Vahid Qazi İsveç XİN-ə müraciət etdi

SİYASƏT
18:39 / 29.09.2020
1003

İsveçdə yaşayan tanınmış yazar Vahid Qazi İsveç Krallığının Xarici İşlər naziri Ann Linde xanıma məktub ünvanlayıb. Həmin məktubun tərcüməsini Hit.Az-ın oxucularına təqdim edirik:

"İsveç Krallığının Xarici İşlər naziri Ann Linde xanıma

Günaydın, Ann!
Tvitter səhifənizdə bir paylaşım marağıma səbəb oldu. Yazırsınız: ”Azərbaycanla Ermənistan arasında döyüşlərin başlamasından narahatam. Dərhal dayandırılmalıdır”. Həmçinin qeyd edirsiniz ki, vəziyyətdən sülh yolu ilə çıxmaq üçün bu həftə azərbaycanlı və erməni həmkarlarınızla danışacaq, müzakirələr aparacaqsınız.

Sizin bu məsələyə biganə qalmamanıza, təşəbbüsünüzə böyük dəyər verirəm. Məni sizə yazmağa sövq edən səbəb bu döyüşlərdə uşaqların ölüm xəbəri oldu. Bu günlərdə erməni bombardmanları nəticəsində Azərbaycanın Naftalan bölgəsində 13 və 14 yaşlı Fidan və Şəhriyar Qurbanovlar ailələriylə birgə həlak oldular.

Bu həftə siz Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəksiniz. İstərdim xatırladım ki, İsveç 1992-ci ildə Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa görə başlayan müharibənin sülh yolu ilə çözülməsi üçün yaradılan ATƏT-in Minsk qrupunun üzvüdür. Təəssüf ki, 28 il ərzində sülhə nail olunmayıb. Mənim fikrimcə, problemin həllində İsveç də məsuldur, odur ki, sizə müraciət etməyə qərar verdim.

Atəşkəs münaqişəni həll etmir, onu növbəti döyüşlərə qədər dondurur! 

BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun Azərbaycan torpaqlarından dərhal, qeyri-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874, 884 saylı qətnamələrini yadınıza salmaq istəyirəm. Avropa İttifaqı Parlament Assambleyasının qərarlarında da erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması tələb edilir. Münaqişənin həlli yeganə yolu budur.
Ümid edirəm ki, söhbət zamanı Ermənistan xarici işləri nazirindən Ermənistan ordusunun Azərbaycan ərazisindən çıxarılmasını tələb edəcəksiniz. 

İsveç bütün dünyada neytral mövqeyi, sülhpərvər siyasətiylə tanınır. İnanıram ki, İsveçin konfliktin ədalətli həllinə öz töfhəsini verə bilər.

Sayğılarımla,
Vahid Qazi
Yazıçı, publisist"

0