Lukaşenkodan Bakı və Yerevana ZƏNG (Yenilənib)

SİYASƏT
15:05 / 01.10.2020
2518

Xəbər verdiyimiz kimi, oktyabrın 1-də Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

HİT.Az xəbər verir ki, Azərbaycan Prezidentinin Mətbuat Xidməti bu barədə məlumat yayıb. 

Belarus Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı yaranmış vəziyyətlə maraqlanıb.

Dövlətimizin başçısı məlumat verərək bildirib ki, Ermənistanın sentyabrın 27-də səhər saatlarında başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli ağır artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində bu günə kimi hərbi qulluqçularımız, 17 mülki şəxs həlak olub, 50-dən çox mülki şəxs yaralanıb, 200-dən çox ev dağıdılıb. Buna cavab olaraq Azərbaycan tərəfi əks-hücum əməliyyatlarını həyata keçirir.

Prezident İlham Əliyev qeyd edib ki, artıq Ermənistan ərazisindən də Azərbaycan mövqeləri atəşə tutulur ki, bu da qəti şəkildə yolverilməzdir. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın hərbi təcavüzünə son qoyulmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Prezident İlham Əliyev onu da bildirib ki, Ermənistan tərəfi şüurlu şəkildə danışıqlar prosesini pozur və Ermənistan hərbi təxribatlara rəvac verməklə yanaşı, danışıqlar prosesinə də böyük zərbə vurur.

***

Belarus lideri Aleksandr Lukaşenko Bakı və Yerevana zəng edib.

HİT.Az xəbər verir ki, Belarus lideri İlham Əliyev və Nikol Paşinyana ayrı-ayrılıqda zəng edərək Qarabağda gedən döyüşlər barədə fikir mübadiləsi aparıb.

1