“Ermənistanın cəbhədə qeyri-sabitliyi saxlamaqda marağı dünya ermənilərinin fikrini, diqqətini Ermənistana çəkməkdən ibarətdir. Məqsəd isə onlara istər beynəlxalq qurumlar, istərsə də erməni diasporları tərəfindən müəyyən maliyyə vəsaitlərinin ayrılmasına nail olmaqdır”.
Bunu Hit.Az-a açıqlamasında Milli Məclisin deputatı, professor Rüfət Quliyev deyib.
Deputat bildirib ki, diasporlar Ermənistan hakimiyyətinə pul vermək istəmirlər:
“Ermənilər bizimlə gələcəyi olmayan müharibə aparırlar. Lakin nə bu münaqişənin nəticəsi, nə də informasiya müharibəsi istədikləri kimi olmayacaq. Dünya Qarabağı Azərbaycanın tərkibində tanıyıb. Erməni, ermənipərəst və “beşinci kolon”un çirkin əməllərini daha çox ifşa edəcəyik. Görəcəyik ki, onların arxasında kimlər durur. Onlar Azərbaycanın düşmənləridir”.
R. Quliyevin sözlərinə görə, belə gərgin vəziyyətdə xarici ölkələrdə oturub milli mənafelərə tamamən zidd məlumatlar paylaşanlar da var:
“Onlar “beşinci kolon”, qəddar düşməndirlər. Bu insanlar bilavasitə dövlətçiliyimizə, xalqımıza qarşı çıxırlar. Onların birmənalı marağı odur ki, Azərbaycanın dövlətçiliyi ilə müharibə aparsınlar. Bunun bir neçə səbəbi var. Ola bilər ki, ermənilər həmin adamların yaşadıqları ölkədə, xüsusən də Avropa ölkələrində göstəriş verirlər. Göstərişlərin icrasına da külli miqdarda vəsait ayrılır. Yəni bu işlərin kökündə maddiyyat dayanır. Ola bilər, bunlara söz verilir ki, sizə Avropa ölkəsində vətəndaşlıq veriləcək, siyasi qaçqın kimi maliyyə dəstəyinin olunması təklif olunur”.
“Müharibənin bir neçə forması var. Biri var informasiya müharibəsi, biri var cəbhədə gedən müharibə, və yaxud beynəlxalq arenada gedən müharibə. Hazırda da bir neçə formada müharibə gedir. Biz də bu gün informasiya müharibəsi aparırıq. Cəbhədə bu günə qədər olan qeyri-sabitliyin yaranmasına erməni tərəfi səbəb olub. Çünki onların cəbhədə gərginliyin olmasında marağı var. Maraq da odur ki, ermənilər diasporlarının diqqətini çəkib maliyyə almaq istəyirlər. Başa düşürlər ki, heç bir məsələ həll olunmayıb. Artıq erməni diasporları bunlara inanmır. Görürlər ki, Ermənistana dəstək göstərilsə də, nəticədə heç bir problem həll olunmur. Onlar heç vaxt istədiklərinə nail ola bilməyəcəklər” - deyə, professor bildirib.