Ermənistanın baş naziri Nikol Paşinyan 8 oktyabrda Almaniyanın “Der Spiegel” jurnalına müsahibə verib.
“MediaPost” erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayandan bəri Ermənistanın baş naziri artıq bir neçə dəfə “həsəd aparılan” müsahibələr verib və yetərincə pərt vəziyyətə düşüb. Lakin bununla kifayətlənə bilməyən Paşinyan növbəti dəfə eyni halı yaşamağı özünə rəva bilib.
O, bu dəfə də işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması məsələsi ilə bağlı suala birbaşa cavab verə bilməyib. Ümumiyyətlə, sual-cavabın məzmunu əvvəlki müsahibələrdən fərqlənmir. Amma yox, bir fərq var – bu dəfə müsahibə vaxtı işıq sönmədi. Bunu da Paşinyan üçün bir uğur saymaq olar. Qalan səhnəciklər eyni idi – Azərbaycan, Türkiyə, iddialar, təhlükəsizlik, ağlamsınmaq və s...
Təbii ki, yenə də Türkiyənin nəinki Azərbaycana kömək etməsi, onların Avropanı, Aralıq dənizini, Cənubi Qafqazı, bir sözlə, dünyanın bir hissəsini ələ keçirmək planlarını təfərrüatlı şəkildə “izah etdi”. Bu yolda isə türklərin qarşısını heç bilirsiniz kim alır? Əlbəttə ki, Cənubi Qafqaz erməniləri. Hətta Türkiyə bu planını terrorçuların köməyi ilə həyata keçirirmiş...
Paşinyan onu da deyib ki, ətraf 7 rayonun ələ keçirilməsi Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək zərurətindən irəli gəlirmiş... Bunun üçün suveren bir dövlətin ərazisinin təxminən 20 faizini işğal etmək, 100-150 min erməninin əzəli Azərbaycan torpaqlarında yaşaması üçün təxminən 850 min nəfəri öz yurd-yuvasından qovmaq? – belə bir bütün qanun və insanlığın əleyhinə yönəlmiş yanaşma, davranış. Bunu açıqca səsləndirən, etiraf edən hansısa Aşot deyil, ölkənin baş naziridir. Dəliliyin, vicdansızlığın miqyasını özünüz təsəvvür edin.
Daha sonra Rusiyanın münaqişəyə qarışması ehtimalı ilə bağlı suala cavabında Paşinyan “vəziyyət tələb edərsə, Rusiya Ermənistan qarşısında müqavilə öhdəliklərini yerinə yetirəcək” deyib. Bəli, Ermənistan qarşısında. Amma müharibə Azərbaycan ərazisində gedir və Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün mübarizə aparır.
Düşünürük ki, müsahibədə ən maraqlısı sonuncu sual idi – “Kompromis ehtimalını görürsünüzmü? Məsələn, təhlükəsizlik zonasının bir hissəsini geri qaytarmaq kimi”. Bu suala cavabında isə Paşinyan məsuliyyətdən boyun qaçırmaq üçün “qaytaran mən deyiləm, Dağlıq Qarabağ hökumətidir" deyib, ortaya qondarma respublikanın başçısı Araik Arutyunyanı atıb.
Onu da qeyd edək ki, erməni media təmsilçiləri söhbətin sonundakı bu sual-cavab olan hissəni yayımlamırlar. Görünür, cavab müəllifindən fərqli olaraq, onlar bu sözlərin hansı təhlükələr yarada biləcəyini başa düşüblər.
"MediaPost" olaraq, 30 il əvvəl Dağlıq Qarabağ və ətraf əraziləri "təhlükəsizlik kəməri" adı ilə əlində silah işğal etmək üçün gələnlərə demək istəyirik ki, istənilən kəməri sıxıb kiçiltmək olur. 30 ildir adını təhlükəsizlik kəməri qoyduğunuz ərazilərimiz hər gün hissə-hissə işğaldan azad olunur. O kəmər tezliklə Azərbaycana uzanan əlləri möhkəm bağlayacaq ipə çevriləcək.