hələ böyük Üzeyir Hacıbəyli yazmışdı. Məsələ bundadır ki, başqa xalqlar nəsə bir iş görəndə, bir qayda olaraq, biz gecikirik. Başa düşəndə, anlayanda ki, bu nəsəni biz də etməliyik, başlayırıq özümüzü ora-bura vurmağa, tələsməyə və vurnuxmağa. Amma təəssüf... Bir xeyli vurnuxandan sonra anlayırıq ki, bəli, qatar artıq gedibdi.
Amma İsraildə səfirlik açmaqla bağlı şanslar hələ tamam əldən verilməyibdir. İsrailin Azərbaycandakı səfirliyi 1992-ci ildən fəaliyyətdədir. Bu müddət ərzində iki ölkə arasında çox sıx münasibətlər yaranıb, amma formal olaraq asimmetriya qalır. Belə ki, bizim İsraildə hələ səfirliyimiz yoxdur.
İndiyədək "səbəb”lər çox deyilibdir. Əgər 90 - cı illərin əvvəllərində əsas səbəb kimi maliyyə məsələləri göstərilirdisə, indi bununla insanları yalnız güldürmək olar, çünki çox şükr Allaha ki, ölkəmiz elə bir maliyyə problemi yaşamır.
Hazırda belə hesab olunur ki, bəli, Bakı müsəlman ölkələrinin və xüsusən də İranın təzyiqindən ehtiyat edir. Ərəb ölkələrindən ehtiyatlanmağa dəyməz, çünki onlar artıq özləri də İsraillə münasibətlər qururlar. Əlbəttə, proses xeyli mürəkkəbdir. Amma məsəl var, deyirlər ki, çətini bir işi başlamaqdır...
İrana gəldikdə isə, ona Ermənistanın ehtiyacı daha çoxdur, nəinki Azərbaycanın. Deyirdilər ki, Tehran dəfələrlə İrəvanı da xəbərdar etmişdi ki, İsraillə münasibətlərdə çox da dərinə getməsin. Amma İrəvan artıq İsraildə səfirliyini açıbdır. Buna görə Tehran nəsə edə bildimi? Deyilənə görə, Ermənistanın Tehrandakı səfirliyi qarşısında bir - iki aksiya təşkil etməkdən o yana gedə bilmədilər. Ona görə də düşünmək lazım deyil ki, Tehranın sərəncamında Bakıya qarşı daha kəsərli vasitə və üsullar var, yox, narahat olmayın, heç bir üsul - filan yoxdur...