Ötən ilin dekabr ayında Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirus bütün dünyanı cənginə alıb.
Hazırda 213 ölkədə qeydə alınan koronavirus infeksiyası can almağa davam edir. Həkim və mütəxəssislər hələlik müalicəsi tapılmayan bu virusdan qorunmağın yolları haqqında məlumatlar paylaşır, sosial məsafə qaydalarına əməl edərək virusdan qorunmağa çağırırlar. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Operativ Qərargahın verdiyi məlumata görə, Azərbaycanda ilk koronavirus infeksiyasına yoluxma faktı fevralın 28-də qeydə alınıb. Bundan sonra fevralın 28-dən ölkəmizdə də koronavirusla mübarizəyə başlanılıb.
Bütün dünyada olduğu kimi Azərbaycanda həkim, siyasətçi, aktyor, müğənni, jurnalist və bir çox tanınmış şəxslər koronavirusa yoluxub. Hətta onların arasında bu virusun qurbanları da var. Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov, Namiq Məmmədov və həmin məhkəmənin sabiq hakimi Müseyib Hüseynovun da koronavirusdan öldüyü bildirilib. Rəsmi məlumata görə, ölkədə koronavirusa yoluxanlar arasında polis əməkdaşları da var. Bakı metrosunun 29 əməkdaşı koronavirusa yoluxub, 1 nəfər isə ölüb. Həmçinin Azərbaycanda bu təhlükəli virusa digər dövlət orqanlarının əməkdaşları da yoluxub. Hazırda onların müalicələri davam etdirilir.
Bu günə qədər koronavirusa yoluxan siyasətçilər, rəsmilər kimlərdir? Yoluxanlardan kimlər virusla mübarizədə qalib, kimlər məğlub olub?
Cebhe.info koronavirusa yoluxmuş, həyatını itirmiş rəsmilərlə bağlı araşdırma aparıb.
Özbəkistan Baş Nazirinin müavini, hökumətdə kənd təsərrüfatı və ərzaq sahəsinə cavabdehlik daşıyan Uktam Barnoyev vəfat edib. Özbəkistan Nazirlər Kabinetinin Operativ Qərargahı 56 yaşlı Uktam Barnoyevin yeni növ koronavirusa (COVİD-19) yoluxma nəticəsində vəfat etdiyini açıqlayıb. Qeyd edək ki, Özbəkistan Səhiyyə Nazirliyi iyulun sonlarında COVİD-19-a yoluxduğu aşkarlanan U. Barnoyevin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb. Sonradan Baş Nazirin müavininin Daşkənddə, daha sonra isə Almaniyada klinikalardan birində müalicə aldığı məlum olmuşdu. İranda koronavirusa yoluxan və bu səbəbdən həyatını itirən siyasətçilərin sayı getdikcə artır. Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədəniyyət və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub. Ölkə parlamentinə Tehran şəhərindən seçilən 55 yaşlı qadın deputat Fatimə Rəhbər mart ayında müalicə aldığı Tehranın Məsih Daneşvari xəstəxanasında dünyasını dəyişib. Bundan başqa İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi və İran Xarici İşlər Nazirinin başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam koronavirusdan ölüb. İran parlamentinin deputatı İsa Cəfəri də koronavirusdan dünyasını dəyişib. Cəfəri bu ilin fevralında keçirilən 11-ci çağırış parlament seçkilərində qalib gəlib və vəzifəsinə mayın sonunda başlayıb. Deputat Planlaşdırma və büdcə komitəsinin üzvü idi. O, 8-ci çağırışda (2008-2012) da millət vəkili olub.
Rusiyanın Moskva vilayəti Dumasının hakim Vahid Rusiya Partiyasından deputatı İvan Jukov koronavirusun qurbanı olub. Məlumata görə, deputat 63 yaşında koronavirus səbəbindən dünyasını dəyişib. O, 1997-ci ildən regional parlamentin üzvü olub. Fransanın Mədəniyyət naziri Frank Rister koronavirusa yoluxan rəsmilərdən biridir. Fransa parlamentinin beş üzvünə, həmçinin Milli Məclisin yeməkxanasının işçisinə koronavirus diaqnozu qoyulub. Parlament üzvlərinin bəzilərinin və ya hamısının məhz yeməkxanada yoluxduğu güman edilir. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, ola bilsin ki, Rister xəstəliyə həmin beş parlamentarinin birindən yoluxub. Nazir sonuncu dəfə bir neçə gün əvvəl Prezident Emmanuel Makronla da görüşüb. Paris hava limanının operatoru "ADP" şirkətinin Baş icraçı direktoru Auqustin de Romane də koronavirusa yoluxub. Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) başqanının müavini Onursal Adıgözəl koronavirusa yoluxanlardandır. Koronavirusa yoluxmağı barədə o, özü açıqlama verib. “COVİD-19 testimin nəticələri pozitiv çıxdı. Son 3 həftədə kim mənimlə təmasda olubsa, koronavirus testi versin”-deyə, Adıgözəl bildirib. Türkiyənin ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sözçüsü Faik Öztrak koronavirusa yoluxanlar arasındadır. Faik Öztrakın səhhətinin normal olduğu və bir neçə müddət evdən fəaliyyət göstərəcəyi bildirilib. CHP lideri Kamal Kılıçdaroğlunun yaxın ətrafında olan köməkçisi, sözçüsü və vəkilinin koronavirusa yoluxmağından sonra özəl məsləhətçisinin də koronavirus testi pozitiv çıxıb. CHP baş köməkçisi Onursal Adıgözəl, CHP sözçüsü Faik Öztrak və Kamal Kılıçdaroğlunun vəkili Cəlal Çəliyin koronavirus testi pozitiv çıxıb.Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali tələb olunan təhlükəsizlik tədbirlərinə əməl etsə də, koronavirusa yoluxan rəsmilərdən biridir. Lakin o müalicə alaraq sağalan və virusa qalib gələn dövlət nümayəndələrindəndir.