"Azərbaycanın səfərbərlik resursları Ermənistandan dəfələrlə çoxdur"  

SİYASƏT
18:17 / 25.09.2020
1191

"Ordumuzda silahlanmanın müasirliyi döyüş bacarığının yüksək səviyyədə olduğunu göstərir”.

Bunu Hit.Az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

O bildirib ki, Dağlıq Qarabağda muzdlu əsgərlərin və PKK qüvvələrinin yerləşdirilməsinin səbəbi Azərbaycanın hər an antiterror əməliyyatı apararaq torpaqlarını işğaldan azad edib ərazi bütövlüyünü bərpa edəcəyi haqqında xəbərdarlıqlarıdır:

"Azərbaycan dövləti bu gün ordusunu ən müasir silah və texnika ilə təmin edib. Bizim səfərbərlik resurslarımız yüksəkdir. Bu, çox ciddi göstəricidir. İndi Ermənistan mətbuatının yazdıqlarına əsasən sual verirəm: bütün bu amillər Azərbaycan Ordusunun muzdlu əsgərlərə ehtiyacı olduğunu göstərirmi? Mənə elə gəlir ki, yox. Təbii ki, terrorçu və muzdlu əsgərləri, Liviya və Suriyadan gətirilən ailələri yerləşdirməkdə marağı olan yalnız Ermənistandır. Bugünkü vəziyyətdə əsgər çatışmazlığı, Aprel döyüşlərindən sonra ailələrin Ermənistandan köçüb getməsi və Dağlıq Qarabağda yaşayış məntəqələrinin boşaldılması Ermənistana sərf etmir. Buna görə də erməni tərəfi Yaxın Şərqdəki diaspor təşkilatlarının iştirakı ilə Dağlıq Qarabağda Liviya və Suriyadan olan qaçqınları yerləşdirir".

Ehtiyatda olan polkovnikin sözlərinə görə, Paşinyanın nüfuzunu tamamilə itirməsinin şahidi oluruq: 

"Ermənistan mətbuatında Paşinyanın səriştəsizliyi, yarıtmaz siyasəti haqqında yazılar verilir. Küçədən hakimiyyətə gətirilən baş nazirin nağıllarına artıq onu hakimiyyətə gətirənlər də inanmır".

0