“Azərbaycan xalqı bu gün həm həyəcanlı, həm də qürurverici günlərini yaşayır” - Vüqar Rəhimzadə

SİYASƏT
16:43 / 28.09.2020
766

“Möhtərəm Prezidentimiz İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bizim milli məsələmizdir. Biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun, tarixi ədalət bərpa edilsin, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev Dağlıq Qarabağ probleminin həllində üç əsas amili önə çəkirdi: dövlətin qətiyyəti, xalqın iradəsi, beynəlxalq dəstək. Rəsmi Bakı ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini qətiyyətlə bəyan edir: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz. Xalqımız öz iradəsini ortaya qoyaraq, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz İlham Əliyevin əmrini hər an gözləyirdi. Məsələnin həllində üçüncü amil olan beynəlxalq dəstək isə göz önündədir. Göründüyü kimi, münaqişənin həlli üçün bütün əsaslar mövcuddur. Lakin günü bu gün də nizamlanma prosesini uzadan işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi, dünyanın hələ də işğala “Dur!” deməkdə tərəddüd etməsidir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Hit.Az-a açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti, Azərbaycan Ordusunun gücü, qüdrəti nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, ölkəmizin həyatında, inkişaf tarixində yeni bir mərhələ başlayacaq: “Möhtərəm Prezidentimiz hər zaman bildirir ki, xalqa arxalanır, xalqdan güc alır. Təbii ki, hər zaman xalqının yanında olan, onun daha yaxşı, təhlükəsiz şəraitdə yaşamasını istəyən, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi üçün təkmil islahatlar həyata keçirən, ən əsası Azərbaycanın sözünü imzası qədər dəyərli edən ölkə Prezidentinə milyonların sevgisi, dəstəyi şəksizdir. Xalq-iqtidar birliyi fonunda hər bir çətinlik dəf edilir, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunur.” 

“İki sahil” qəzetinin baş redaktoru diqqəti Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də müxtəlif istiqamətlərdə hücumlarına, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində hərbi təxribatın qarşısını qətiyyətlə almaq üçün göstərdiyi şücaətə yönəldərək bildirib ki, bu əməliyyat nəticəsində bir neçə yaşayış məntəqəmiz işğaldan azad olunub. Xalqımızı bu münasibətlə təbrik edən dövlətimizin başçısı İlham Əliyev bəyan etmişdir ki, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! 
Vüqar Rəhimzadə bu fikri böyük qürur hissi ilə ifadə edib ki, nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan işlər müsbət nəticəsini göstərir: “Bu gün böyük inam və qətiyyətlə bildiririk ki, ordumuzun döyüş ruhu, hazırlıq səviyyəsi düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir. Əsgərlərimizin mənəvi-psixoloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün böyük imkanlara malikdir. Azərbaycan insanı özünü məğlub deyil, hər an qələbəyə doğru addımlayan qüdrətli bir dövlətin vətəndaşı hesab edir.”

“Azərbaycan xalqı bu gün həm həyəcanlı, həm də qürurverici günlərini yaşayır” söyləyən baş redaktor qeyd edib ki, cəbhə bölgəsində Azərbaycanın ərazilərini qoruyan, ölkəmizin təhlükəsizliyinin keşiyində dayanan ordusu ilə yanaşı, onunla daim bir olan, əldə etdiyi qələbələrlə fəxr edən xalqımız var. Xalqla ordunun birliyi həm xalqın, həm ölkənin qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir. Möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi, bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir.

V.Rəhimzadə bildirib ki, ölkə Prezidentinin qeyd etdiyi kimi, biz müharibə istəmirik. Amma Azərbaycanın işğal altında olan torpaqlarını istənilən yolla azad etməsi onun suveren hüququdur:

"Çox qürurverici haldır ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə qadir olduğunu nümayiş etdirir. Düşmənin təxribatlarının qarşısını layiqli cavab tədbirləri ilə alan ordumuz hansı imkanlara malik olduğunu bir daha işğalçı dövlətə göstərir. Düşmən müzəffər Azərbaycan Ordusundan aldığı cavabı, zərbəni uzun müddət unutmayacaq. İşğal olunmuş ərazilərimizin azadlığı uğrunda həlak olan əsgərlərimizə Allahdan rəhmət diləyirik. Onlar şəhidlik zirvəsinə ucalaraq qəhrəmanlıqları ilə gənclərimiz üçün nümunədirlər. Torpaq, əgər uğurunda ölən varsa Vətəndir. Şəhid verməyi bacaran xalq yenilməzdir. Azərbaycan xalqı müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid verməyi bacardığını dəfələrlə sübut edib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqını heç zaman məğlub etmək mümkün deyil, millətimiz mərd və yenilməzdir. «Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!» söyləyən dövlətimizin başçısı cənab İlham Əliyev daim çıxışlarında ermənilərin təxribatı nəticəsində Azərbaycan hərbçilərinin, mülki şəxslərin həlak olduğunu önə çəkərək onların qanının yerdə qalmayacağını bəyan edir".

Baş redaktor onu da vurğulayıb ki, bu gün Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil:

"İqtisadi böhran içərisində çabalayan işğalçı dövlətin güclü ordudan danışması qeyri-mümkündür. Ən əsası Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında dayanmaq imkanında deyil. Artıq heç kim üçün sirr deyil ki, bu və ya digər güc mərkəzləri işğalçı dövləti silahlandırmaqla ona ölkəmizə qarşı yeni müharibəyə başlamaq üçün dəstək göstərsələr də Azərbaycanın güclü, qüdrətli ordusunun hər an belə çirkin təxribatların qarşısını böyük qətiyyətlə aldığının şahididirlər. İrəli, Azərbaycan əsgəri! Eşq olsun Azərbaycan əsgərinə! Xalqımız daim dövlətimizlə, suverenliyimizin qarantı olan ordumuzla birlikdədir. 12 iyul hadisələrindən sonra istər ölkə daxilində, istərsə də xaricdə orduya dəstək adı altında keçirilən yürüşlər, aksiyalar da deyilənlərin təsdiqidir. Hər bir Azərbaycan vətəndaşı bir amal uğrunda mübarizə aparır: Torpaqlarımızı işğaldan azad etmək üçün yumruq kimi birləşmək. Bu qüvvə yalnız sayla ifadə olunmur. Bu, eyni zamanda, iradənin, qətiyyətin, xalqa, millətə, torpağa sevginin təzahürüdür. Son hadisələr göstərir ki, Azərbaycan torpaqlarının işğal altında olması uzun sürməyəcək. Tezliklə münaqişə hansı yolla olursa-olsun öz ədalətli həllini tapacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. QƏLƏBƏ BİZİMLƏDİR! EŞQ OLSUN ALİ BAŞ KOMANDANA! EŞQ OLSUN AZƏRBAYCAN ORDUSUNA!"

0