“Ermənistanın Baş Naziri Nikol Paşinyanın Azərbaycanla güzəştlərə hazır olduğunu bildirməsi onun rəzil duruma düşdüyünü göstərir”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib. O bildirib ki, işğalçı Ermənistan Azərbaycanın torpaqlarının azadlığı uğrunda apardığı hərbi əməliyyatları davam etdirməsi təqdirdə tamamilə məhv ediləcəyini anlayıb.
“Necə olur ki, bir neçə vaxt əvvəl bu şəxs deyirdi ki, “Qarabağ Ermənistandır, nöqtə”, bu gün isə sülh danışıqlarına və güzəştlərə getməyə hazır olduğunu bəyan edir? Bunun başlıca səbəbi müzəffər Azərbaycan Ordusunun bir neçə gün ərzində işğalçı Ermənistan ordusunu əzməsidir. Paşinyan işğal status-kvonu saxlamaq istəyirdi. Lakin artıq bu gün həmin status-kvo mövcud deyil. Azərbaycan o status-kvonu dəyişib və işğalçı ordunu darmadağın edib. Bununla həm sahədə, həm də diplomatik danışıqlarda Azərbaycanın çox üstün olduğu aydın görünür. Hərbi əməliyyatların davam edəcəyi təqdirdə işğalçı tamamailə məhv ediləcək. Bu reallığı görən Paşinyan indidən ağ bayraq qaldırır”.
Millət vəkili söyləyib ki, bir neçə gün ərzində Ermənistanın işğalçı ordusu Azərbaycan qarşısında tab gətirməyib. Paşinyanın bu sözləri isə Azərbaycan qarşısında diz çökməsi deməkdir:
“Paşinyanın Azərbaycan qarşısında diz çökməsi dövlət başçımızın qarşısında əyilib yalvarması və diz çökməsi deməkdir. Hər şeydən əvvəl əvvəl Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətinin, iradəsinin nəticəsidir. Bu hadisələr bir daha göstərdi ki, Azərbaycan cəmiyyəti Ali Baş Komandanın ətrafında sıx birləşib və başlıca məqsəd işğalçıları Vətən torpaqlarından çıxarmaqdır. Əslində Paşinyanın ağ bayraq qaldırması Ermənistan üçün sonun başlanğıcıdır”.