Qarabağ probleminin həlli Rusiyanın regionda mövqeyini zəiflədə bilər - Anar Əsədli

SİYASƏT
14:50 / 01.10.2020
1204

“Bu gün Rusiya da daxil olmaqla super güclərin arasında dünya ölkələrinə nüfuz və onları idarə etmək baxımından qızğın savaşlar gedir. Rusiya son bir neçə əsrin super gücü kimi dünyada gedən bütün siyasi, hərbi münaqişələrdə birbaşa və ya dolayısıyla iştirak etmiş ölkədir. Yaxın tarixə nəzər saldıqda bu savaşlarda Rusiyanın hansı rol aldığı və nəticədə nə əldə etdiyi aydın olur”.

Bunu HİT.Az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının (AYP) Təşəbbüs Qrupunun üzvü Anar Əsədli deyib.

A. Əsədli bildirib ki, XX əsrin əvvəllərində və xüsusən II Dünya Savaşından sonra Rusiya böyük nüfuz qazanıb: “Şərqi Avropanı və Asiyanın böyük bir hissəsini nəzarəti altına aldı. Güc paylaşımında böyük uğurlar əldə etdi. Lakin əsrin ikinci yarısından sonra vəziyyət get-gedə dəyişir. Sualı belə qoyaq: iki Böyük Cahan Savaşından başqa, XX əsrdə daha hansı savaşlar olub? Əfqanıstan savaşı, Koreya savaşı, Vyetnam savaşı, Balkan savaşları, İraq savaşı, Liviya savaşı, Suriya savaşı, uzun illərdir, sürən İsrail-Fələstin münaqişəsi... Bütün bu savaşlar ya siyasi cəhətdən regionda gücün qorunmasına, ya da neftin paylaşılmasına yönəlik aparılıb. Rusiya bu savaşlarda hansısa formada iştirak edib və böyük əksəriyyətində ya məğlub olub, ya da qismən güzəştlər hesabına mövqeyini qoruyub”.

AY Partiya təmsilçisi qeyd edib ki, SSRİ-nin de-fakto və de-yure dağılması Rusiyanın zəifləməsinə səbəb olub. 

“Varşava müqaviləsi (SSRİ-nin başçılıq etdiyi) ləğv edildi. Rusiya Avropadan (Şərqi Avropa və Baltikyanı ölkələr daxil olmaqla) birdəfəlik çıxarıldı. İkinci Dünya Savaşından sonra aparılan güc paylaşılması siyasətinə son qoyuldu. 

Əlbəttə, bu məğlubiyyətlər uzun əsrlər “dünyanın ən güclüsü mənəm” deyən rusun qüruruna toxunur. Bu səbəbdən gücünü nisbətən qoruyub saxladığı keçmiş postsovet ərazisinə Rusiyanın tam mütləqiyyətlə yenidən sahib çıxmaq istəyi təbiidir. Rusiyanın müəyyən regionlarda kiçik ərazilərə sahib çıxması dünyanı o qədər də narahat etmir. Məsələn, Gürcüstanda Abxaziyanın Rusiya nəzarətində olması o qədər də narahatlıq yaratmır, lakin Gürcüstana hücum edəndə Rusiya durduruldu. Rusiya geri çəkildi. Əlbəttə, Gürcüstan kimi kiçik dövlətin Rusiya kimi nəhəngi geri çəkilməyə məcbur edəcək gücü yox idi - lakin Qərbin var. Rusiya Abxaziya ilə kifayətlənməli oldu. Krım dünyanın siyasi marağından kənar ola bilər, lakin Ukrayna marağındadır. 

Yəni, bu dəyişikliklər Qərbin nəzərindədir və bunu həyata keçirmək Rusiya üçün o qədər də asan deyil. Hansısa dövlətdən qopardığı kiçik torpaq parçaları Qərbin marağında olmaya bilər, lakin bu, Amerika və Avropanın strateji baxımdan Rusiyanın işğal siyasətinə göz yumacağı anlamına gəlmir”, - deyə A. Əsədli əlavə edib.

Təşəbbüs Qrupunun üzvü qeyd edib ki, bu gün artıq Azərbaycan və Qafqaz regionu xüsusi olaraq Qərbin və Amerikanın marağındadır, Rusiyanın regionu tamamən işğal etməsinə göz yumulmayacaq: “Əksini düşünmək ən azından son dövrlər böyük anlamda Ön Asiyada baş verənləri görməzdən gəlməkdir. Rusiya İraqda uduzdu, Liviyada uduzdu və tamamən mövqelərini itirmək üzrədir. Türkiyənin Suriya və Liviyada apardığı uğurlu hərbi əməliyyatlar bu mövqelərdə hələ də Amerika maraqlarından xəbər verir. 

Digər bir tərəfdən elə Rusiyanın çox qüvvətli imperialist dövlət olmaq istəyi onun mövqelərinin bir səbəbdən deyil, bir çox səbəbdən zəiflədəcək. Həm Amerika bütün mövqelərdə özü savaş aparmadan siyasi yolla güclənməyə çalışır. Buradan da Türkiyənin güclü dəstək verməsi Amerikanın işinə yarayır. BBC jurnalistinin Paşinyana “sizin Azərbaycan torpaqlarında nə işiniz var?” kimi suallar verməsi Qərbin dəyişən mövqeyinin göstəricisi idi. Yəni qərb regionda güclərin balansını öz xeyrinə dəyişmək istəyir və Rusiyanı burada artıq görmək istəmir.
Fransa kimi ermənipərəst dövlətin də bu dəfə susması və sakitcə sülh çağırışlarına qoşulması Rusiyanın buradakı mövqeyini müdafiə edən tərəfin qərbdən dəstək ala bilməyəcəyini göstərir.
Bu baxımdan da bir tərəfdən Qərbin maraqları və bu maraqların təminatçısı kimi Türkiyəyə məcburən güvənilməsi - nəzərə alsaq ki, son dövrlər Türkiyənin regionda güclənən mövqeyi və irimiqyaslı uğurlu hərbi əməliyyatları Rusiyanın münaqişəyə fərqli mövqe sərgiləməsinə səbəb oldu -, digər tərəfdən Rusiyanın yuxarıda da qeyd etdiyim kimi II Dünya Müharibəsindən sonra yığdığı gücü və mövqelərini yavaş-yavaş itirməsi, bizim mövqelərin bu qədər güclənməsi onu göstərir ki, Qarabağ problemini həll edib, Rusiyanın regiondan tamamilə çıxmasına nail ola bilərik. Rusiya çox regionda dirəniş göstərdi, amma nəticəsi nə oldu? O regionları tərk etdi. Qafqazı da tərk edəcək. İnanmayanlar tarixə nəzər yetirsinlər!”

0