"3 gündür müharibə başlayıb, Azərbaycan ordusu çox uğurlu əməliyyatlar keçirir"
Bunu Milli.Az-a açıqlamasında Aprel döyüşlərinin qazisi, ehtiyyatda olan baş leytenant Mehdiyev Əhliyar deyib.
Aprel döyüşlərinin qazisi bildirib ki, bir neçə günə Azərbaycan ordusu bütün torpaqlarımızı işğaldan azad etmək gücünə qadirdir:
"Ayın 27-dən etibarən düşmən təxribatının qarşısını çox uğurlu şəkildə alan ordumuz, əks-hücumda çox qısa bir müddətdə, elə ilk gün Füzulinin 5 kəndi, Cəbrayılın iki kəndi azad olundu. Daha sonra Murov yüksəkliyinin, Talış ətrafı yüksəkliklərin azad olunması, növbəti son iki gündə də ordumuz cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Düşmənə məxsus 230-dan artıq tank, 200-dən artıq texnikası, 25-ə qədər hava hücumundan müdafiə sistemi vurulub. Bütün bunlar Azərbaycan ordusunun çox qısa müddətə əldə etdiyi uğurlardır. Cəbhədə üstünlük Azərbaycan ordusundadır. Bu gedişlə hər birimiz ümidvarıq ki, çox qısa bir müddətdə, bir neçə günə Azərbaycan ordusu bütün torpaqlarımızı işğaldan azad etmək gücünə qadirdir.
Azərbaycan xalqının ürəyi cəbhəylə döyünür
Bu gün hər bir Azərbaycan gənci, hər bir azərbaycanlı kişisi Ali Baş Komandanı, Azərbaycan ordusunu dəstəkləyir. Könüllü olaraq 100 minlərlə gəncimiz Səfərbərlik Xidmətinə müraciət edib. Bu gün də biz o gənclərin necə sevinərək, toy-bayramla döyüşə getməsinin şahidiyik. Hər bir azərbaycanlı əsgəri, zabiti döyüş mövqeyində qəhrəmanlıq göstərir. Azərbaycan xalqının ürəyi cəbhəylə döyünür.
30 ilə yaxındır ki, Azərbaycan xalqı bu günü gözləyirdi
Qarabağ məsələsi bizim milli məsələmizdir. 30 ilə yaxın bir müddətdir ki, Azərbaycan xalqı bu günü gözləyirdi. Hər birimiz Ali Baş Komandanın əsgəriyik. Biz özümüz də bir neçə dəfə müraciət etmişik, zəng vurmuşuq, onlayn qeydiyyatdan keçmişik. İnanırıq ki, çox qısa bir müddətdə hər bir Azərbaycan kişisinin iştirakı ilə biz torpaqlarımızı azad edəcəyik. Gözləntimiz çox böyükdür.
3 gün də belə davam etsək Ermənistan ordusu dizini yerə qoyacaq
Bu gedişlə inanıram ki, inşAllah 18 oktyabr Müstəqillik Günündə artıq biz Qarabağın bütün nöqtələrində Azərbaycan bayrağını qaldırmağın şahidi olacağıq. Gözləntimiz ancaq qələbədir, zəfərdir. Ümidimiz böyükdür, Azərbaycan əsgərinə, Ali Baş Komandana güvənirik. Ordumuz demək olar ki, bütün istiqamətlərdə erməniləri diz çökdürüblər. İnanıram ki, bu 3 günkü kimi 3 gün də davam etsək Ermənistan ordusu dizini yerə qoyacaq. Bu gün sentyabrın 30-dur, uzağı oktyabrın 3-ü axşama qədər maksimum, nə qüvvəsi var qoyub ortalığa indiki kimi düşmənin başına mərmi töksə, od ələsə yüz faiz deyirəm, erməninin cavab verməyə nə elə bir ehtiyyatı var, nə də başqa bir şeyi.
İnanmıram ki, erməni ordusu buna 3 gündən artıq tab gətirsin
Bizdə hamı Hərbi komissarlığın qarşısında gülərək, sevinərək döyüşə gedir, amma erməni tərəfində bir panika, qorxu var. Silah-sursatların, texnikalarını atıb qaçırlar, ümumiyyətlə döyüş mövqeyini tərk edirlər. Kadrlarda gördük ki, yalvarırlar, çığırırlar, döyüşmək istəmirlər, boyun qaçırırlar. Ordumuz bütün istiqamətlərdə onları mühasirəyə alıbdır. Bəziləri tərksilah olub, bəziləri təslim olurlar. Artıq onlara ordu demək olmaz. İndiki vəziyyətdə cəmi 3 gün bəs edir ki, erməni ordusu darmadağın olsun. İnanmıram ki, erməni ordusu buna 3 gündən artıq tab gətirsin".