Azərbaycanda iki universitet birləşdirilir? - Ekspert

SİYASƏT
19:02 / 07.09.2020
1478

Son zamanlar Bakı Slavyan Universiteti ləğv edilib, əvəzində türkdilli ölkələrlə bağlı universitetin yaradılması və yaxud BSU-nun Azərbaycan Dillər Universitetinə birləşdirilməsi ilə bağlı məsələ yenidən müzakirəyə çevrilib. Bir çoxları hesab edir ki, xüsusilə hazırkı siyasi münasibətlər fonunda BSU-nun saxlanılmasına heç bir ehtiyac yoxdur.

Məsələ ilə bağlı Axar.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, BSU-nun dövlət universiteti statusunda fəaliyyət göstərməsi effektiv deyil:

“Eyni ixtisaslar həm ADU, həm də BSU-da tədris olunur. Düzdür, BSU-nun slavyan ölkələri ilə strateji tərəfdaşlığı var. Bu, bizim beynəlxalq əlaqələrimizin mühüm tərkib hissəsidir. Mütləq şəkildə xüsusi kadrlar hazırlanmalıdır, amma bunun üçün ayrıca ali təhsil müəssisəsinə ehtiyac yoxdur. Yəni BSU-nun ləğv edilməsi həmin sahələr üzrə spesifik kadrlar hazırlanmayacağı anlamına gəlmir.

BSU-da kadrlar əsasən rus dili müəllimliyi üzrə hazırlanır. Bu ixtisas başqa universitetlərdə yoxdur. Amma ingilis, fransız və alman dili müəllimliyi üzrə ixtisaslar var. Yəni universitet öz profili ilə bərabər, başqa profilli ixtisaslar da hazırlayır. Misal üçün beynəlxalq münasibətlər.

Bu təhsil müəssisəsində regionşünaslıq ixtisası var. Bura rusiyaşünaslıq və belarusşünaslıq da daxildir.

Hesab edirəm ki, BSU-nun dövlət universiteti statusunda fəaliyyət göstərməsi effektiv deyil. BSU və ADU-nun hər ikisi daha çox dilçilik ixtisası üzrə kadr hazırladığına görə birləşdirilməsi labüddür. Nəzərə alsaq ki, onların hər ikisinin əsas inzibati binası bir-birinə bitişikdir, belə olan halda birləşdirilməsi də çətinlik yaratmayacaq. Yəni burda hansısa elmi, yaxud əmək bazarı üçün kadr potensialı itkisi mümkün deyil. Ya bunlar birləşdirilməli, ya da Slavyan Universiteti publik hüquqi şəxs olaraq özəl status almalıdır ki, ən azından dövlət büdcəsindən maliyyələşmə kəsilsin, dövlətin yükü azalsın. Bu universitetlər birləşdirilsə, təhsil hər hansı bir itkiyə məruz qalmayacaq”.

Ekspert bildirib ki, bu məsələ həmişə aktual olub və universitetlərin birləşdirilməsi hər an baş verə bilər.

2