Azərbaycan ictimai fikrinin tanınmış simalarından olan Əhməd bəy Ağaoğlunun Azərbaycan ədəbi və siyasi həyatında əvəzedilməz rolu olub. Bu gün Azərbaycan ədəbi və eləcə də siyasi tarixində Əhməd bəyin anım günü kimi tarixə həkk olunub.
Məlumdur ki, ötən ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 10-da imzaladığı "Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamı çərçivəsində ölkəmizdə müxtəlif konfranslar, simpoziumlar təşkil edilib. Onun Azərbaycan ictimai- siyasi həyatından bəhs edən "Mən kiməm", "İran və inqilabı", "Könülsüz olmaz", "İxtilalmı, inqilabmı?", "Sərbəst insanlar ölkəsində", "Tanrı dağında", "İngiltərə və Hindistan", "Dövlət və fərd", "Üç mədəniyyət" kimi dəyərli əsərləri ədəbiyyatımıza töhvədir.
Əhməd bəy Mirzə Həsən oğlu Ağayev 1869-cu ilin dekabr ayında Şuşa şəhərində dünyaya göz açıb. Atası Qarabağın Qurdlareli tayfasından Mirzə Həsən bəy, anası Sarıcalı tayfasından Tazə xanım olub. Əhməd bəyin babası Mirzə İbrahim Şuşanın məşhur alimlərindən sayılırdı. Əvvəlcə Şuşada, ardınca Tiflisdə liseyi bitirən Əhməd bəy Ağaoğlu 1887-ci ilin avqustunda ali təhsil üçün Sankt-Peterburqa yollanıb. Orada bütün imtahanları uğurla versə də, cəbr müəllimi onu yəhudi hesab etdiyi üçün qiymətini kəsir və haqsızlıq nəticəsində Texnologiya İnstitutuna qəbul oluna bilmir. O bu hadisədən sonra təhsilini Rusiyada deyil, Parisdə davam etdirmək qərarına gəlir. Bir müddət sonra Parisin Sorbonna Universiteti yanında Paris Hüquq Məktəbinin tələbəsi olur. Parisdə təhsilini başa vuran Əhməd bəy 1894-cü ildə İstanbula yollanır. Bir müddət sonra isə Tbilisiyə köçərək gimnaziyada fransız dilini tədris etməyə başlayır. 1896-cı ildə isə doğma Şuşa Real məktəbinə fransız dili müəllimi təyin olunur.
Paris və İstanbuldan sonra o, ömrünün üç ilini doğma Şuşada keçirib. Ədibin ən böyük fəaaliyyəti həmyerlilərini birləşdirməyə, onların milli şüurunu oyatmağa çalışmaqla olur. Parisdə təhsil görmüş, Avropa mədəniyyətini mənimsəmiş Əhməd bəy Şuşada müəllimlik etdiyi dövrdə uşaqların dünyəvi təhsilə marağını artırmağa çalışır, həmçinin dini mövhumata qarşı da ciddi mübarizə aparır. Həmin vaxt yerli əhali onu "Firəng Əhməd" deyə tanıyır.
1897-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Əhməd bəy Bakıya köçüb və "Kaspi" qəzetinin əsas müəlliflərindən biri və redaktoru olaraq fəaliyyət göstərir. Bu dövrdə Əlimərdan bəy Topçubaşovla sıx əməkdaşlıq edib. Jurnalistika ilə yanaşı, müəllimlik fəaliyyətini də davam etdirən Əhməd bəy Bakı məktəblərindən birində fransız dilinin tədrisi ilə də məşğul olur.
Ədibin ilk kitabı olan "İslama görə və islamda qadın" 1901-ci ildə, rus dilində Gürcüstanda, Tbilisidə işıq üzü görüb. O 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin maliyyələşdirdiyi "Həyat" qəzetini Əli bəy Hüseynzadə ilə birgə buraxmağa başlayıb. Daha sonra Əhməd bəy 1906-cı ildə "İrşad" qəzetini, bir il sonra isə rus dilində "Tərəqqi" qəzetini nəşr etdirib.
Əhməd bəyin ən böyük maarifpərvər , eləcə də vətənpərvər işlərindən biri 1905-ci ildə ermənilərin "Daşnaksutyun" terror təşkilatına qarşı etirazı, müsəlmanların müdafiəsi ilə bağlı etdiyi çıxışı olub. Belə ki, o sözügedən mənfur təşkilatın Azərbaycan xalqına qarşı amansız divan tutmasından və Rusiya imperiyasının buna biganəliyindən hiddətlənərək Sankt-Peterburqa gedərək müsəlmanların müdafiəsi üçün çıxış edib. Bu zaman imperiya məmurlarının ermənipərəst mövqeyini görən ədib daha da hiddətlənərək Bakıya qayıdıb.
Danışıqların fayda vermədiyini görən Əhməd bəy ermənilərə qarşı əks təşkilat yaratmağı, onlara onların öz üsulları ilə cavab verməyi qərara alır. Bu məqsədlə də 1906-cı ilin oktyabrında gizli "Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi" – "Difai"ni yaradır. "Difai"nin qurulmasında əsas məqsəd azərbaycanlıları ermənilərin hücumundan, eləcə də çar məmurlarının zülmündən qorumaq idi. Uğurla fəaliyyət göstərən "Difai" təşkilatı tezliklə ermənilərin və Rusiya imperiyasının əsas hədəfinə çevrilir. Əhməd bəyin Azərbaycan xalqı üçün ermənilərə qarşı apardığı mübarizə onun İstanbula gedişindən sonra da davam edir. Türkiyədə olduğu müddətdə demokratik fikrin oyanmasında mütəfəkkirin əsaslı rolu olur. O həmçinin bir neçə vəzifədə işləməklə, sosial və siyasi həyatın da fəallarından birinə çevrilir. 1911-1912-ci illərdə İstanbul Universitetində "Türk mədəniyyəti tarixi" kafedrasının müdiri vəzifəsində fəliyyət göstərib.
1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması nə qədər qürürverici olsa da, həmin illərdə bolşeviklərin dəstəyi ilə erməni daşnakları respublikamızın bir çox bölgəsini, eləcə də Bakını işğal edib azərbaycanlıları qəddarcasına qırmaqda idilər. Əhməd bəy Qafqaz İslam Ordusu ilə birgə Bakının xilası üçün yollanıb. Bakı işğaldan azad edildikdən sonra Vətəndə qalan Əhməd bəy Ağaoğlu 1918-ci ilin dekabrında yaradılan Azərbaycan parlamentinə Qarabağdan millət vəkili seçilib.
1939-cu il mayın 19-da Əhməd bəy Ağaoğlu İstanbulda vəfat edib.