Ermənistan hakimiyyətinin atdığı son addımlar rəsmi İrəvanın Azərbaycanla müharibəyə hazırlaşdığı barədə mülahizələrə səbəb olub. Ermənistanın təxribat xarakterli addımlarının intensivləşməsi, işğal olunmuş Dağlıq Qarabağa və ətraf rayonlara Livanda yaşayan erməni ailələrinin köçürülməsi, erməni silahlı qüvvələrinin təmas xəttində cəmləşməsi, PKK-nın xüsusi təyinatlı dəstlərinin orada yerləşdirilməsi bu ehtimalı bir qədər də gücləndirir.
Bəs mövcud situasiyada Azərbaycan hansı addımları atmalıdır?
Deputat Vüqar Bayramlı Yenisabah.az-a bildirib ki, Azərbaycan istənilən halda işğal olunmuş ərazilərini geri qaytarmalı və ərazi bütövlüyünü bərpa etməlidir:
- Sözsüz ki, Azərbaycan sülh danışıqlarının davam etdirilməsində maraqlıdır. Lakin bu danışıqların heç bir nəticəsi yoxdursa, Ermənistan təxribatlarını davam etdirirsə, Azərbaycanın yeni ərazilərini ələ keçirməyə çalışırsa, əlbəttə ki, Azərbaycan üçün bir yol qalacaq: Ərazi bütövlüyünü hərbi yolla bərpa etmək.
Azərbaycan dəfələrlə bəyan edib ki, problemin sülh yolu ilə həllinə tərəfdardır. Bu məsələdə səmimi olduğunu nümayiş etdirmək üçün illərdir təmkinlə danışıqlarda iştirak edir. Amma Prezident İlham Əliyevin təbirincə desək əgər Ermənistanın Baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır” deyirsə, bu zaman danışıqlar praktiki olaraq əhəmiyyətini itirir.
- Azərbaycanın indiki halda ərazi bütövlüyünü bərpa etmək üçün potensialı varmı?
- Azərbaycanın kifayət qədər güclü ordusu var. Həm maddi-texniki, həm maliyyə, həm də peşəkarlıq baxımından Azərbaycan Ordusu düşmən ordusundan qat-qat irəlidədir. Bunu “aprel döyüşləri” və iyulun 12-də Tovuz istiqamətində baş verən döyüşlər də göstərdi. İstər 2016-cı ilin aprelində, istərsə də bu ilin iyulunda baş verən döyüşlərdə Azərbaycan Ordusu qarşı tərəfə sarsıdıcı zərbə endirərək onu geri oturtdu. Digər tərəfdən, əhali arasında vətənpərvərlik əhval-ruhiyyəsi yüksək səviyyədədir. Vətəndaşlar işğal olunmuş ərazilərəimizi geri qaytarmaq üçün döyüşməyə hazırdırlar. Bunu ayrı-ayrı vətəndaşlar açıq şəkildə bildirir.
Deputat seçildiyim Füzuli rayonunda görüşlər keçirərəkən də bunun şahidi oldum. Sevindirici haldır ki, Ermənistanla təmas xəttinə yaxın rayonlarımızın sakinləri müharibədən qorxmur. İşğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda döyüşə atılmağı səbrsizliklə gözləyirlər. Beləliklə, müharibədə qalib gəlmək üçün laızm olan iki əsas meyar var: Güclü ordu və vətənpərvərlik. Hər ikisi Azərbaycanda yüksək səviyyədədir. Ona görə də hesab edirəm ki, müharibə başlayarsa, Azərbaycan düşmənə layiqli cavab verərək qısa müddətdə torpaqlarımızı işğaldan azad edə bilər.
- Son vaxtlar ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların artıq mənasız olması barədə fikirlər səsləndirilir. Hesab edilir ki, rəsmi Bakı Minsk Qrupunun “danışıqlar” adı altında işğalın ömrünü uzatmağa imkan verməməlidir. Siz necə düşünürsünüz?
- Mən millət vəkili olmamışdan əvvəl də ekspert kimi ATƏT-in Minsk Qrupunun keçirdiyi tədbirlkərdə iştirak etmişəm. Biz həmişə qeyd etmişik ki, Azərbaycan regional və qlobal təşəbbüsləri dəstəkləyir. Təbii ki, əgər bu təşəbbüslər problemin beynəlxalq hüquq normalarına uyğun həllinə yönəlibsə. Lakin biz görürürük ki, uzun illər ötməsinə baxmayaraq, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqları heç bir nəticə verməyib. Faktiki olaraq bu qurumun səyləri uğurlu olmadı. Digər tərəfdən, aydın şəkildə sezilir ki, Minsk Qrupu problemə istənilən səviyyədə yanaşmır. Yəni, biz daha ciddi mövqe gözlədiyimiz halda qurum loyal, heç bir nəticəsi olmayan bəyanatlar verir. Sanki ATƏT-in Minsk Qrupu status-kvonun saxlanılmasında maraqlıdır. Bu baxımdan, əlbəttə ki, Minsk Qrupu çərçivəsində aparılan danışıqlar əhəmiyyətsiz diskursa çevrilib.
Azərbaycan sülh danışıqlarında maraqlıdır. Amma bu danışıqların nəticəsi olmalıdır. Danışıqları pozan Ermənistandır. Bunu İrəvanın atdığı addımlar da göstərir. Ona görə də Azərbaycanın hüquqi var ki, torpaqlarını hərbi yolla azad etsin.
- Minsk Qrupunun formatının dəyişdirilməsi barədə təkliflər də irəli sürülür. Sizcə, bu baş verəcəyi təqdirdə danışıqlarda hansısa irəliləyiş əldə etmək olarmı?
- Bəli, Minsk Qrupunun formatının dəyişdirilməsi zərurətdir. Minsk Qrupu təkmilləşməlidir. Hesab edirəm ki, Türkiyə də bu formatda təmsil olunmalıdır. Problemə obyektiv və balanslı yanaşılmalıdır. Bu zaman əlbəttə ki, irəliləyişlər də əldə etmək mümkün olacaq.