Günün sualı: “Din qardaşlığı budurmu, Tehran?”

SİYASƏT
12:03 / 30.09.2020
5370

Qarabağda başlanan növbəti hərbi eskalasiya indi bir qədər fərqli müstəvidə cərəyan edir. Ermənistanın köhnə müttəfiqi Rusiya bu dəfə neytral olmağa çalışır, iki Qafqaz ölkəsinin öz mübahisələrini öz aralarında həll etməsini kənardan müşahidə edir. (Ya da belə görünür).

İllər uzunu Azərbaycanı özünə qardaş ölkə adlandıran, din-məzhəb birliyindən dəm vuran, şiə qardaşlığından bəhs edən İran isə özünü məhz Ermənistanın müttəfiqi kimi aparır, ona maşın karvanlarıyla ərzaq, silah-sursat yardımı göstərir. (Müvafiq görüntülər yayılıb artıq).

Ən pisi isə odur ki, İranın siyasi rəhbərliyi aqressor Ermənistanla ərazi itkisinə məruz qalan din-məzhəb qardaşı Azərbaycanın arasına bərabərlik işarəsi qoyur, təcavüzkardan öz məcrasına, qəlibinə qayıtmağı tələb etmir.

Bu cür düşmənin əlini gücləndirən hərəkətlərə yol verən İran rəsmiləri sonra da Azərbaycanda Türkiyəyə olan rəğbəti görüm qeyzlənirlər: "Əmioğlu gəlib qardaşdan irəli olub". Bu ona görədir ki, əmoğlu özünü qardaş kimi aparır, qardaş isə düşmənə ötürmə edir.

Bəs harda qaldı tarixi vahidlik, din qardaşlığı, imam Əli əleyhissəlam yolunun yoldaşlığı?

Bu xüsusda yalnız İran İslam İnqilabının rəhbəri Ayətullah Xameneyinin nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyyid Həsən Amilinin bəyanatlarını fərqləndirmək olar.

Seyyid Amili bildirib ki, Azərbaycan dövlətinin qəsb olunmuş ərazilərini geri almaq üçün atdığı addım kamil şəkildə şəri və qanunidir: “Beynəlxalq hüquqlara əsasən hər dövlətin öz ərazisini qorumaq üçün müdafiə və digər dövlətlərdən kömək almaq hüququ vardır. Biz islamçı İran və inqilabın fəlsəfəsi olaraq məzlumu müdafiə etməyi və zalımla mübarizə aparmağı öz dini, insani və islami vəzifəmiz bilirik. Bu üzdən son qazanılmış qələbələrə görə böyük Azərbaycan millətini təbrik edirik və Qarabağın tamamilə azad edilməsini Allahdan arzu edirik...”.

Arzu edək ki, nəhayət İranın siyasi rəhbərliyi də öz paniranizm siyasətindən çəkinsin, Qarabağ konfliktinə dini təəssübkeşlik prizmasından baxmasa da, geosiyasi maraqlar baxımından da baxmasın, daima elan və bəyan etdiyi kimi, haqq-ədalət prizmasından, məzlumun zalımla mübarizəsinə yanaşan kimi yanaşsın, ən azı, neytral olsun, bizi 100 illik qəvi düşmənimizlə baş-başa buraxsın ki, dünyanın neçə bucaq olduğunu onlara göstərə bilək.

1
Musavat.com