Paşinyanın arvadı yenə Azərbaycan torpağında sülh çağırışı etdi

SİYASƏT
15:37 / 23.05.2020
1541

Ermənistan Baş naziri N.Paşinyanın arvadı Anna Akopyan mayın 21-də əri ilə birgə Şuşadakı məlum andiçmə mərasimi ilə bağlı Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz səfərdə olarkən yenidən sülh çağırışları edib.

Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, "Mənim addımım" və "Təbəssüm şəhəri" xeyriyyə fondlarının himayəçilər şurasının sədri olan Anna Akopyan separatçı-terrorçu erməni rejiminin yeni rəhbəri Araik Arutyunyanın arvadı Kristina Arutyunyanla birlikdə Xankəndidə Qarabağdakı fəal erməni qadınlarla görüşüb.

Görüşdə Anna Akopyan bir daha "Qadınlar sülh naminə" kampaniyasının proqramını gündəmə gətirərək regionda əmin-amanlıq əldə olunması üçün irqindən, milliyyətindən, dinindən asılı olmayaraq bütün qadınları sülhə dəstək verməyə çağırıb.

Xatırladaq ki, Anna Akopyan ilk dəfə 2018-ci ilin iyulunda Moskvada səfərdə olarkən Qarabağ məsələsi ilə bağlı "Qadınlar sülh naminə” kampaniyasını başlatdığını bəyan edib. Bundan sonra o, bir qrup erməni və rus qadınla Qarabağda Azərbaycan ordusu ilə təmas xəttinə gələrək Azərbaycan qadınlarına da çağırış edib.

P.S.Paşinyanın arvadı hazırkı şəraitdə heç bir şərt tələb etmədən sülh yaradılmasının işğalçı Ermənistana sərf etdiyini gözəl bilir. Buna görə də Azərbaycan Respublikasının dövlət sərhədlərini tapdayaraq Qarabağa gələn A.Akopyanın çağırışındakı hiyləgərlik, ikiüzlülük aydın görünür. Səmimi sülh istəyən erməni qadın ilk növbədə öz hökumətindən işğalçı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmasını tələb etməlidir...

 

1
Moderator.az