Cəbhə xətdindəki uğurlarımız: səbəb və nəticələr

SİYASƏT
12:59 / 04.10.2020
847

Azərbaycan Ordusunun hərbi bölmələri cəbhə xəttində düşmənlə əzmlə döyüşür və yetərli uğurlara imza atır. Bir sıra kəndlərimiz və strateji əhəmiyyət kəsb edən yüksəkliklər işğaldan azad edilib ki, indi həmin ərazilər ordumuzun tam nəzarətindədir.

Murov yüksəkliyinin azad olunması, Laçın və Xankəndini Ermənistanla birləşdirən əsas yolun üzərindəki körpünün sıradan çıxarılması, Madagizin, Ağdərənin, Füzuli və Cəbrayıl ətrafındakı mövqelərin Azərbaycan əsgəri tərəfindən alınması ilə düşmənin vacib nəqliyyat dəhlizini, kommunikasiya xətlərini nəzarətdə saxlamaq imkanımız yaranıb. İşğalçı Ermənistanın cəbhədə ciddi uğursuzluqları isə hazırda dünya mediasının diqqət mərkəzindədir. Super dövlətlərin Ermənistan ətrafında maraq dairəsi tamam dəyişib, əksər dövlət rəsmiləri işğalçı ölkəni öz qoşunlarını zəbt etdiyi Azərbaycan torpaqlarından çıxarmağa və təcavüzə dərhal son qoymağa səsləyir.

Bir vacib məqamı vurğulamaq lazımdır ki, Azərbaycanın hərbi əməliyyatlarda aktiv iştirakı və qazandığı ilkin qələbələr, həm də dünya birliyində xalqımızın haqlı mövqeyi ətrafında düzgün fikir formalaşdırır.

Hazırda Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə bütün xalqlar kifayət qədər məlumatlıdır və Azərbaycanın beynəlxalq hüquq normaları səviyyəsində torpaqlarını işğaldan azad etməsi daha aydın başa düşülür. Məsələn, son günlər Rusiyanın tanınmış ekspertləri münaqişədə ölkəmizin mövqeyinə tərəfdar olduqlarını bildirib birmənalı qeyd edirlər ki, Azərbaycan yalnız öz qanuni ərazilərində hərbi əməliyyatları həyata keçirir və məqsədi beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünü təmin etməkdir. Yəni işğalçı tərəfdən fərqli olaraq biz təcavüzkar deyilik, kiminsə torpağına göz dikməmişik.

Dövlət başçımızın istər Almaniyanın federal kansleri Angela Merkellə, Fransanın prezidenti Makronla söhbətində, istərsə də Rusiya televiziyasına açıqlamasında da bir daha aydın oldu ki, əgər Ermənistan işğal etdiyi ərazilərdən tamamilə geri çəkilərsə, o zaman ordumuz hərbi əməliyyatları dayandırar və münaqişənin həlli barədə danışıqlar başlana bilər. Halbuki Azərbaycan xalqı bəşəri humanist dəyərlərə sadiqliyini ötən dövrlərdə nümayiş etdirib və ərazi bütövlüyünü bərpa etmək üçün məsələnin dinc vasitələrlə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib.

Sual oluna bilər: bəs bu müddətdə güc dövlətləri, beynəlxalq təşkilatlar nəyi gözləyirdi? Niyə dünya birliyi Ermənistandan işğalçılıq siyasətinə son qoymağı tələb etmirdi? Axı son 30 ilə yaxın müddətdə Azərbaycan nə qədər maddi-mənəvi itkilərlə üzləşib, birincisi 20 faiz ərazisi işğal edilib, bir milyondan artıq vətəndaşı yurd-yuvasından didərgin salınıb, minlərlə günahsız adamları şəhid olub. İkincisi isə bu dövrdə ölkə iqtisadiyyatı nə qədər ziyan çəkib. Məsələn, Azərbaycan torpaqlarını işğaldan azad etmək məqsədilə silahlanmaya nəzərdə tutulduğundan artıq vəsait xərcləyib. Onda da bəzi dövlətlər bizi sürətlə silahlanmada, hərbi büdcəni dəfələrlə artırmaqda qınayırdı, amma heç kimə maraqlı deyildi ki, Azərbaycan nə məqsədlə bunları edir?

Baxın bu gün hava-su kimi aydın olur ki, ordunu gücləndirmək torpaqlarımızı işğaldan azad etmək zərurətindən irəli gəlib. Axı xalqımız nə vaxta kimi səbr, dözüm nümayiş etdirməliydi?

Son illər keçirilən böyük miqyasda təlimlər məhz Azərbaycan Ordusunun hazırlığının yüksəldilməsinə hesablanmışdı və bu da son hərbi əməliyyatlarda əldə olunan qələbələrimizlə isbat edildi.

Şanlı ordumuzun qısa vaxtda cəbhə xəttində qazandığı uğurlar ölkə daxilində də ictimai-siyasi proseslərə təsirsiz ötüşmür. Bu gün cəmiyyətimizdə möhkəm birlik, həmrəylik yaranıb, mövqeyindən, mənsubiyyətindən asılı olmayaraq hamını bir ümummilli məsələ - torpaqlarımızın işğaldan azad olunması düşündürür.

Vətəndaşlarımız düşmənlə mübarizədə uğur qazanmaq və son məqsədə yetişmək üçün ordumuza dəstək nümayiş etdirirlər. Bu gün Azərbaycan dövləti hərbi xərclərini yetərincə qarşılamağa qadir olduğu halda, cəmiyyət mənəvi dəstəyi ilə yanaşı orduya maddi köməyini də əsirgəmir. Bir çox hüquqi təşkilatlar, iş adamları, cəmiyyətin müxtəlif təbəqələrində təmsil olunan insanlar Silahlı Qüvvələrə Yardım Fonduna könüllü ianə toplayırlar. Siyasi partiyalar, müxalifət nümayəndələri də bəyanat verib qələbənin əldə olunması üçün dövlətlə güclü həmrəylik nümayiş etdirir, Ali Baş Komandanın ətrafında sıx birləşirlər. Bu, şübhəsiz, çoxdan gözlənilirdi, çünki Azərbaycanın haqq işi uğrunda mübarizəsində ölkədaxili birliyə nail olmaq olduqca vacib idi.

Azərbaycan hamımızın doğma vətənidir, dar məqamda Vətənimizi müdafiə etməli, onu düşmən basqılarından birgə qorumalıyıq. Azərbaycanın çətin günündə dostu ilə düşməni də tanındı. Qardaş Türkiyənin ilk gündən xalqımızla həmrəy olmasına əminlik bir neçə ay öncə baş vermiş Tovuz döyüşlərindən ötən müddətdə özünü daha qabarıq nümayiş etdirdi. Ötən əsrin Cümhuriyyət dönəmində də Azərbaycanın yadelli qüvvələrdən qorunmasında Türkiyə müstəsna rol oynamışdı və bu tarixi ənənə, sarsılmaz dostluq bu gün də davam etdirilir. “Bir millət – iki dövlət” ideyasına sadiq olan qardaş Türkiyə bir daha çətin günümüzə yaraq oldu və düşmənə sübut etdi ki, daim xalqımızın yanındadır və savaş meydanında Azərbaycana qarşı kənar dövlətlərin müdaxiləsi olarsa, istənilən köməyi göstərməyə hazırdır.

Ermənistan rəsmiləri açıq-aydın başa düşməlidir ki, əgər müharibə geniş ölçüdə davam edəcəksə, yəni işğalçıya dəstək verənlər peyda olacaqsa o zaman qarşısında məğlubedilməz Türk əsgərini görəcəkdir. Amma, ilk gündən Azərbaycan rəhbərliyi bəyan edib ki, illərdən bəri döyüş təcrübəsinə yiyələnmiş ordumuz düşmənlə təkbətək savaşda öz sözünü deməyə qadirdir və bu da özünü cəbhə xəttində hərbi uğurlarımızla təsdiqləyir.

Maddi-texniki baxımdan yetərincə təmin olunan, ən müasir silahlara malik olan Azərbaycan Ordusu yüksək döyüş qabilliyyətinə malik olduğunu neçə illər idi ki, hərbi təlimlərdə nümayiş etdirirdi, indi isə bu hərbi güc müharibə meydanında aydın sübuta yetirilir.

Düşmən hazırlıqlı ordumuzun əks-hücumu və intensiv həmlələri qarşısında tab gətirməyərək xeyli ərazilərimizi tərk etməyə məcbur olub.

Bu gün cəbhə xəttindən alınan şad xəbərlər hər birimizi ürəkdən ruhlandırır və inanırıq ki, yaxın vaxtlarda şanlı, rəşadətli ordumuz torpaqlarımızı son qarışına kimi işğaldan azad edəcəkdir.

Arif PƏNAHLI,

ehtiyatda olan polkovnik-leytenant,

Qarabağ müharibəsi veteranı

0