Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları döyüş vərdişlərini təkmilləşdirir. Ümumqoşun poliqonlarının təlim nöqtələrində zirehli texnikaların ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirir. Keçirilən təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.
Maraqlı məqam isə eyni vaxtda Rusiyanın cənub təlim sahələrində 80 mindən çox şəxsi heyətin iştirakı ilə “Qafqaz-2020” komanda-qərargah hərbi təlimlərinin başlaması, lakin Azərbaycan hərbçilərinin həmişəkindən fərqli olaraq, təlimlərdə iştirak etməməsi, yalnız iki hərbçimizin müşahidəçi qismində iştirak etməsidir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu AYNA-ya deyib ki, Ermənistanın son dövrlərdə Azərbaycana qarşı təxribatlarını intensivləşdirməsi rəsmi Bakının əlavə tədbirlərə əl atmasına əsas yaradıb: “Bütün hallarda Azərbaycan Ermənistanın təcavüzünə məruz qalmış ölkə olaraq davamlı şəkildə özünün hərbi qüdrətini artırır. Müdafiə sisteminin gücləndirilməsi, ordunun texniki təchizatının genişləndirilməsi, eyni zamanda hərbi-texniki sahədə əməkdaşlığın inkişafı hər bir dövlətin müdafiə sisteminin dayanıqlığının artırılması tələbindən irəli gəlir”.
“Azərbaycan Ermənistanın işğalçılıq siyasəti nəticəsində münaqişəyə cəlb olunub, bu da təbii ki, orduya daha ciddi diqqətin ayrılmasını tələb edir ki, dövlətimiz bu istiqamətdə təsirli addımları həmişə atıb və atmaqda davam edir. Bunun nəticəsidir ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Təbii ki, ordunun gücləndirilməsi, müdafiə qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də təlimlərin təşkil olunmasıdır. Bildiyiniz kimi, avqustun 29-dan qardaş Tükiyə ilə Azərbaycan 10 günlük genişmiqyaslı hərbi təlimlərini keçirdi. Bunun davamı olaraq da Azərbaycan plan üzrə öz hərbi təlimlərini həyata keçirməkdədir”, - deputat bildirib.
Mirbəşiroğlu Azərbaycanın regionda və beynəlxalq müstəvidəki davranışlarının hər hansı bir dövlətə ismarıc xarakteri daşımadığını vurğulayıb: “Azərbaycan öz xarici siyasət prinsipinə uyğun olaraq bütün dünya ölkələri ilə bərabərhüquqlu, dinc münasibətlər qurur. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan hərbi xarakterli müxtəlif istiqamətlərdə fəaliyyətini genişləndirməklə, eyni zamanda mesajlar da ötürür. Bu mesajlar hər şeydən əvvəl işğalçı Ermənistana və münaqişənin dinc tənzimlənməsi istiqamətində fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunadır. Çünki Azərbaycan Prezidentinin də sərgilədiyi mövqe ondan ibarətdir ki, nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirməyəcəyik. Bir müddət əvvəl ölkə Prezidenti ATƏT-in Minsk Qrupunun “münaqişə yalnız dinc vasitələrlə tənzimlənməlidir” kimi yanaşamsını da tənqid etmişdi. Yəni cənab Prezidentin mövqeyi ondan ibarət oldu ki, əgər ATƏT münaqişənin dinc vasitələrlə tənzimlənməsi istiqamətində hər hansı bir nəticəyə çata bilmirsə, onda Azərbaycan BMT nizamnaməsinə istinad edərək öz ərazi bütövlüyünü təmin etmək hüququndan yararlanacaq”.
“Təbii ki, bu gün Azərbaycanın mövqeyi ondan ibarətdir ki, nəticəsiz danışıqlar bizə lazım deyil və Azərbaycan kifayət qədər səbr etdi. Azərbaycanın işğalçı Ermənistana etdiyi ən böyük güzəşt də bu oldu ki, biz bu günə kimi danışıqlar apardıq. Amma artıq Azərbaycan nəticəsiz danşıqlar aparmaq fikrindən uzaqdır. Təbii ki, müvafiq olaraq Azərbaycan hərbi təlimlərini də genişləndirir, hərbi əməkdaşlıq sistemini də daha dayanqlı və çoxşaxəli edir. Düşünürəm ki, düşmən və ATƏT-in Minsk Qrupu bundan nəticə çıxarmalıdır. Hərbi təlimlərin özü də diplomatiyanın təsirli bir formasıdır. Dövlətlər heç də həmişə öz sözünü silahla demir. Dövlətlər ordusunu gücləndirməklə, hərbi qüdrətini artırmaqla, strateji tərəfdaşlığa malik olduğu ölkələrlə genişmiqyaslı hərbi təlimlər keçməklə də dünyaya mesaj ötürür, bunun praktiki tərəfindən yararlanır, ordusunun hazırlığını yoxlayır və artırır”, - həmsöhbətimiz qeyd edib.
O, hesab edir ki, artıq Azərbaycanın mövqeyindən bir nəticə çıxarılmalıdır: “Azərbaycanın yaratmış olduğu reallıq ondan ibarətdir ki, dünya Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və münaqişənin tənzimlənməsini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür. Düşünürəm ki, bizim formalaşdırdığımız vacib reallıqlardan biri məhz bundan ibarətdir”.
Azad Demokratlar Partiyasının (AzDP) sədri, politoloq Sülhəddin Əkbər də AYNA-nın mövzu ətrafında suallarını cavablandırıb. O, Prezident İlham Əliyevin son dövrlərdə Kremlə, Kremlin də Bakıya münasibətinin dəyişdiyini bildirib: “Bu da istər-istəməz Azərbaycan-Rusiya münasibətlərinə təsirsiz ötüşmür. İlk dəfədir ki, Azərbaycan Rusiyanın keçirdiyi bu təlimlərə belə adekvat reaksiya verir və təbii ki, mən bunu müsbət qiymətləndirirəm”.
“Bu günə qədər tam əksinə olaraq, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkə kimi bu təlimlərə münasibət göstərir və özünü qeyri-adekvat aparırdı. Sevindirici və təqdirəlayiq haldır ki, artıq ilk dəfə olaraq Azərbaycan milli və strateji maraqlarından çıxış edərək adekvat reaksiya göstərir və Rusiyanın “Qafqaz 2020” hərbi təlimlərinin başladığı eyni gündə qismən də olsa, səfərbərlik elan edir və bu məsələdə Türkiyə ilə koordinasiyalı davranır. Bu da o deməkdir ki, artıq Azərbaycan rəhbərliyi öz siyasi maraqlarına uyğun deyil, milli maraqlarına uyğun siyasət həyata keçirməyə başlayıb. Bunu da müsbət qarşılamaq lazımdır”, - AzDP sədri vurğulayıb.
Əkbər prosesləri həm də Rusiyadan uzaqlaşmaq kimi dəyərləndirib: “Çünki dövlət başçısı son çıxışlarında da birbaşa olmasa da, dolayısı ilə Azərbaycan torpaqlarının Rusiya tərəfindən işal olunması, işğal dövründə isə Azərbaycanın maraqlarına zidd siyasətin aparılması barədə açıqlamalar verməyə başlayıb. İlham Əliyevin sonuncu dəfə ölkənin yerli KİV-lərinə verdiyi müsahibəni də bu qəbildən hesab etmək olar”.
“Düşünürəm ki, Azərbaycan müxalifəti də, Azərbaycan cəmiyyəti də rəsmi Bakının başlatdığı bu siyasəti dəstəkləməlidir ki, Azərbaycan hakimiyyəti bu doğru yolda daha inamla hərəkət edə bilsin. Çünki bu, milli maraq kəsb edən siyasətüstü məsələdir. Burada Azərbaycanın bütün partiyaları siyasətüstü davranmalı və hakimiyyətin milli maraqlardan çıxış etdiyi məqamlara şərtsiz dəstək verməldir”, - politoloq fikrini yekunlaşdırıb.