İranın azərbaycanlılar yaşayan 4 əyalətində olan Ayətullah Xameneinin təmsilçiləri Azərbaycan Respublikasının haqq işini dəstəkləyən bəyanat yayıblar.
APA-nın məlumatına görə, Bəyanat İran mətbuatında, eləcə də dövlət televiziyasından yayımlanıb.
Bəyanatda deyilir: “Qarabağın Azərbaycana aid olmasında, onun Ermənistan tərəfindən işğal edilməsində heç bir şübhə yoxdur. Eləcə də Qarabağ ərazisinin Azərbaycan Respublikasına qayıtmasının vacibliyində də heç bir şübhə yoxdur.
Azərbaycan hökumətinin işğal olmuş Qarabağ ərazisini geri almaq üçün atdığı addım tamamilə qanuni və dinidir. Azərbaycan bu addımı ilə BMT TŞ-nın qətnamələrini həyata keçirmək istəyir.
Biz Quran ayələri, Peyğəmbərin və Əhlibeyt imamlarının sünnəsi və İslam inqilabının fəlsəfəsinin tələbinə uyğun olaraq, zülmə məruz qalanları himayə və müdafiə etməyi özümüzə borc bilirik.
Azərbaycan xalqı hamıdan yaxşı bilir ki, İran İslam Respublikası Qarabağ müharibəsi dövründə Azərbaycana ən yüksək dəstək və yardım göstərib, bütün beynəlxalq dairələrdə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib, Xarici İşlər Nazirliyi də son hadisələrdə bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Hazırda Azərbaycanın Naxçıvana quru yolu təkcə İran İslam Respublikası ərazisindən keçir və İran bu torpağı səxavətlə Azərbaycanın istifadəsinə verib.
Təəssüf ki, son günlərdə iki dost ölkə arasındakı münasibətləri görmək istəməyən bəzi qüvvələr əsassız bəhanələrlə hay-küy qaldırıb, qalmaqal yaradıb və İslam Respublikasını xəyanətdə ittiham edib. Bu məsələ tələb edir ki, biz düşmənin psixoloji müharibə miqyasına həssas yanaşaq və onların pis niyyətlərinin həyata keçməsi üçün alətə çevrilməyək.
Biz Azərbaycanın son qələbələrini uca tuturuq, Allahdan Azərbaycanın böyük xalqının şəhidlərinə ülvi dərəcələr diləyirik və arzu edirik ki, bu döyüş tezliklə haqq sahibinin öz haqqına çatması ilə sona yetsin.
Seyid Həsən Amili, Ərdəbil əyaləti üzrə təmsilçi;
Əli Xatəmi, Zəncan əyaləti üzrə təmsilçi;
Seyid Məhəmmədəli Ali-Haşim, Şərqi Azərbaycan əyaləti üzrə təmsilçi;
Seyid Məhdi Qüreyşi, Qərbi Azərbaycan əyaləti üzrə təmsilçi.
30 sentyabr, Urmiya”.