Rayonlar “kiçik padşahlar"dan alınır? - Bələdiyyələrin səlahiyyəti artırıla bilər

SİYASƏT
11:27 / 19.05.2020
1587

Son aylarda Dövlət Təhlükəsizlik Xidmətinin(DTX) rayon icra hakimiyyətlərində apardığı əməliyyatlar, icra başçılarının qanunazidd əməllərini ortaya qoydu.

Xalqı narazı salan bəzi icra başçıları şəxsi maraqları üçün rayon sakinlərinin torpaqlarını qəsb edib, talançılıqla məşğul olub, rüşvət toplayıblar. Hələ bunlar azmış kimi, dövlətin ağır zamanda vətəndaşa dəstək məqsədi ilə ayırdığı 190 manat yardıma da göz tikiblər. Sanki rüşvət almaq icra başçılarında bir aslılığa çevrilib. Bir sıra İcra Hakimiyyəti başçılarının talançı əməllərindən bezmiş cəmiyyətin bir qismi bu vəzifələrin tamamilə ləğvini, digəri qisim isə səlahiyyətlərinin məhdudlaşdırılmasını vacib sayır.

Maraqlıdır, icra başçılarının bu qanunazidd əməllərinin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Milli Məclisin üzvü Fazil Mustafa “Cümhuriyət”- ə açıqlamasında deyib ki, bu qanunsuzluqların qarşısını almaq üçün rayonlarda bələdiyyələrin və məhkəmələrin müstəqilliyi təmin olunmalıdır:
“İcra başçılarının səlahiyyətlərinin azaldılmasının bir mənası yoxdur. Bələdiyyələrin funksiyasının artırılması və keyfiyyətlərinin yüksəldilməsi vacibdir. Bir də hüquq-mühafizə orqanlarının sərbəstliyini və qanuna tabe olmasını təmin etmək lazımdır. Bu faktor olmasa, icra başçılarının səlahiyyətlərinin az və ya çox olmasının heç bir önəmi qalmayacaq. Çünki onlar yenə də rayonlarda öz bildiklərini edəcəklər. Çünki icra başçıları bir çox məsələləri qanuni deyil, qeyri-qanuni şəkildə həyata keçirir. Başçının əlində səlahiyyət var və o, bu səlahiyyətdən sui-istifadə edərkən heç kim konfliktə getmək istəmir, müəyyən şəkildə razı olur ki, problem yaşamasın. Ona görə də bu məsələləri bir az fərqli kontekstdə həll etmək lazımdır. Əks halda, bu məsələ yenə də özü ilə bərabər problemləri daşıyacaq. Ona görə də hesab edirəm ki, rayonlarda bələdiyyələrin və məhkəmələrin müstəqilliyi təmin olunmalıdır”.

Fazil Mustafa, icra başçısı vəzifəsinin ləğv edilməsi fikrinə də münasibət bildirib:
“Fikrimcə indi belə bir dəyişikliyə gedilməsi, yəni icra başçısı vəzifəsinin ləğv edilməsi anlamsız olar. Buna o zaman hazırlıq gedə bilərdi ki, bələdiyyələr güclü olardı. Ondan sonra icra hakimiyyətləri rayonun idarə olunmasında Türkiyədəki kimi valilik modelində bir idarəetməyə çevrilərdi. Faktiki olaraq bizdə bunu təmin etmək mümkün deyil. Çünki bir boşluq yarana bilər. Ona görə də ləğv etmək əvəzinə qanuni çərçivəyə salmaq daha məqsədəuyğundur”.

Məsələyə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da münasibət bildirib. O, icra başçısı vəzifəsinin ləğv olunması fikrinin əleyhinə olduğunu deyib:
“Sistemi ləğv etmək yox, onu sağlamlaşdırmaq lazımdır. Sistemdə bir nəfərin rüşvət almasına görə onu ləğv etmək," taxtabitini öldürmək üçün evi yandırmağa" bənzəyir. Mənə elə gəlir ki, doğru addım ölkədə korrupsionerlərə qarşı deyil, korrupsiya ilə qəti mübarizədir. Korrupsiyanı da yaradan əsas səbəblər, ictimai nəzarətin yoxluğu, məmurların cinayətləri ilə bağlı cəza tədbirlərinin çox yumşaq olması, və s.-dir. Siyasi müxalifəti dövlətin və cəmiyyətin həyatından kənarda saxlamaq olmaz. Vəkillər kollegiyasında belə, müstəqil fikir söyləyən hüquq müdafiəçisi yoxdur. Əgər korrupsiya ilə deyil, korrupsionerlə mübarizə aparılacaqsa, bu heç nəyi dəyişməyəcək. Çünki bir korrusioner gedəcək, yerinə başqası gələcək. Korrupsiyanı yaradan ilk səbəblərdən biri də bir nəfərin uzun müddət tutduğu vəzifədə qalmasıdır. 30 il də nazir və ya komitə sədri olar?”

Sərdar Cəlaloğlu hesab edir ki, məmurlara verilən cəzalar onları islah etməyəcək:
“İndi dövlətə 5 milyard ziyan vuran adama 5 il iş verirlər. Oğurlanmış pullar qaytarılmır və korrupsiya kompensasiya olunmur. Yüngül cəzalar cinayətkarlığın qarşısını almır. İnsanlar düşünür ki, gedim vəzifədə işləyim və 30 milyon pul oğurlayım, qoy mənə 10 il iş versinlər. Oğurlayan bilsə ki, əməlinə görə onu güllələyərlər və ya ən ağır cəza verərlər, əsla o işi tutmaz. Allah “Qurani Kərim”də peyğəmbərə deyir ki, “Ya peyğəmbər, əgər sən günah edərsənsə, sənə ikiqat cəza verərəm”. Halbuki, adi insanlar haqqında deyilir ki, “Kimsənin cəzası nə artırılacaq, nə də əskildiləcək”. Çünki peyğəmbər adi insandan fərqli olaraq Allahın qanunlarını gözəl bilir. Eləcə də məmurlar qanunları konstitutsiyanı vətəndaşlardan gözəl bilirlər. Amma onlara verilən cəza ilə sanki istirahətə göndərilirlər”.

0