Beşinci kolona qarşı İlham Əliyev fenomeni

SİYASƏT
13:27 / 17.09.2020
4316

Son illər siyasi leksikonda özünə vətəndaşlıq qazanmış "beşinci kolon” ifadəsi müasir kütləvi informasiya vasitələrində daha çox təbliğatla əlaqələndirilir və bu, bir qrup insanın başqa dövlətin maraqları naminə öz dövlətinə qarşı çalışaması kimi şərh edilir. Əgər əvvəllər bu ifadə düşmənin silahlı qüvvələrini nəzərdə tuturdusa, sonralar  onun mənası dəyişdi və əsasən casusları, kəşfiyyatçıları "beşinci kolon" adlandırılmağa başladılar. İndilərdə isə bu ifadə postsovet ölkələrində xüsusilə populyarlaşıb və daha tez-tez dövlətin mövcud siyasəti ilə razılaşmayan birliklərə şamil edilir. Bu da əsassız deyil, çünki Qərbin hakim dövlətləri məhz bu ölkələrdə müstəqilliyə can atan hakimiyyətləri inqilablar yolu ilə devirib, özlərinə münasib olan qrupların hakimiyyətini təmin etmək üçün bu qüvvələrdən istifadə edirlər. 

Analitiklərin şərhlərinə görə, bu gün harada olmasına baxmayaraq, "beşinci kolon”un mükəmməl təşkilatı, yaxşı maliyyəsi və düşünülmüş fəaliyyət planı var. Dünya mediasının yazdıqlarına görə, neçə müdətdir ki, bir çox hegemon ölkələrdə psixoloji və natiqlik məharəti üzrə xüsusi proqramlar tədris etməklə tələbələr hazırlayan universitetlər var. Bu məktəblərin məzunları daha sonra müxtəlif dövlətlərə göndərilir, düşmən hesabına maliyyələşdirilir, xeyriyyəçi və ictimai təşkilatlarda, KİV-də işləməklə maskalanırlar. Onlar sosial şəbəkələr, qəzet, kitablar, PR aksiyaları, mitinqlər və yürüşlər kimiböyük tədbirlərdən istifadə edərək dövlət əleyhinə fəaliyyətlə məşğul olurlar.

Müasir Azərbaycanın siyasi gündəmində də çox tez-tez istifadə edilən beşinci kolon ifadəsinə gerçək hadisələr fonunda  izah vermək elə də sadə məsələ deyil. Çünki istənilən halda belə bir sual ortaya çıxır: ölkənin müxalifəti harada bitir, beşinci kolon haradan başlayır? Aydın məsələdir ki, həqiqi müxalifətçi hakimiyyətin hərəkətlərini tənqid etməklə yanaşı, alternativ fəaliyyət yolları təklif edir. Beşinci kolon isə heç bir şey təklif etmədən hakimiyyəti dağıtmağa çalışır. Belə olan halda ortaya sual çıxır: Azərbaycanda beşinci kolon varmı?

Azərbaycanda mövcud reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyevin, hakimiyyətdə demokratik inkişafın buxovuna çevrilmiş "köhnə bürokrat qvardiyadan” tədricən xilas olduqdan sonra başladığı radikal islahatlar, imtiyazlarını itirmiş və itirməkdə olan keçmiş hakimiyyət səlahiyyətlilərinin bir qismini çox ciddi şəkildə qəzəbləndirmişdir. Bu qəzəb onların bir çoxlarını açıq, bir çoxlarını isə gizli şəkildə İlham Əliyev hakimiyyətinə qarşı qisasçılığa sövq edib. Elə bu səbəbdən də onlar, hakimiyyətdə olarkən xidmət göstərdikləri müəyyən elektoratı ətraflarına toplamağa və hətta Azərbaycanda son dərəcə zəifləmiş müxalifətin "tör-töküntülərini” reanimasiya edib hazırki hakimiyyətə qarşı real qüvvəyə çevrilməyə cəhd göstərirlər. Bununla paralel olaraq, bu qüvvələrin bir qismi hakimiyyət dövrlərində ölkədən xaricdə yerləşdirdikləri mövcud hakimiyyətdən narazı qüvvələri yenidən fəallaşdıraraq onların xarici ölkələrdəki patronajlarının diktəsi ilə müəyyən mənada beşinci kolona çevrilməkdədirlər. Ölkədə intişar tapmağa başlayan bu təhlükəli tendensiyanı hamıdan tez, müasir siyasi mühitə zərgər dəqiqliyi ilə qiymət vermək potensialına görə, ən azından Qafqaz regionunda bütün siyasətçiləri üstələyən Prezident İlham Əliyev müşahidə edərək, bir çox çıxışlarında açıq və kəskin şəkildə xəbərdar edib və etməkdədir.

Xatırlayırsınızsa, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edərkən həm ölkə daxilindəki, həm də ölkə xaricindəki qisasçı və narazı qüvvələrə açıq şəkildə xəbərdarlıq etmişdi: "...Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil. Ona görə bu amilləri anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər. Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni beşinci kolon axtarışı gedir”. 

Əlbəttə, dövlət başçısının "yeni beşinci kolon axtarışı gedir” açıqlaması şübhəsiiz ki, bir çox mənbələrdən aldığı dəqiq informasiyalara əsaslanır və bu da məhz hakimiyyətdə köhnə qvardiyanın dəyişdirilməsindən müəyyən bir müddət sonra dövriyyəyə girib. Baxın, prezident İlham Əliyevi son dövrlərdə tənqid edən əsasən kimlərdir? Birincisi, keçmiş səhiyyə naziri və korrupsiya ittihamı ilə mühakimə edilib 10 ildən artıq həbs cəzası çəkmiş Əli İnsanov. Köhnə qvardiyanın bu nümayəndəsinin keçmişi, hakimiyyətdə olarkən törətdiyi əməllər kifayət qədər bəllidir. İndi bu cərgəyə keçməkdə olanların siyasi müstəvidə ən çox dəbdə olanı isə, hələ də bir ayağı hakimiyyət pilləsində qalmaqda olan, ancaq fövqəlsəlahiyyətlərdən məhrum olmuş Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Ramiz Mehdiyevdir. 

Dünənə qədər Ramiz Mehdiyevi ən sərt şəkildə tənqid edən və özünün həbs edilməsində biləvasitə onu günahlandıran Əli İnsanov bu gün onu Prezident İlham Əliyev hakimiyyətinə qarşı sərt mübarizəyə səsləyərək barışa və müttəfiqliyə hazır olması haqqında müəyyən üstüörtülü mesajlar verir. "Ramiz Mehdiyev bu hakimiyyətdə dördüncü şəxs olub, bu hakimiyyətə canla-başla xidmət edib.  Hakimiyyət adi bir toya görə onun yaxın qohumlarını əli qandallı həbs edərək onu təhqir edib...” Təbii ki, Əli İnsanovunbu canıyananlıqla  Ramiz Mehdiyevi müdafiə etməkdə məqsədi həm də onu hakimiyyətə qarşı açıq mübarizəyə təhrik edir. 

Bununla yanaşı,  Əli İnsanov BBC kanalına verdiyi müsahibədə xaricdən tanınmış adamlardan dəstək aldığını da gizlətmir və bunun hakimiyyəti çox narahat etdiyini belə dilə gətirməkdən çəkinmir. Hətta onu da bildirir ki, onun rəhbərlik etdiyi partiyanın üzvləri sırasında keçmiş nazir, nazir müavinləri, icra başçıları və sair insanlar var. 

Akademikin məlum hadisələrlə bağlı bir-birinin ardınca rəhbərlik etdiyi qurumun saytında yerləşdirdiyi məqalələrə gəldikdə isə, bu akademikin birmənalı şəkildə İlham Əliyev hakimiyyətinə verdiyi hədələyici mesajlardır. Belə olan halda Ramiz Mehdiyev başda olmaqla hakimiyyətin keçmiş qvardiyasının axıra qədər hansı mövqe tutacağına arxayın olmaq üçün hadisələri müşahidə edən solçular, əslində heç bir ciddi qüvvəyə sahib olmayan "rüsvayçı” radikal müxalifət, vəziyyətdən yararlanmağa məqam gözləyir. Əlbəttə, onların gələcəkdə hansı şərtlərlə ittifaqa girəcəkləri də çox ciddi maraq doğuran məsələlərdəndir, çünki uzun müddət bu qüvvələr arasında kəskin siyasi nifaq olmuşdur. Amma bu, heç nəyi dəyişmir, çünki "Düşmənimin düşməni mənim dostumdur” deyən hər iki tərəf yəhudi siyasətçilərinin "məqsəd vasitəyə bəraət qazandırır” məntiqini əsas götürəərək bu ittifaqa asanlıqla imza ata bilərlər. 

Baş verənlərə əsasən söyləmək olar ki, Azərbaycanda müşahidə edilən və xarici düşmənlə əlbir işləyən beşinci kolon, ölkədəki sabitliyə həqiqətən ciddi, lakin fəlakətli olmayan zərər verə bilər. Doğrudur, beşinci kolonun dövlətçilik və ölkədəki sabitlik üçün təhlükəsi çox tez-tez şişirdilir və nəticədə əsas dağıdıcı mexanizm diqqətdən yayınır. Bu dağıdıcı mexanizmin yaradılmasındavə ona rəhbərlikdə bütün zamanlarda beşinci kolon və xarici düşmənlər iştirak edir, ancaq bu mexanizmözü beşinci kolon deyil. Bu mexanizm hüquqlarının pozulmasını və ya sadəcə mövcud vəziyyətdən özlərininarazı hesab edən xalq kütləsidir. Bunlar Azərbaycan reallığında xalq kütlələrinin, ən yaxşı halda 20-25 faizini təşkil edə bilirlər.

Sual oluna bilər ki, bu hansı qüvvələrdir? Əsasən 1990- 92-ci illərdə hakimiyyətdə olanlar və daha sonra Prezident İlham Əliyevin radikal islahatlara başladıqdan sonra hakimiyyət səlahiyyətlərindən, imtiyazlarından və təminatlarında məhrum olmuş, köhnə bürokratik sistemin dəyişməsini heç cür qəbul etmək istəməyənlərin elektoratı. Əli İnsanovun BBC kanalına müsahibəsində açıqladığı fikirlər də bunu sübut edir.

Bir qism də, hətta ətraflarında hər şey qaydasında olsa belə, bundan daha yaxşı ola biləcəyi, ancaq hakimiyyətdəkilərin "yağlı kökələri” qəsdən gizlətdikləri düşüncəsində olan insanlardır.  Onların qafasına bu düşüncəni yeridən də elə köhnə nomenklaturadır. Prezident İlham Əliyev qeyd etdiyimiz məlum çıxışında onlara da çox sərrast işarə edərək açıq şəkildə bildirir: "Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı (beşinci kolon-red.) çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır. Biz, öz daxili problemlərimizi, siyasi çəkişmələri xaricə ixrac etməməliyik. Bunun heç bir əhəmiyyəti yoxdur”.

Azərbaycan dövlət başçısının bu ciddi xəbərdarlıqları ilə nəyə işarə etdiyini anlamaq üçün elə də uzağa getməyə ehtiyac yoxdur. Yaxın Şərqin bu gün xarabazarlıqları xatırladan ölkələrində çevrilişlərə gətirib çıxaran rəngli inqilablar hətta əhalinin nisbi azlığının da milli dövlətçiliyin məhv edilməsi prosesinə başlamaq üçün kifayət etdiyiniəyanı göstərdi. Ancaq, beşinci kolonu düşündürən bu deyil. Onlar üçün əsas odur ki, bu qüvvələr az da olsa,fəal olsunlar və hansısa bir ideya ətrafında birləşsinlər. Bununla belə, əksəriyyəti özünü qurban verməkideyası ətrafında birləşdirmək alınarsa, bu yalnız hədəfə çatmağı asanlaşdırar.
Həm xarici düşmənin gizli xidmətlərinin, həm də beşinci kolonun əsas vəzifəsi məhz ondan ibarətdir ki, dağıdıcı ideya ətrafında birləşən bu üsyançı kütləni yaratsın, onu həyata keçirilməsi mümkün olmayan tələblərlə silahlandırsın və lazımiistiqamətə - hakimiyyətə qarşı qaldırsın. İndiki şəraidə Azərbaycanda bu mümkündürmü?

Belə bir şəraitin yetişəcəyi ehtimalları son dərəcə aşağıdır. Çünki bu günki reallıqlardan çıxış edib demək olar ki, ölkədə hakimiyyətə qarşı hazırlanan beşinci kolon çox zəifdir. Əvvəla, əsasən son 20-25 ildə Azərbaycanda real qüvvəyə malik beşinci kolon yaratmaq üçün xarici patronajların sərf etdiyi kütləvi vəsaitə baxmayaraq, heç bir ciddi nəticə əldə edilməmişdir. Bunun bir səbəbi özünü sponsorlara beşinci kolon olmaq potensialı ilə təqdim edənlərin ölkədə heç bir siyasi nüfuz qazana bilməməsi üzündən zəifliyidirsə, digər əsas səbəbi müstəqilliyin ilk illərində real qüvvə kimi siyasi müstəvidə rəqiblərini bütün parametrlərlə üstələyən Heydər Əliyev fenomeni, ondan sonra isə Prezident İlham Əliyev fenomenidir. 

Azərbaycanda beşinci kolonun zəifliyi, məhz öz ideyaları ətrafında kütləviliyə heç bir şəkildə nail ola bilməməsidir. Çünki o ideylar xalq əleyhinədir, uğur qazanmaq üçün isə bütün xalq olmasa da, insanların əhəmiyyətli bir hissəsini öz ətrafına toplamalıdır. Beşinci kalona qarşı çıxmaq, həm də gücdən istifadə etməklə çıxmaq, hakimiyyətin ən vacib vəzifələrindən biridir. Ancaq beşinci kolonun müəyyən vədlərlə ətrafına topladığı az sayda da olsa xalqın bir hissəsinə qarşı çıxmaq -hakimiyyət üçün qələbə sayılsa belə, dövlətin potensialını kəskin şəkildə azaldan, daxili sabitliyi pozan və beynəlxalq aləmdəki mövqeyini zəiflədən vətəndaş qarşıdurmasıdır. Buna isə heç cür yol vermək olmaz. Azərbaycanda beşinci kolon rolunda çıxış edənlər məhz buna can atırlar və onların ətraflarına topladıqları bir qism insanlar buna bilərəkdən gedirsə, bir qism inqilabi vədlərə uyaraq bu addımı atır. 

Təbii ki, Azərbaycanda beşinci kolon və onların Qərbdəki ağaları əvvəlcə liberal ideyaya əsaslanan kütləvi etiraz hərəkatı yaratmağa çalışırlar. 2019-cu il yanvarın 19-daYasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Demokratik Qüvvələrin Milli Şurasının keçirdiyi mitinqi yəqin, xatırlayırsınız. Həmin mitinqdən dərhal sonra bir çox mənbələrdə yayılan məlumatlardan məlum oldu ki, bu tədbirin kütləviliyinə hakimiyyət daxilində olan müəyyən narazılar çox güclü dəstək veriblər. Onlar bu addımla Prezident İlham Əliyevə xalqın, dolayısı ilə elektoratın əsasən onların əlində olmasını və istədikləri vaxt onları küçələrə çıxarıb hakimiyyətə başağrı yarada biləcəklərini göstərmək idi. Məhz bu mitinqdən sonra Prezident İlham Əliyev bir daha əmin oldu ki, daxildə, onun ətrafında olan bürokratik qüvvələr, hakimiyyətin demokratikləşməsi, ölkədə ali qanunvericiliyin və çevik idarəçiliyin təmin edilməsi sahəsində onun həyata keçirmək istədiyi radikal islahatlara ən böyük əngələ çevriliblər və nə qədər ki, hakimiyyət bunlardan təmizlənməyib, bu sahədə irəli addım atmaq olmayacaq. Çünki məlum mitinqdə də, ondan sonra bir çox digər kütləvi aksiyalara cəhdlər zamanı datəşkilatçılar bilə-bilə ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın birtərəfli qaydada həll etmək iqtidarında olan məsələ deyil, əsas notları bunun üzərində qururvə hakimiyyət daxilindən sızdırılan müəyyən ideyalar əsasında İlham Əliyev hakimiyyətini ittiham atəşinə tuturdular. Elə o zaman çox aydın şəkildə müşahidə etmək olurdu ki, elektoratı olmayan, partiyanın yığıncaqlarını xatırladan əvvəlki mitinqlərdən fərqli olaraq, 19 yanvar mitinqindəki kütləvilik sırf müxalifət qüvvələrinin deyil, beşinci kolona çevrilməkdə olan narazıların işidir. 

Aparılan parallelərdən diqqət çəkən vacib məqam odur ki, hakimiyyətə qarşı olanların hamısı Qərbin inqilabi texnologiyalarına uyğun olaraq xalqın adından danışır və "Xalq insan haqlarının və demokratiyanın təmin edildiyi Qərbdəki kimi yaşamaq istəyir, amma hakimiyyət onlara imkan vermir” deyib dururlar. Gürcüstanda və Ukraynada bu seçim keçdi, yerli əhalidə "Almaniyada yaşamaq və Avropada olduğu kimi işləmək” istəyi hakim oldu, Avropaya inteqrasiya və NATO-ya üzv olmaq kommunizmə aparan bir yol kimi göründü: indi çətin olsa da, tini burulsan "işıqlı gələcəkdir” düşüncəsi hələ dəbir çox insanların beynini zəhərləməkdədir. 

Prezident İlham Əliyev  ölkədə yeni dərs ilinin başlaması ilə bağlı müraciətində xaricdən gələn bu zərərli trendə də münasibətini birmənalı şəkildə bildirdi: "Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur”.  

Amma bütün bunlara baxmayaraq, hələ ki, Azərbaycanda liberal ideya nəticə vermir. Çox qaynar hadisələrlə zəngin olan 90-cı illərdən sonra xalq, yalnız Qərb üçün daha yaxşı olan Qərb tövsiyələrindən daha çox Azərbaycanın mənafeyinə uyğun praqmatik qərarları üstün tutaraq "tərəqqinin əsas yoluna" çıxmaqdan vaz keçib. Xalq bəlkə də bunu istəyirdi, ancaq geosiyasi vəziyyət elə bir hala gəlmişdi ki, təcrübəli siyasətçi və strateq Heydər Əliyev bundan imtina etmək məcburiyyətində qalaraq ortaq bir mövqey seçdi. Torpaqların Ermənistanın adı altında işğalı elə bir həddə gəlib çatdı ki, geosiyasi vəziyyət tam Azərbaycanın əleyhinə işləməyə başladı, müstəqillik və dövlətçilik tükdən asılı idi və hakimiyyətə başqa seçim qalmırdı. Hətta o "ilahi demokratiya beşiyi” sayılan Qərb belə öz maraqları naminə, iqtisadi, siyasi və hərbi sahədəçıxılmaz vəziyyətə düşmüş Azərbaycana  nəinki dəstək olur, əksinə, təpgi göstərirdi. Məgər bunları unutmaq olarmı?! Əsla yox! Elə buna görə də Prezident İlham Əliyev artıq regionda bütün göstəricilərə görə hakim mövqeyə çıxmış, beynəlxalq siyasi müstəvidə kifayət qədər böyük nüfuz qazanmış Azərbaycanda güclü dövlətin və qətiyyətli, müstəqil siyasət yeridən hakimiyyətin varlığından çıxış edərək deyir: "...Bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən prezidentəm, belə qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da ki, sanksiyalarla hədələmək – bütün bunların heç bir əhəmiyyəti yoxdur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir və bunu heç kim unutmasın”.

Sonda qeyd etmək istərdim ki, indiki vaxtda beşinci kolon yaratmaq cəhdləri ölkəni yenidən regionun qeyri-sabit və təhlükəli bölgəsinə çevirmək planlarından irəli gəlir. Aydın məsələdir ki, postsovet ölkəsi olaraq son 30 ildə Azərbaycanda cəmiyyətdə çox sürətlə sosial təbəqələşmə prosesi getmişdir. Əlbəttə, belə cəmiyyətdə aşağı təbəqələr öz mövqelərindən narazıdırlar və yuxarı təbəqələrlə yerlərini dəyişdirmək istəyirlər. Ümumiyyətlə, sinfi nifrətin və ədavətin təbliği zəngin bir müvəffəqiyyət tarixçəsinə malikdir. Mümkündür ki, bugünkü Azərbaycanda xalqın sosial ədalət üzrə refleksiyaya meylliliyi baş versin. Ancaq mütləq əlçatmazlığa ciddi səylər və solçu dağıdıcılara qarşı üç məqam xüsusi rol oynayır:

1. Ölkədə solçu inqilabçılığın inkişafı üçün zəruri olan xalqın hakimiyyətdən vəhakimiyyətin xalqdan uzaqlaşması əsla müşahidə edilmir. Sistemin ən ciddi sabitlik amili İlham Əliyev fenomeni və onun istənilən seçkilərdə 70-80 faiz səs qazanmasıdir.

2.Azərbaycanda avanqard müxalif partiyanın olmaması. Hakim partiyanın avanqardlığı da bir zamanlar Heydər Əliyev, hazırda isə İlham Əliyev fenomeni ilə əlaqədardır. Solçu partiyalar çox iddialı və parçalanmış vəziyyətdədirlər. Onlar mənuniyyətlə bir-birilərini məhv edirlər. Onlar indiki hakimiyyət sisteminə "əlahəzrətə müxalifət" yox, "əlahəzrətin müxalifəti" kimi çıxış etməkdən daha çox məmnundurlar. Nəticədə, onlarla solçu quru, onlarla (bəlkə də yüzlərlə) marginal qruplar yaradırlar ki, onların üzvləri liderlərinə cani-dildən sadiq qalırvə digər sol firqələrin nümayəndələrinə son dərəcə nifrət edirlər.

3. Müasir solçular çox nümayişkaranə şəkildə və sevinclə xalqın nifrət etdiyi liberallarla hakimiyyətə qarşı birləşirlər. Burada çox maraqlı bir məqam ondan ibarətdir ki, dünənə qədər hakimiyyətdə təmsil olunanlar və xalqla hakimiyyət arasında inamsızlıq yaradan korrupsiyaya bulaşmış, hakimiyyətdən atılmışlar indi solçuların müttəfiqinə çevrilirlər. Bu haqda ayrıca danışmaq lazım gələcək, çünki bu klanlaşmış keçmiş hakimi-mütləqlər radikal islahatlar aparmaqda son dərəcə maraqlı və həm də son dərəcə qətiyyətli olan İlham Əliyev hakimiyyətinə qarşı bir düşərgədə birləşmək üçün çox istəklidirlər. Onların təhlükəli olması isə ondan irəli gəlir ki; 

1) hakimiyyət strukturlarında onların kifayət qədər sədaqətli nümayəndələri var; 
2) özlərinin son dərəcə böyük maliyyə imkanları var və bu olduqca vacib amildir; 
3) onlar hakimiyyətə qarşı son dərəcə qəzəblidirlər və qisasçı revanşizmə istiqamət götürüblər.

Bütün bunlardan sonra qəti şəkildə demək olar ki, çoxdan hakimiyyət iddiası ilə meydana çıxan mövcud solçular hakimiyyətə qarşı çıxan hər kəslə, hətta şeytanla belə ittifaqa girməyə hazırdırlar. Amma unudurlar ki, xalq bu cür siyasi əxlaqsızlığa əsla inanmır və azmışların arxasınca getmir. 

İlqar RÜSTƏMOV, 
jurnalist, politoloq

2