Siyavuş Novruzov  “qeybə çəkilib” - zənglərə cavab vermir

SİYASƏT
18:24 / 18.09.2020
1102

YAP icra katibinin sabiq müavini, deputat Siyavuş Novruzov bir aya yaxındır görünmür. Ötən ayın 18-də karantin rejiminin qaydalarını pozaraq, AMEA prezidenti, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qız nəvəsinin toyunda iştirak etdiyi üçün həm ictimai qınağa tuş gələn, həm də inzibati məsuliyyətə cəlb edilən və bundan günlər sonra hakim partiyadakı vəzifəsindən istefa verən deputatın telefonuna mətbuat təmsilçiləri düşə bilmirlər.

Halbuki əvvəllər belə deyildi. S.Novruzov YAP-da, o cümlədən deputatlar arasında mediaya ən yaxın olan şəxslərdən sayılırdı. Tez-tez geniş müsahibələrlə çıxış edir, gündəmdə olan ən aktual mövzulara münasibətini sərgiləyirdi. İndi isə bir sözlə, jurnalistlərdən “qaçır”.
“Yeni Müsavat” olaraq, növbəti dəfə şansımızdan istifadə edib, ona zəng etdik. Deputatın telefonuna zəng çatsa da, cavab verən olmadı. Belə ehtimallar var ki, YAP-ın sabiq funksioneri toy qalmaqalının hələ də bitmədiyini görüb, bir müddətliyə “qeybə çəkilib”, yəni bu məsələnin gündəmdən çıxmasını, tamamilə unudulmasını gözləyir.

Onunla bağlı son xəbərlərdən biri YAP-da daha bir vəzifəsini itirməsidir. İndiyə qədər hakim partiyanın Təşkilat Şöbəsinin müdiri olan S.Novruzovu deputat həmkarı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov əvəzləyib.

Günlər öncə YAP-çı deputat daha bir məsələ ilə gündəmə gəldi. Hüquq müdafiəçisi Novella Cəfəroğlu Axar.az-a açıqlamasında S.Novruzovun həbsdə olan, sentyabrın 2-dən aclıq aksiyası keçirən, müsavatçı Tofiq Yaqublunun Qarabağ qazisi olduğu üçün azadlığa buraxılmasını istədiyini demişdi. Deputatın bu məsələyə reaksiyası çox da gecikmədi və o, bu xəbərlərin həqiqətə uyğun olmadığı barədə açıqlama verdi. Bir növ S.Novruzov önləyici tədbir almaq üçün üzə çıxıb, tez də “yox olmağı” vacib saydı...

Onun barəsində son açıqlama isə Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimova məxsusdur. Deputat sentyabrın 16-da Modern.az-a verdiyi açıqlamada rəhbərlik etdiyi komissiyanın bir gün sonra keçiriləcək iclasında S.Novruzovun məsələsinə baxılmayacağını, həmkarı ilə bağlı məsələnin komissiyaya aidiyyətinin olmadığını bildirib.

 

//“Yeni Müsavat”//

1