Ermənilər mülki əhalini qətlə yetirir - Beynəlxalq qaydalarda nə deyilir?

SİYASƏT
21:47 / 28.09.2020
809

Beynəlxalq hüququn bütün norma və tələblərini pozan Ermənistan ordusunun təxribatlarının qurbanı olan mülki vətəndaşlarımızın sayı artdı. Onların içərisində qadınlar və uşaqlar var.

Cenevrə Konvensiyaları Beynəlxalq Humanitar Hüququn əsas sənədləri sayılır ki, burada silahlı münaqişələrlə bağlı qayda və hüquqlar yer alıb.

Cenevrə Konvensiyaları 1949-cu ildə qəbul edilib. 1977 və 2005-ci illərdə onlara üç protokol əlavə edilib. Silahlı münaqişələr hüququ kimi tanınan beynəlxalq humanitar hüquq da, öz növbəsində, iki qola ayrılır:

- Cenevrə hüququ

- Haaqa hüququ

Cenevrə hüququ döyüşdə artıq iştirak etməyən hərbçilərin və döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərin, yəni mülki əhalinin mühafizəsinə yönəlir.

Haaqa hüququ hərbi əməliyyatlar zamanı döyüşən tərəflərin hüquq və vəzifələrini müəyyən edir və düşmənə qarşı istifadə edilən vasitələri məhdudlaşdırır.

Ümumilikdə, Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.

BMT-nin Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli Qətnaməsi ilə qəbul edilmiş “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə”də deyilir:

Hamılıqla və şəksiz məhkum olunmasına baxmayaraq, bir çox xalqların hələ də milli azadlıq hərəkatlarını qəddarcasına yatıran, qadınlar və uşaqlar da daxil olmaqla, ağalıqları altında olan əhaliyə ağır itkilər və saysız-hesabsız iztirablar gətirən müstəmləkəçilik, irqçilik, yadelli və əcnəbi ağalığı boyunduruğu altında olması faktından dərindən narahat olaraq,

Əsas azadlıqların və insan şəxsiyyəti ləyaqətinin əvvəlki kimi ciddi pozuntulara məruz qalması, eləcə də, əcnəbi müstəmləkə ağalığını və irqi ağalığı həyata keçirən dövlətlərin əvvəlki kimi beynəlxalq humanitar hüququ pozmaları ilə bağlı dərindən təəssüfləndiyini bildirərək,

Fövqəladə vəziyyətlərdə və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında bu Bəyannaməni təntənəli surətdə elan edir və təşkilatın bütün üzv dövlətlərini bu Bəyannaməyə ciddi əməl etməyə çağırır:

1. Mülki əhaliyə, xüsusilə, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi və onun bombardman olunması qadağandır və belə hərəkətlər pislənməlidir.

2. Hərbi əməliyyatların gedişində kimyəvi və bakterioloji silahdan istifadə edilməsi 1925-ci il Cenevrə protokolunun, 1949-cu il Cenevrə konvensiyalarının və beynəlxalq humanitar hüquq prinsiplərinin ən biabırçı şəkildə pozulması deməkdir və müdafiəsiz qadın və uşaqlar daxil olmaqla, mülki əhali arasında ən böyük itkilərə səbəb olur və qətiyyətlə pislənməlidir.

3. Bütün dövlətlər qadınların və uşaqların müdafiəsi üçün mühüm təminatlar verən 1925-ci il Cenevrə protokoluna və 1949-cu il Cenevrə konvensiyalarına, həmçinin, silahlı münaqişələr dövründə insan hüquqlarına hörmət edilməsinə aid digər beynəlxalq hüquq aktlarına müvafiq öhdəliklərini tam yerinə yetirməlidirlər.

4. Silahlı münaqişələrdə, əcnəbi ərazilərdəki hərbi əməliyyatlarda və ya hələ də müstəmləkə ağalığı altında olan ərazilərdəki hərbi əməliyyatlarda iştirak edən dövlətlər qadınları və uşaqları müharibənin dağıdıcı nəticələrindən qorumaq üçün bütün səyləri göstərməlidirlər. Təqib, işgəncə, cəza tədbirləri, alçaldıcı davranış və zorakılıq, o cümlədən, əhalinin qadınlardan və uşaqlardan ibarət hissəsinə qarşı bu kimi tədbirlərin qadağan edilməsinə nail olmaq üçün bütün zəruri addımlar atılmalıdır.

5. Müharibə edən tərəflərin hərbi əməliyyatların gedişində və ya işğal edilmiş ərazilərdə, həbsxanaya salma, işgəncə vermə, güllələmə, kütləvi həbsə alma, kollektiv cəzalandırma, mənzilləri dağıtma və yaşayış yerindən zorla qovma da daxil olmaqla, qadınlara və uşaqlara qarşı törətdikləri bütün repressiya və qəddarlıq, insanlıqdan kənar davranış formaları cinayətkar hərəkətlər sayılır.

6. Mülki əhaliyə mənsub olan və sülh, öz müqəddəratını təyin etmə, milli azadlıq və istiqlaliyyət uğrunda mübarizədə fövqəladə vəziyyətlər və hərbi münaqişələr şəraitinə düşən və ya işğal olunmuş ərazilərdə yaşayan qadınlar və uşaqlar, ev-eşikdən, qidadan, tibbi yardımdan, yaxud insan hüquqları haqqında ümumi bəyannamənin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın, Uşaq Hüquqları Bəyannaməsinin, yaxud beynəlxalq hüququn digər aktlarının müddəalarına müvafiq olaraq digər ayrılmaz hüquqlardan məhrum edilməməlidirlər.

Haaqa Konvensiyası-(hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında) 1954-cü il Haaqa konfransında qəbul edilib və 07.08.1954-cü ildən qüvvədədir. 60-dan çox ölkə bu konvensiyanın iştirakçısıdır. Konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur. Konvensiyanın iştirakçıları özlərinin qanunvericiliyində elə qanunlar qəbul etməlidir ki, bu konvensiya onun şərtlərini pozan və pozmağa göstəriş verənləri cəzalandıra bilsin. Haaqa konvensiyasında konvensiyanın tətbiq edilməsi qaydalarını müəyyən edən icraedici reqlament və işğal edilmiş ərazilərdən mədəni dəyərlərin çıxarılmasını qadağan edən protokol qəbul edilib.

Qeyd edək ki, Azərbaycan hökuməti də 1993-cü ildən Konvensiyalara qoşulub.

 

1
Cebhe.info