Ermənistanın Livanda yaşayan erməni ailələrini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməsi gündəmin əsas müzakirə mövzusu olaraq qalır.
HİT.Az xəbər verir ki, rəsmi Bakı Ermənistanın bu addımına sərt reaksiya verib. Ermənistanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarında qeyi-qanuni məskunlaşdırma siyasətini əks etdirən videogörüntülərin yayılmasının həmən ardından Prezidentin köməkçisi Hikmət Hacıyev bəyanatla çıxış edib. Bu gün isə Xarici İşlər Nazirliyi (XİN) məsələ ilə bağlı açıqlama yayıb.
Qurumun açıqlamasında deyilir ki, Livanın Beyrut şəhərində baş verən partlayışdan sonra bu ölkədəki faciədən öz mənfur məqsədləri üçün istifadə edən işğalçı Ermənistan Livan ermənilərinin Azərbaycanın beynəlxalq tanınmış əraziləri olan və hazırda hərbi işğal altında olan Dağlıq Qarabağ və ətraf bölgələrinə köçürmək planlarını reallaşdırmağa başlayıb. “Bu qanunsuz fəaliyyət işğalçı Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının, eləcə də Ermənistanın özünün üzərinə götürdüyü öhdəliklərinin kobudcasına pozulmasıdır”, - deyə qeyd olunur.
Açıqlamda bildirilir ki, qanunsuz məskunlaşdırma siyasətini həyata keçirən Ermənistanın məqsədi aydındır. Təcavüzkar ölkə bu yolla işğal etdiyi ərazilərdə həyata keçirilən etnik təmizləmənin nəticələrini, işğala əsaslanan status-quo vəziyyətini möhkəmləndirməyə çalışır: “Bölgə ilə hər hansı əlaqəsi olmayan etnik erməniləri Azərbaycanın hazırda işğal altında olan torpaqlarına qanunsuz şəkildə köçürməklə burada ermənilərin sayını süni şəkildə artırmağa çalışan işğalçı Ermənistan 30 ilə yaxındır ki, insan hüquqları pozulan, Dağlıq Qarabağ və ətraf bölgələrdən zorla didərgin salınan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə, mülklərinə geri qayıtmasına əngəl törədir. Bölgədə gərginliyi alovlanıdrmaq məqsədini güdən və öz təxribatçı əməlləri və bəyanatları ilə son zamanlar bunu açıq şəkildə nümayiş etdirən Ermənistan rəhbərliyi həyata keçirdiyi bu ilhaqçı siyasəti ilə münaqişənin danışıqlar masası arxasında həllinə zərbə vurur. Azərbaycan XİN-i Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti, konkret olaraq Livandan etnik ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına köçürülməsi ilə bağlı ciddi etirazını ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında və müvafiq beynəlxalq təşkilatlar çərçivəsində qaldırıb. İşğal edilmiş ərazilərimizdə həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşdırmaya dair beynəlxalq ictimaiyyət mütəmadi məlumatlandırılacaq və bu qanunsuz təcrübəyə son qoyulması istiqamətində beynəlxalq təşkilatlar çərçivəsində səylərimiz davam etdiriləcək.
Azərbaycan ərazilərini işğal altında saxlayan və bu ərazilərdə qeyri-qanuni fəaliyyəti həyata keçirən Ermənistan hökumətinin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq ictimaiyyəti əməli addımlar atmağa çağırırıq”.
Ekspertlər hesab edir ki, Ermənistanın bu addımı təxribat xarakteri daşıyır. Rəsmi İrəvan bu tip avantürist addımları ilə bölgədə hərbi əməliyyatları yenidən alovlandırmaq və bu məsələdə Azərbaycanı suçlu çıxarmağa çalışır. İstər “Aprel döyüşləri”ndə, istərsə də “İyul təxribat”ında rəsmi İrəvan bu metoddan yararlanıb. Lakin hər iki cəhdi uğursuzluqla nəticələnib. Ermənistan həm hərbi, həm də diplomatik müstəvidə layiqli cavabını alıb.
Ermənistan eyni zamanda sülh danışıqlarında qeyri-səmimi olduğunu, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmaq niyyətində olmadığını nümayiş etdirir. Təəssüf ki, beynəlxalq aləm bu məsələyə laqeyd yanaşır. Baxmayaraq ki, Azərbaycan tərəfi artıq beynəlxalq qurumlara müraciət edib. Amma hələ ki, Ermənistanın bu addımına beynəlxalq müstəvidə lazımi reaksiya verməyib. Bütün bunlara baxmayaraq, rəsmi Bakı təmkin nümayiş etdirərək münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu nümayiş etdirir. Azərbaycan eyni zamanda Ermənistanın hədələrinə də hər zaman layiqli cavab vermək iqtidarında olduğunu bəyan edir. Proseslərin hansı məcrada davam edəcəyini isə zaman göstərəcək.