Ermənistan KTMT üzvlərini və müttəfiq olduğu digər dövlətləri prosesə qoşmaq üçün döyüş coğrafiyasını dəyişməyə cəhd edir. Yəni döyüşü Qarabağdan Ermənistan-Azərbaycan sərhəddinə keçirmək istəyir.
Maraqlıdır, Ermənistan məqsədinə çata bilərmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında deyib ki, əgər Ermənistandan yenə Tovuz istiqamətində təxribat törədilərsə, lazımi cavab veriləcək:
“Ermənilər iyulun 12-də təxribat törətdilər və nəticədə biz Ermənistan ərazilərinə zərbələr endirdik. Bu zaman heç kim Ermənistanı müdafiə etmədi, heç Rusiya da gəlib Ermənistanın əvəzinə savaşmadı. Hazırda isə Tovuz istiqamətində sakitlikdir. Bizim əsas hədəfimiz öz ərazimizi azad etməkdir. Dövlət başçısı da bunu dəfələrlə vurğulayıb ki, bizim Ermənistana hücum etmək planımız yoxdur. Amma əgər Ermənistan yenə Tovuz istiqamətində təxribat törədərsə, cavabını alacaq”.
Mütəxəssisin sözlərinə görə, artıq heç kim Ermənistanı müdafiə etməyəcək:
“Belarus, Qazaxıstan, Qırğızıstan və KTMT-nin üzvü olan digər dövlətlər Azərbaycanın əleyhinə getməz, Rusiyanın özü də son günlər neytral mövqe nümayiş etdirir. Birbaşa Ermənistana dəstək vermir. Çünki Rusiyada da anlayırlar ki, müharibə Azərbaycan ərazisində gedir və bölgədə Türkiyə amili var. Rusiya bununla hesablaşır. Rusiya bilir ki, əgər Ermənistan tərəfdən münaqişəyə qoşularaq Azərbaycanın əleyhinə addımlar atsa, həm Azərbaycanla tərəfdaşlıq münasibətlərini korlayacaq, həm də qarşısında Türkiyəni görəcək. Bu iki amili nəzərə alaraq hələlik Rusiya prosesə müdaxilə etmir və bu, bizim xeyrimizədir. Ermənistan da başa düşür ki, təxribat törətsə, biz ona cavab verəcəyik. Biz Vardanes rayonunda müəyyən hərbi məntəqələrə zərbələr endirmişik, çünki oradan Daşkəsəni vururdular. Buna görə kimsə Ermənistanı müdafiə etmir, heç kim qarışmaq istəmir. Heç kim gəlib Ermənistanın əvəzinə savaşmayacaq. Rusiyanın Ermənistana hərbi texnika göndərməsi başqa məsələdir, yenə göndərəcək, amma canlı qüvvə ilə Ermənistana dəstək verməyəcəklər”.