Tanınmış jurnalist Mirşahin Ağayev müəllif və aparıcısı olduğu "Mirşahinin vaxtı" verilişində YAP-ı sərt tənqid edib.
Mirşahin qeyd edib ki, hakim partiyanın passivliyi və köhnə üslubla işlədiyi artıq gözə girir:
"Mən sosial şəbəkələrin hansısa bir şəkildə nəzarətsiz qaldıqca yaratdığı virtual tələlərin, qazılan görünməz yarğan və quyuların getdikcə daha böyük uçurumlara bünövrə olduğunun fərqindəyəm. Azərbaycanın bütün jurnalistlərinin, media və mətbuat mənsublarının iştirakı ilə geniş toplantı keçirilsin bəlkə? Bəlkə Hakim Yeni Azərbaycan Partiyasının fövqəladə qurultayı çağrılsın, bəlkə milli ideologiyamızda qeydə alınan boşluqların geniş bir müstəvidə müzakirəsi aparılsın, bilmirəm, amma hər halda toplaşmağa, sosial şəbəkələr, sosial media da daxil olmaqla ən ciddi problemlər, vətən və millət üçün təhlükə törədən dərdlər toplusunun müzakirəsinə ehtiyac var. İslahatların 2018-ci ildən başlanan mərhələsindən sonra yeni ideoloji keyfiyyət və onun cəmiyyətə çatdırılma tempinin sıçrayışla artırılması tələbi yaranıb. Ayaqlaşmırıq, cənablar! Yeni Azərbaycan son hadisələrin doğurduğu partiya daxili səndələmələrə, büdrəmələrə baxmayaraq toparlanmalı, Prezidentin uğurlarına, Partiya sədrinin dövlət başçısı tək əldə etdiyi mütləq nailiyyətlərə özünü formal olaraq pərçim etməməli, bu uğurların şərikliyinə haqqı çatmalıdır. Hakim partiyanın passivliyi və köhnə üslubla işlədiyi artıq gözə girir. Sosial media və sosial şəbəkələr məşhur “Otbiçən” filminin sonda monstra çevrilmiş qəhrəmanının taleyini yaşayır".