“Qarabağa köçürülən ermənilər orada rahat yaşaya bilməyəcəklərini dərk etməlidirlər” - Partiya sədri

SİYASƏT
20:52 / 12.09.2020
738

“Ermənilər bu siyasətin həyata keçirilməsində yenə də öz himayədarlarına arxalanırlar”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Ermənistan hökumətinin Livan erməniləri Azərbaycanın işğal olunmuş torpaqlarında məskunlaşdırmaq siyasətinə qarşı təsirli addımlar atılmasının vacibliyini qeyd edən Təkamül Partiyasının sədri Teyyub Qənioğlu səsləndirib.

Teyyub Qənioğlunun sözlərinə görə, Ermənistanın işğal altındakı Dağlıq Qarabağda həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasətinin qarşısını almaq üçün yalnız bəyanatlar verməklə kifayətlənməməli, qəti mövqe ortaya qoyulmalıdır:

“Ermənilər çox fürsətcildirlər və hər situasiyadan öz xeyirləri üçün istifadə etməyə çalışırlar. Xatırladım ki, ermənilər 1978-ci ildə Qarabağa köçürülmələrinin yüz əlli illiyinə aid bir abidə ucaltmışdılar. Onlar bununla özlərinin Qarabağın köklü sakinləri olmadıqlarını və buraya başqa yerlərdən köçürüldüklərini etiraf edirdilər. Bir müddətdən sonra Qarabağın “erməni torpağı” olduğunu və özlərinin burada “qədim dövrlər”dən bəri yaşadıqlarını iddia etməyə başladılar.

Bu gün də fürsətdən istifadə edib Suriya və Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürürlər. Əlbəttə, ermənilərin məqsədi bəllidir. Əgər torpaqlarımızın azad edilməsi prosesi uzansa, ermənilər Qubadlı, Zəngilan və işğal olunmuş digər ərazilərimizi də “əzəli erməni torpaqları” adlandıracaqlar.

Onlar bu istiqamətdə çox məkrli və planlı şəkildə hərəkət edirlər. Tarixi abidələrimizi məhv edirlər, bunların yerinə guya ermənilərə aid olan “qədim” əşyalar yerləşdirir, beş-on ildən sonra isə o “tapıntı”ları üzə çıxarıb, təbliğat aparırlar.

Bu cəhdlərin qarşısı qətiyyətlə alınmalıdır. Həm də bəyanatlarla, Ermənistanın işğalçılıq siyasətini sözdə pisləməklə, bu davranışların beynəlxalq hüquqa zidd olduğunu söyləməklə iş bitməməlidir. Qəti şəkildə bəyan etmək lazımdır ki, torpaqlarımızın istər sülh, istərsə də hərb yolu ilə azad ediləcəyi təqdirdə, 1990-cı ildən sonra Qarabağa köçürülmüş bütün ermənilər heç bir kompensasiya ödənilmədən deportasiya olunacaqlar. Bunu açıq şəkildə, özü də Xarici İşlər Nazirliyi səviyyəsində bəyan etmək lazımdır.

Ermənilər bu siyasətin həyata keçirilməsində yenə də öz himayədarlarına arxalanırlar. Əgər arxayın olmasalar, bu cür hərəkətlərə yol verməzlər. Rusiyanın birbaşa dəstəyi və iştirakı ilə ərazilərimizi işğal edən ermənilər onun himayəsilə də torpaqlarımızı işğal altında saxlayırlar.

Yaranmış vəziyyət onu diqtə edir ki, biz ciddi şəkildə müharibəyə hazırlaşmalıyıq. Ancaq bunun üçün müxtəlif dövlət strukturlarında özlərinə yer etmiş “5-ci kolon” təmsilçilərini tamamilə ifşa etmək və onları zərərsizləşdirmək lazımdır. Bu işlər mütləq görülməlidir. Son hadisələr də bu istiqamətdə prosesə start verildiyini göstərir”.

1