Azərbaycan işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda haqlı savaşına başlamalıydı və başlayıb.
“Yeni Müsavat” bildirir ki, buna 27 illik nəticəsiz danışıqlar əsas verirdi.
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın yalvarışlarla dolu danışıqlara qayıtmaq istəyi, münaqişənin həllinin müharibə olmadığını söyləməsi gecikmiş arzulardır.
Çünki Azərbaycan 27 il danışıqların bütün formatlarında iştirak etdi, münaqişənin sülh yolu ilə həlli üçün «Madrid prinsipləri»ndən tutmuş «Kazan formatı»na qədər müzakirələr apardı.
Lakin Ermənistan ipə-sapa yatmadı, bütün danışıqları pozdu, qeyri-konstruktiv mövqeni davam etirdi, status-kvonun dəyişməməsi üçün əlindən gələni etdi.
Odur ki, sentyabrın 27-dən ordumuzun bütün istiqamətlər üzrə əks-hücum əməliyyatlarına başlaması səbrimizin daşan son damlası idi.
Ermənistanın istər əvvəlki hərbi - siyasi rəhbərliyi, istərsə hakimiyyətdə olan indiki qüvvə danışıqlar prosesində irəliləyiş üçün heç bir addım atmadılar.
Paşinyan küçədən kresloya gəldikdən sonra isə danışıqlar tamamilə dalana dirəndi. Eyni zamanda 90-cı illəri yada salmaq yerinə düşər.
Mərhum prezident Heydər Əliyevin dönəmində də müxtəlif həll variantları ilə bağlı müzakirələr olsa da, Ermənistan danışıqlar masasında status-kvonu saxlamağa çalışırdı.
Ümumiyyətlə, 1994-cü ilin mayında Azərbaycan və Ermənistan arasında Bişkekdə atəşkəs haqda müvəqqəti müqavilə imzalanandan bəri hərbi əməliyyatların başlanma riski barədə çoxlu proqnozlar səslənirdi.
Müharibə riskinin artıb-azalmasında həm də beynəlxalq aləmdə baş verən hadisələrin obyektiv və subyektiv faktorları var idi.
Üstəlik, ATƏT-in Minsk Qrupu həmsədlərinin bu illər ərzində “turist” səfərləri, təşkil etdiyi nəticəsiz danışıqlar göstərirdi ki, müharibə gec-tez alovlanacaq. Çünki düşmən işğal etdiyi torpaqlarımızla bağlı heç bir kompromisə getmir.
İndi isə düşmən havadarlarına, onu illərlə siyasi cəhətdən himayə edən, silah-sursat göndərən ağalarına yalvarır ki, atəşkəsə nail olsunlar.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun “Yeni Müsavat”a dediyinə görə, bu günə qədər azı 20-yə yaxın həll variantları olub. Onun sözlərinə görə, Ermənistan hamısından qaçıb:
“Onlar danışıqlar prosesində guya iştirak edirdi, amma konket məsələlərdən yayınırdılar. Bu, Ermənistanın sadə taktikası idi. Paşinyan dövründə isə danışıqlardan imtina etməyə başladılar”.
T.Zülfüqarov hesab edir ki, prezident İlham Əliyev Münhen debatında fikirlərini açıqlamışdı: “Prezident demişdi ki, biz erməni əhalisinə Dağlıq Qarabağın Azərbaycanın tərkibində yüksək səviyyəli muxtariyyət verməyə hazırıq. Amma qəbul etmədilər. Biz onların bu cür mövqeyini görəndə təbii ki, öz mövqeyimizi sərtləşdirdik.
Ondan sonra Prezident dedi ki, erməni əhalisi Qarabağda azərbaycanlılarla bərabər hüquqlara sahib ola bilərlər. Yəni artıq hansısa status mövqeyi müzakirə olunmur".
Hazırda gedən döyüşlərlə bağlı fikrini bildirən sabiq nazirin sözlərinə görə, Azərbaycan rəsmi mövqeyini elan edib: “Danışıqların bərpası qrafik üzrə tərtib olunmuş sənəd üzərində mümkündür. Hələ 1992-ci ildə Minsk Qrupu fəaliyyətə başlayanda təkcə Şuşa və Laçın işğal edilmişdi.
Həmsədrlər qrafik şəklində sənəd təklif edirdi. Bu cür sənəd təqdim etsələr, danışıqların texniki tərəfləri müzakirə edilə bilər".
Politoloq Ramiyə Məmmədovanın fikrincə, münaqişənin danışıqları yolu ilə həlli üçün Azərbaycan 27 il dözüm nümayiş etdirdi:
“Dağlıq Qarabağın danışıqlara tərəf kimi qatılması məsələsi də yeni mahnı deyil, Ermənistan illərdir bunu reallaşdırmağa cəhd edir. Amma indiyədək bu nə hüquqi və nə də institusional forma tapıb.
Kremlə isə hazırda Dağlıq Qarabağ probleminin hər hansı formada həlli sərf etmir, çünki problemin həll ediləcəyi halda Moskva ya Bakını, ya da İrəvanı itirəcək, bu isə Kremlə lazım deyil və o, Dağlıq Qarabağ problemi ilə hələ ki Bakını və İrəvanı ətrafında saxlamağa üstünlük verir.
Ona görə də Azərbaycanın apardığı haqlı savaş danışıqların dalana dirənməsinin nəticəsidir. Biz daha 30 il gözləyə bilmərik və Ermənistanın bundan sonra danışıqlar yolu ilə anlaşmaya gələcəyinə inam yoxdur".
Ekspertin sözlərinə görə, Azərbaycan dünyaya danışıqları pozan tərəfin Ermənistan olduğunu sübut edir: “Fransa prezidenti Makron əl-ayağa düşüb, Putin və Trampla Dağlıq Qarabağdakı hərbi əməliyyatlarla əlaqədar telefon danışıqları aparmağı planlaşdırdığını açıqlayıb.
Beynəlxalq ictimaiyyət görür ki, Azərbaycan 27 il hərb yox, sülh yolu ilə torpaqlarının azad edilməsi üçün mübarizə aparıb.
Qəbul edilən bütün konvensiyalara, qətnamələrə baxmayaraq, Ermənistan mövqeyini dəyişmədi və nəticəsi bu gün göz qabağındadır, ordumuz irəliləyir, Qərb çıxış yolu axtarır. Prezident də bəyan etmişdi ki, dünya onları dayandıra bilməsə, biz dayandırmağın yolunu bilirik".