“İnformasiya məkanında erməni və onlara nökərlik edənlərlə savaş aparmalıyıq” - ÇAĞIRIŞ

SİYASƏT
17:29 / 22.09.2020
959

“Bəzən özünü bizdən hesab etməyənlər Azərbaycan xalqının və dövlətinin haqq işinin üzərinə kölgə salmağa çalışır, təslimçi mesajlar verir, düşmənin informasiya siyasətinə bilərəkdən, yaxud bilməyərəkdən dəstək olurlar”.

HİT.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib. 

O, səfərbərlikdən narahat olanlara bildirib ki, Azərbaycan Respublikasının Qanununa əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılmasını həyata keçirir və bununla bağlı üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla icra edir:

“30 ildir torpaqlarımız işğal altındadır, ərazilərimizin bir qismi erməni vəhşilərinin tapdağındadır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin öz vəzifələrini peşəkarlıqla yerinə yetirməsinin nəyi pisdir? İndi də buna qarşıdırlar”.

N. Orduxanlı bildirib ki, Azərbaycan Ordusu kifayət qədər güclüdür və qarşısında duran vəzifələrin öhdəsindən gəlmək iqtidarındadır: 

“Amma biz xalq olaraq, orduya çevrilməliyik! Hamımız Vətən üçün çalışmalıyıq! Hamımız əsgər olmalıyıq! Bu gün tək səngərdə deyil, informasiya məkanında da erməni və onlara nökərlik edənlərlə savaş aparmalıyıq! Azərbaycan xalqı dövlətinin, ordusunun yanındadır və öz torpaqlarını işğaldan azad edənədək mübarizə aparmaq əzmindədir! Bizim haqq işimizə, ədalətli mübarizəmizə qarşı çıxanlar isə bizdən deyillər! Bədbəxtdirlər! Bütün bunlara son qoymalıdırlar! Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan addımlara qarşı çıxan, informasiya məkanında mövqelərimizi zəiflətməyə çalışan kim varsa, düşmənimizdir. Biz gec-tez torpaqlarımızı işğaldan azad edəcəyik və biz birlikdə güclüyük”.

0