İlham Əliyev azad edilən kəndlərdən danışdı: "Xalqı təbrik edirəm..."

SİYASƏT
14:55 / 27.09.2020
2750

“Bu gün səhər mən bütün cəbhəboyu bölgələrdən məlumat almışam. Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə dəstək verməyə hazırdırlar və bunu edirlər”.

Bunu Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev deyib.

O bildirib ki, Azərbaycan Ordusu Ermənistanın təxribatına cavab olaraq əks-hücum əməliyyatları həyata keçirir.

“Deyə bilərəm ki, əməliyyat uğurla həyata keçirilir, Prezident Administrasiyasına, eyni zamanda, Müdafiə Nazirliyinə göstəriş verildi ki, əhali müntəzəm olaraq hadisələrin gedişatı ilə bağlı məlumatlandırılsın”, - deyə İlham Əliyev əlavə edib.

Prezident bildirib ki, uğurlu əks-hücum nəticəsində işğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilib.

“Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaq. 30 ilə yaxın davam edən ədalətsizliyə, işğala son qoyulacaq. Azərbaycan vətəndaşı illərdir vətən həsrəti ilə yaşayır. Xalqımız artıq öz torpaqlarında yaşamaq istəyir.

Öz dədə-baba torpaqlarından zorla didərgin salınan insanlar öz ata ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, ermənilər xalqımızın dədə-baba yurdunu dağıdıb. İşğal altında olan torpaqlarımızda evlərin, məscidlərin, qəbiristanlıqların vəziyyətinə baxın.

Bütün bunları ermənilər törədib. Biz haqlıyıq, bizim mübarizəmiz haqq mübarizəsidir. Bu gün Azərbaycan vətəndaşı dövlətə tam dəstək göstərir. Vətəndaşlarımız Azərbaycan Ordusunun yanındadır.

30 ildir ki, öz torpaqlarına qayıda bilməyən vətəndaşlarımıza səslənirəm ki, biz əlimizdən gələni edəcəyik ki, siz doğma ata yurdlarınıza qayıdasınız. Tovuz hadisələrində ermənilərə layiqli dərs verildi, lakin onlar bundan nəticə çıxarmadı. Biz bu gün də onlara layiqli dərs verdik və verəcəyik”.

“Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Bizim uğurlu əks-hücum əməliyyatımız işğala, ədalətsizliyə son qoyacaq”, - deyə İlham Əliyev söyləyib.

0