“Vaşinqton ultimatumlardan imtina etməzsə, Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqavilə (New START) uzadılmayacaq”.
“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Ryabkovun açıqlamasından əvvəl ABŞ Prezidentinin silahlara nəzarət üzrə xüsusi elçisi Marşal Billinqsli “Kommersant” nəşrinə verdiyi müsahibədə qeyd edib ki, Vaşinqton və Moskva fevral ayına qədər silahlanma ilə bağlı prezident memorandumunu hazırlamasalar, “New START” uzadılmayacaq.
Onun sözlərinə görə, ABŞ Rusiyaya sözügedən müqaviləni uzatmaq üçün yaxşı bir təklif irəli sürüb və Donald Trampın mümkün yenidən seçilməsindən sonra həmin təklifin qiyməti artacaq.
Xatırladaq ki, Ortamənzilli və Qısamənzilli Raketlərin Ləğvinə dair Müqavilə Birləşmiş Ştatların təşəbbüsü ilə 2019-cu il avqustun 2-də qüvvədən düşüb. Keçən ilin əvvəlində Vaşinqton Rusiyanı sazişin şərtlərini pozmaqda ittiham edib və ondan birtərəfli şəkildə çıxmağa qərar verib. Rusiya isə dəfələrlə sözügedən müqavilənin şərtlərini tam olaraq yerinə yetirdiyini bəyan edib. 2019-cu il iyulun əvvəlində isə Rusiya Prezidenti Vladimir Putin ölkəsinin sazişdə iştirakını dayandırması haqqında qanunu imzalayıb.
“New START” (Yeni Başlanğıc) adı ilə də tanınan Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər Haqqında Müqavilənin qüvvədə olma müddəti 2021-ci ilin əvvəlində başa çatır.