“Rayonlar ləğv edilsin”

SİYASƏT
09:13 / 11.05.2020
5197

“Deputat Vahid Əhmədovun Azərbaycanda rayonlarının ləğv edilib, yerində 12 iqtisadi zona yaradılması haqqındakı fikirlərini oxuyanda, rəhmətlik Elmar Hüseynovla bu barədə düşüncələrimiz yadıma düşdü. Hələ 2000-ci ildə biz bu barədə düşünürdük və 12 yox, 8 zona (mahal, vilayət və başqa cür adlandırılmasını vacib saymırdıq) nəzərdə tutmuşduq. Səhv etmirəmsə, bu barədə o dövrlər nəşr etdirdiyimiz “Monitor” jurnalında, yaxud “Demokratik Azərbaycan”, “Bakinskiye Vedomosti”, “Bakinskiy Bulvar” qəzetlərində belə bir yazı da olmuşdu...”

Hit.Az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Bu bölgünü biz aparanda tək iqtisadi tərəfləri yox, həm də siyasi tərəfləri düşünürdük. Özü də əsas məqsəd ölkənin bu cür idarə olunmasında iqtisadi faydadan çox siyasi faydanın olacağını düşünürdük. O dövr biz hesab edirdik ki, ölkənin bu cür idarə edilməsi demokratiyanın inkişafına təkan verəcək. Belə ki, həmin 8 zonada seçkili orqanların olacağını və həmin orqanlara seçiləcək şəxslərin siyasi elitanın formalaşmasında böyük rollarının olacağını hesab edirdik. Bizdə ən çox narahatçılıq yaradan məqam o idi ki, bütün siyasi partiyaların liderləri Bakıda fəaliyyət göstərirdi və onların bölgələrdəki prosesləri tam dərk etmədiklərini düşünürdük. Bu həm də yerlərdəki xanlıqların- icra başçıları institunun ləğvi, minlərlə rüşvət mənbəyi olan məmurların fəaliyyətinin sonu və bələdiyyə sisteminə keçidin başlanğıcı olardı. 8 bölgədə seçkili orqanlar formalaşıb fəaliyyət praktikası toplayandan sonra ölkədə Parlament idarəçiliyinə keçilməsini zəruri sayırdıq.

Bölgünü də belə aparmışdıq Abşeron, Salyan-Lənkəran, Sumqayıt-Qusar, Şəki, Gəncəbasar, Aran, Naxçıvan, Qarabağ zonaları. Zonaların say məsələsi də sırf arifmetik hesablama deyildi. Bu həm də gələcəkdə ölkədə hansısa xoşagəlməz meyllərinin qarşısını almaq məqsədi güdürdü. Bu mövzuda müzakirəni çox faydalı sayıram. Ona görə bu gün də hesab edirəm ki, əgər elə bir bölgü aparılarsa 12 yox, məhz 8 bölgə barədə fikirləşmək lazımdır” – A.İsmayılov qeyd edib.

14
Pravda.az