Türkiyənin nüfuzlu “Kanal 24” Televiziyasında Ermənistanın Azərbaycana qarşı törətdiyi provakasiyalara geniş yer ayrılıb. Kanalın “Möderator” proqramında işğalçı ölkənin dövlət sərhəddinin Tovuz istiqamətində həyata keçirdiyi təxribatlar və Azərbaycanın işğal altındakı ərazilərinə bu bölgə ilə heç bir əlaqəsi olmayan etnik ermənilərin qanunsuz köçündən bəhs edilib.
Proqramda çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi davamı təxribatlar işğalçı ölkənin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını ortaya qoyur. O qeyd edib ki, son xain təxribatlar nəticəsində bir əsgərimiz şəhid olub, biri isə yaralanıb. Birliyin sədri deyib ki, Ermənistan Tovuza hücumlar təşkil etməklə diqqəti özünün işğal faktından yayındırmaq istəyir.
Proqramda eyni zamanda Azərbaycanın işğal altındakı bölgələrinə Livan daxil olmaqla, bir sıra ölkələrdən bu bölgə ilə heç bir əlaqəsi olmayan etnik ermənilərin qanunsuz köçündən danışılıb. Fərid Şahbazlı qeyd edib ki, əslində Azərbaycanın işğal altındakı torpaqlarına erməni ailələr adı altında terrorçu qruplar köçürülür: “Məqsəd birinci Qarabağ müharibəsində olduğu kimi, mümkün müharibədə terrorçuları Azərbaycana qarşı döyüşdürməkdir. Bu Cenevrə konvensiyasının, bütün beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”.