Ermənistan təxribatlarını davam etdirir.
HİT.Az xəbər verir ki, ermənilər “Facebook” sosial şəbəkəsində müxtəlif adda profillər və səhifələr açaraq, azərbaycanlı ictimai fəallar adından paylaşımlar edirlər.
Onlar iqtisadçı Qubad İbadoğlunun adından yalan məlumat paylaşaraq, növbəti informasiya təxribatına əl atıblar.
Bununla bağlı Q.İbadoğlu açıqlama verərək, Azərbaycan Ordusuna göstərdiyi dəstəyin erməni tərəfinin narahatlığına səbəb olduğunu deyib:
“Əziz dostlar və dəyərli izləyicilər, mənim Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, ordumuza dəstək və milli ruhu artırmaq üçün dərc etdiyim postlar, tvitlərim erməniləri və onların himayəçilərini ciddi narahat edir. Odur ki, adımdan yalan xəbərlər, postlar yayıb bununla ictimaiyyəti çaşdırmaq istəyinə nail ola bilməyənlər indi də “Facebook” və “Twitter” səhifəmdən çoxsaylı şikayətlər etməklə sosial şəbəkədəki fəaliyyətimi dayandırmağa çalışırlar. Bir daha bəyan edirəm ki, şanlı ordumuzun uğurları rəsmi açıqlanandan daha çoxdur.
Qarabağı, işğal altında olan rayonları erməni hərbi birləşmələrindən azad etmək, torpaqlarımıza geri qayıtmaq, eləcə də orada yaşayan dinc erməniləri terrorçuların əsarətindən çıxarmaq bizim haqqımızdır.
Allahın mərhəməti əsgər və zabitlərin üzərindən əskik olmasın”.
Qeyd edək ki, “Facebook”da “Genc Bozqurdlar” səhifəsini ermənilər idarə edir və gün ərzində dezinformasiya yaymaqla məşğuldurlar.