"Ermənistan hökuməti şərtimə əməl edərsə, döyüşlər dayanacaq" - İlham Əliyev

SİYASƏT
17:18 / 30.09.2020
2087

Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq.

Hit.Az AZƏRTAC-a istinadən xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu fikirləri Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə deyib.

Dövlət başçısı bildirib:

"Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Bizə qarşı yeddi şərt qoyubdur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək. Biz sülh istəyirik, biz məsələnin həllini istəyirik, əks təqdirdə 30 ilə yaxın danışıqlara ümid bəsləməzdik. Danışıqlara bizim sadiq qalmağımızın yeganə səbəbi o idi ki, ümid var idi. Bizə ümidlər verilirdi, bizə siqnallar göndərilirdi ki, bir qədər səbir edin, məsələ həll olunacaq. Amma mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib. Dünyanın ali beynəlxalq qurumu olan BMT-nin nizamnaməsində göstərilir ki, hər bir dövlətin özünümüdafiə haqqı var və biz bundan istifadə edirik, özümüzü müdafiə edib, əks-hücum əməliyyatına keçib bu gün düşmənə sarsıdıcı zərbələr endiririk".

0