Suriya hərbçisi ailəsi ilə Qubadlıya köçürüldü - YENİ FAKTLAR

SİYASƏT
12:41 / 23.09.2020
4321

Ermənistan hakimiyyəti bütün beynəlxalq qanunları pozaraq işğal altındakı Azərbaycan torpaqlarına köçürmə siyasətini nümayişkəranə şəkildə davam etdirir.

HİT.Az Modern.az-a istinadla xəbər verir ki, növbəti süni məskunlaşdırma faktı ermənilərin İşxanadzor adı verdikləri Qubadlı rayonunun Xanlıq kəndi ilə bağlıdır. Diaspor və Ermənistandan gələn xeyli ailənin məskunlaşdığı kəndə bu dəfə Suriyadan gələn erməni ailəsi yerləşdirilib. Suriya ordusunun sıralarında xidmət etmiş Hraç Qevorq, həyat yoldaşı və 5 yetkinlik yaşına çatmamış övladı (2 oğlu, 3 qızı) ilə 2016-cı ildə Ermənistana köç edib.

Dörd il Ermənistanda yaşadıqdan sonra o, Qarabağda süni məskunlaşdırma siyasətini koordinasiya edən Diasporla İş Üzrə Komissarlıq və Tufenkyan fondunun dəstəyi ilə Qarabağa köçürülüb. Avtomobil təmiri ilə məşğul olan Hraç Qevorq keçmiş hərbçi kimi işğal altındakı torpaqlarda baş tutacaq təlimlərə cəlb olunur, işğalçı erməni hərbçilərinə Suriya vətəndaş müharibəsində qazandığı təcrübəni bölüşür. Bu faktlar Ermənistan rəhbərliyinin Suriya və Livandan Qarabağa muzdlu döyüşçülər gətirməsi barədə rəsmi Bakının səsləndirdiyi ittihamların ciddi əsaslara malik olduğunu göstərir.

Məskunlaşdırma siyasəti ilə həm regionun demoqrafik xəritəsi dəyişdirilir, həm də əsgər çatışmazlığından əziyyət çəkən rəsmi Yerevan Qarabağa döyüş təcrübəsi olan hərbçilər yerləşdirir.

Ümumiyyətlə, Xanlıq kəndində 2003-сü ildə 211 erməni və xarici muzdlular məskunlaşdırılmışdısa, ötən 17 ildə intensiv köçürmə siyasəti burada məskunlaşanların sayını 800-ə qədər artırıb. Ərazi iqlim uyğunluğuna görə, Suriyadan köçürülən ermənilərin əsas yerləşdirildiyi yaşayış bölgəsidir. Hraç Qevorq kimi Suriya ordusunun sıralarında xidmət etmiş digər erməni Avetis Sanoyan da Azərbaycan torpaqlarında məskunlaşıb. Fermerliklə məşğul olsa da, o da hərbi təlimlər və məşqlər zamanı yerli birləşmələrə qatılır. Onun kimi adı məlum olan və olmayan yüzlərlə muzdlu döyüşçü hazırda Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarında və Azərbaycanla sərhəddə xidmət aparır.

Onu qeyd etmək lazımdır ki, 2002-2003-cü illərdən Ermənistan rəhbərliyi Qubadlı rayonunun Xanlıq kəndini Qarabağın cənubu üçün regional mərkəz seçib. Rəsmi Yerevanın Arazboyu Azərbaycan torplaqlarını, ilk növbədə Zəngilan və Qubadlı rayonlarını ermənişlədirmək, bölgənin zənginliklərini mənimsəmək siyasətində Xanlıq kəndinə böyük rol verilir. Təsadüfi deyil ki, 2022-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulan, Qarabağı Ermənistana birləşdirəcək və Avropa Birliyinin də tikintisinə etiraz etdiyi yeni yol Gorus rayonunun Xınzirək kəndindən məhz Qubadlı rayonunun Xanlıq kəndinə qədər çəkiləcək.

1