Biz bu məruzəni kafi qiymətləndirə bilərik. Doğrudan da insan alverinə qarşı mübarizə istiqamətində ciddi işlər görülür. Mən sadəcə olaraq bir neçə məsələni hörmətli Seyfulla müəllimin nəzərinə çatdırmaq istərdim.
Bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı haqqında danışarkən deyib.
Q. Həsənquliyev bildirib ki, Daxili İşlər naziri hörmətli Vilayət Eyvazov nazir müavini olduğu zaman ona telefon açaraq bildirib ki, məktəblərin ətrafında şagirdlərə sulu qəlyan çəkilməsinə şərait yaradılır:
“Bundan sonra həqiqətən də məsələyə ciddi yanaşıldı, reydlər keçirildi. Sonradan mətbuatda oxudum ki, çoxlu sayda kafe sahibləri qanunvericiliyə uyğun olaraq cəzalandırılıb”.
Deputat əlavə edib ki, uzun müddətdir məsələ qaldırır ki, Reklam haqqında qanun pozulur, məktəblərin ətrafında tütün məmulatları satılır: “Bununla bağlı Baş prokurora, Dövlət Reklam Agentliyinə sorğular göndərdim. İndi də məsələni Daxili İşlər Nazirliyi qarşısında qaldırıram. Siz də küçələrdən keçərkən görürsünüz ki, köşklərdə şüşə arxasında rahat formada tütün məmulatları satılır. Siz deyə bilərsiniz ki, bu məsələnin insan alverinə qarşı mübarizəyə nə aidiyyəti var. Fikrimcə, birbaşa əlaqəlidir. Siz, cinsi istismara məruz qalan qızların həyatına diqqət etsəniz görərziniz ki, onlar məktəbli olduğu zaman siqaret çəkməyə, narkotikdən istifadəyə cəlb edilən şəxslərdir. Seyfulla müəllim, bu cinayətlərin profilaktikasından danışdı. Həqqiqətən bu istiqamətdə böyük işlər görülür. Amma ən mühüm işlərdən biri budur. Hazırda korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Amma çalışmalıyıq elə görüntü yaranmamalıdır ki, məsləhət bilindiyi halda qanunları tətbiq edirik. Başqa vaxt isə tətbiq etmirik. Dəfələrlə mən, Qənirə xanım, digər həmkarlarım burada məsələ qaldırmışıq ki, məktəblərin yanında tütün məmulatları satılır. Amma bu istiqamətdə heç bir tədbir görülmür. Çox istərdim ki, özünüzün tədbir gömək imkanınız olmasa da, bu məsələni cənab prezidentə, hörmətli Mehriban xanıma çatdırasınız, bəlkə onlar bu istiqamətdə tapşırıqlar verər”.
Qüdrət Həsənquliyev daha sonra bildirib ki, cari məsələlərin müzakirəsi zamanı çıxışa yazılmağı çatdırmadığı üçün bir vacib məsələni qaldırmaq niyyətindədir: “Mən güc strukturlarının birgə fəaliyyət göstərdiyini bilirəm və ona görə də bu məqama toxunuram. Bilirik ki, hazırda Müdafiə Nazirili tərəfindən bütün qoşun birləşmələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Və bu Ermənistanda ciddi həyacan yaradıb. Amma bundan əvvəlki təlimlər zamanı da biz gördük ki, təlimlər haqqında mətbuata yalnız o görüntülər verilir ki, hərbi avtomobillər, texnika sıra ilə hərəkət edir. Ancaq biz onsuz da, həmin texnikanın sıra ilə hərəkət etməsini cənab prezidentin iştirakı ilə paradlar da görürük. Bizə lazımdır ki, müasir texnikadan bizim zabitlərin necə istifadə edildiyini, hədəflərin peşəkarcasına vurulmasının görüntüsü yaradılsın. Bunun ermənilərə təsiri daha geniş ola bilər. Hesab edirəm ki, bu fikirlərim nəzərə alınacaq”.