Fransa prezidenti daha da irəli getdi... - Belə həmsədrlə nə danışaq?

SİYASƏT
15:27 / 02.10.2020
8640

Fransa prezidenti Emmanuel Makron Qarabağda sentyabrın 27-dən başlayan döyüşlərə dair mövqeyində və təcavüzkar tərəf Ermənistanı birmənalı müdafiə etməkdə daha da irəli gedib.

Virtualaz.org xəbər verir ki, Makron dünən Brüsseldə Avropa İttifaqı liderlərinin görüşü ərəfəsində jurnalistlərə açıqlamasında “Azərbaycanın Dağlıq Qarabağa endirdiyi zərbələrə haqq qazandırmaq mümkün olmadığını” bildirib.

Fransa prezidentinin sözlərinə görə, o, Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında da bunu çatdırıb. “Mən Əliyevə birbaşa dedim ki, Azərbaycanın Dağlıq Qarabağa endirdiyi zərbələrə bəraət yoxdur”,- Makron belə də deyib.

Habelə Makron Azərbaycanın tərəfində “Suriyadan cihadçıların vuruşduğuna dair sübutların “olduğunu” da bildirib.

“Minsk Qrupunun həmsədri olaraq biz bütün mümkün olanı edirik ki, tərəflərin yenidən danışıqlar masası arxasına qayıtması üçün atəşin dayandırılmasına nail olaq”,-Fransa prezidenti bildirib.

Makronla Əliyevin telefon danışıqlarının detalları məlum olmadığından Azərbaycan prezidentinin ona necə cavab verdiyi əlbətdə, bizlərə bəlli deyil. Lakin şübhə etmirik ki, Makron “birbaşa dediyi” həmin sözlərə görə birbaşa və tutarlı cavab eşidib.

Sual yaranır: Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün hərbi zərbələr endirirsə və buna Makronun məntiqincə, “bəraət yoxdursa”, o zaman Ermənistanın Dağlıq Qarabağı və ətraf əraziləri 30 ilə yaxındır işğal altında saxlamasına, orada etnik təmizləmə aparmasına və yüz minlərlə azərbaycanlını öz ev-eşiyindən qovmasına  bəraət var?  Makron bunu necə izah edə və əsaslandıra bilər?

Fransa prezidentinin bu mövqeyi nəinki ədalətsizdir və indiki situasiyada açıq-aşkar təcavüzkar tərəfin müdafiəsinə yönəlib, eyni zamanda Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi missiyasına tamamilə ziddir. Hətta onun vasitəçilik missiyasına bütövlükdə nöqtə qoymuş olur. Ümumiyyətlə, Makron bu bəyanatları ilə Minsk Qrupunun özünün dağılmasına gətirib çıxara bilər.

Axı bu necə ola bilər ki, münaqişənin nizamlanmasına dair vasitəçilik missiyasını üzərinə götürən dövlətin başçısı təcavüzkara, işğalçıya bu cür açıq-aşkar haqq qazandırsın? 

Emmanuel Makronun bu mövqeyinin ardınca tərəfləri danışıqlar masasına çağırmasının hansı mənası qalır? Makronun məntiqincə, Azərbaycan həmin masaya qayıtmalıdır ki, onun ətrafında vasitəçi kimi əyləşənlərdən biri heç olmasa neytral mövqe ortaya qoymaqdansa açıq-aşkar tərəflərdən birini qınamaq, günahlandırmaq mövqeyindən çıxış edir?

Bu mümkün deyil və baş verməyəcək! Azərbaycan on illərdir çox qurbanlar verib və ərazilərinin işğal altında qalmasına dözüb. Ona görə dözüb ki, Fransa və digər həmsədrlərin nəhayət münaqişənin ədalətli, beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli üçün üzərlərinə düşən öhdəliyi yerinə yetirəcəyinə ümid edib. Amma bu ümidlər boşa çıxdı, danışıqlara olan bütün ümidlərə Ermənistan hərbi-siyasi rəhbərliyi nöqtə qoydu və Fransa baş nazir Paşinyanın bir-birinin ardınca danışıqlar prosesini tamamilə dayandırmağa xidmət edən bəyanatlarına heç bir səs çıxarmadı. Məsələn, Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” deyəndə Makron niyə bunu bəraət qazandırılması mümkün olmayan bəyanat adlandırmadı və susdu?

Fransa ənənəvi olaraq ermənimeylli dövlətdir və onun Minsk Qrupundakı həmsədrliyindən Azərbaycanın heç vaxt böyük gözləntiləri olmayıb. Lakin Makrona qədər heç bir Fransa dövlət başçısı da bu cür açıq-aşkar qərəzli,  Parisin vasitəçilik rolu ilə bir araya sığmayan və primitivcəsinə tərəflərdən birinin müdafiəsinə yönəlmiş, digərini qınayan yanaşma ortaya qoymamışdı!

Fransanın Qarabağ məsələsində o qədər də ədalətli mövqe tutmamasına baxmayaraq Azərbaycan bu ölkə ilə ikitərəfli münasibətlərə həmişə xüsusi önəm verib. Fransa Azərbaycan iqtisadiyyatında ən böyük iştiraka malik olan Avropa dövlətlərindən biridir. Azərbaycan bu ölkədə kilsələrin təmirinə pul ayırıb, Fransa ilə mədəni əlaqələrin inkişafı üçün əlindən gələni edib. Amma öz ərazilərini işğaldan azad etmək istəyəndə Fransadan bu cür ədalətsiz və qəbuledilməz mövqe eşidir.

Makron beynəlxalq siyasətdə təcrübəsi olmayan, ölkəsinin geosiyasi maraqlarını düzgün hesablaya bilməyən, xarici siyasətdə çoxlu səhvlər buraxan siyasətçidir və buna görə ölkəsində müxalifətin tənqidləri ilə üzləşir. Əgər Makron ölkəsinin geopolitik maraqlarını, o cümlədən Cənubi Qafqazdakı maraqlarını düzgün hesablaya bilsəydi heç vaxt belə primitiv yanaşma ortaya qoymazdı. Çünki onun mövqeyi Fransanın Azərbaycanla ikitərəfli münasibətlərini çox ciddi zədələməklə yanaşı Minsk Qrupunun həmsədri kimi rolunu da şübhə altına alır. Belə görünür ki, Makron indiki situasiyada ancaq Fransadakı erməni diasporunun simtatiyasını qazanmağı düzgün hesablayıb, ölkəsinin maraqlarına hansı ziyan vurduğunu isə nəzərə almayıb.

Makron heç bir dəlil-sübut olmadan Azərbaycanın Suriyadan “cihadçı muzdlular” cəlb etdiyini iddia edir və onun erməni təbliğatının neçə vaxtdır dövriyyəyə buraxdığı feyk xəbərlərin təsiri altında olduğu görünür. Azərbaycanın “cihadçı muzdlulara” ehtiyacı necə yarana bilər ki, onun özünün döyüşlərə kifayət qədər canlı qüvvə səfərbər etmək imkanları var?

Belə görünür ki, Azərbaycan XİN Fransanın Bakıdakı səfirini dəvət edib Makronun feyk təbliğat üzərində qurulmuş bu bəyanatı barədə izahat istəyəcək. Prezident İlham Əliyevin iki gün əvvəl Bakıda yaralı hərbçilərlə görüşdə bəyan etdiyi kimi,  indi Azərbaycan üçün həqiqət anıdır. Ölkəmiz və xalqımız kimin əsl dost, kimin düşmən olduğunu məhz bu günlərdə ortaya qoyulan mövqelər əsasında müəyyən edəcək. Bunu Makron da nəzərə almalıdır və əgər öz mövqeyinə düzəliş etməsə Fransa üçün bunun hansı uzaqgedən nəticələr doğuracağını hesablamalıdır.

10
Virtualaz.org