“İkinci dalğa gəlir” — Deputatdan xəbərdarlıq

SİYASƏT
20:53 / 16.09.2020
1433

Pandemiya dövrü başlayandan Azərbaycanda epidemioloji vəziyyət nəzarətdədir. Ölkə başçısının rəhbərliyi ilə aparılan qabaqlayıcı tədbirlər nəticəsində müsbət dinamika əldə edilib. Həyata keçirilən önləyici tədbirlər, proflaktika, dezinfeksiya işləri müsbət dinamikanın əldə olunmasını şərtləndirib. Eyni zamanda müasir laboratoriyaların quraşdırılması və yüksək səviyyəli xəstəxanalarda aparılan müalicələr də bunun əyani göstəricisidir. Amma bütün bunlara baxmayaraq, hələ də bu virus tibbi, bioloji aspektdən öyrənilməyib.

Bu fikirləri açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov deyib.

Deputat bildirib ki, artıq dünyanın bir çox ölkəsi virusa qarşı peyvəndin hazırlanması üçün fəal prosesə qoşulub:

"Ancaq hələ də bu sahədə tam müsbət bir irəliləyiş mövcud deyil. Ona görə də insanların özünü qoruması, ölkə tərəfindən isə qoruyucu tədbirlərin yüksək səviyyəyə qaldırılması və hər kəsin buna əməl etməsi vacibdir. Payız fəsli yaxınlaşır, mövsümü xəstəliklər artır. Əldə edilmiş müsbət dinamika hər an pozula bilər. Yoluxma hallarının artma ehtimalları hələ də yüksəkdir. Bu günə kimi Cənubi Qafqaz regionunda ən az yoluxma halı qeyd edilən qonşu Gürcüstanda da artıq vəziyyət pisləşib. Avropanın bir çox ölkələrində artıq ikinci dalğa başlayıb. Eyni zamanda Avstriyada, Almaniyada, İngiltərədə yenidən qaydaların sərtləşmə metodları üzərində işlənilir. Qardaş Türkiyədə açıq havada belə tibbi maskadan istifadə zəruri olub.

Deputat qeyd edib ki, Operativ Qərargah daim yoluxma ilə bağlı prosesləri nəzarətdə saxlayır:

“Artıq ötən gündən metronun da fəaliyyətinə icazə verilib. Metronun açılması ilə yanaşı insanların pandemiyanın şərtlərinə riayət etməsi daha vacibdir. Əgər insanlarımız müəyyən edilmiş davranış qaydalarına riayət etməyəcəklərsə, yenidən yoluxma arta bilər. Bu da sözsüz ki, qaydaların yenidən sərtləşdirilməsi zərurətini yaradacaq. Eyni zamanda bu gündən məktəblərdə də dərslər başladı.Məktəblərdə də riskdən sığortalanmaq üçün müəyyən qrafiklər tərtib edilib. Ona görə də, hər birimiz öz sağlamlığımız, cəmiyyətin təhlükəsizliyi naminə diqqətli olmalıyıq. Yenidən sərt karantin qaydalarına dönməmək üçün hər birimiz məhsuliyyətimizi dərk etməliyik.”

 

(Teleqraf.com)

0