Bu gün Bakı vaxtı ilə saat 12.00-da, yəni bir neçə dəqiqə əvvəl Qarabağda Ermənistanla Azərbaycan arasında humanitar xarakterli atəşkəs qüvvəyə minib. Atəşkəsin əldə edilməsi barədə razılaşma dünən Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri arasında 10 saatdan çox davam edən danışıqların nəticəsində əldə edilmişdi. Razılaşmanın bəndlərindən birinə əsasən tərəflər döyüş meydanında qalan meyitlərin götürülməsi, əsir və saxlanılan şəxslərin dəyişdirilməsi üçün humanitar atəşkəs elan edirlər. Atəşkəsin parametrləri əlavə olaraq razılaşdırılmalı idi.
Hərçənd atəşkəs üçün nəzərdə tutulan saatdan sonra da düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edirdi və bu baxımdan Moskva razılaşmasını kifayət qədər kövrək saymaq olar.
Beləliklə, iki həftə fasiləsiz davam edən və cəbhənin bütün istiqamətlərində Ermənistan ordusunun darmadağın edilməsi ilə müşaiyət olunan, işğal altındakı ərazilərimizin bir qisminin-onlarla yaşayış məntəqəsinin azad edilməsi ilə nəticələnən döyüş əməliyyatlarından sonra humanitar məqsədli atəşkəs rejimi başlayır. Rusiya prezidenti Vladimir Putinin Bakı və Yerevanla intensiv və gərgin telefon danışıqlarının nəticəsi olaraq baş tutmuş Moskva görüşündə razılaşdırılmış bu atəşkəs rejiminin müddəti açıqlanmır.
Lakin iki həftə ara vermədən davam edən şiddətli, görünməmiş miqyaslı döyüş əməliyyatlarından sonra humanitar xarakterli atəşkəsin əldə edilməsi zəruri idi. Çünki müharibənin öz amansız qanunları var və istənilən müharibədə olduğu kimi bu müharibədə də hər iki tərəfdən həlak olanların bir qismi döyüş meydanında qalıb. Belə vəziyyətdə Azərbaycanın humanitar xarakterli atəşkəsdən imtina etməsi diplomatiyada düşmənə fürsət qazandıra bilərdi. İndi bu atəşkəs nəticəsində tərəflər Beynəlxalq Qırmızı Xaçın humanitar missiyası ilə birlikdə meyitlərin yığışdırılması və dəfn edilməsini həyata keçirəcəklər.
Sonrası isə Ermənistan tərəfinin özünü necə aparmasından asılı olacaq. Ötən gün, Prezident İlham Əliyevin Moskvada nazirlərin görüşünün başlaması ilə eyni vaxtda yayımlanan müraciətində Azərbaycanın mövqeyi tamamilə aydın və birmənalı şəkildə açıqlanıb. Prezident bəyan edib ki, daha Qarabağda heç bir status-kvo mövcud deyil, heç bir yeni təmas xətti olmayacaq və Bakı ancaq işğalçı qüvvələrin ərazilərimizdən çıxarılması qrafikini nəzərdə tutan konkret plan üzrə danışıqlar apara bilər. Hansı ki, bu münaqişənin nizamlanmasına dair həmsədrlərin təqdim etdiyi baza prinsiplərinə uyğundur. Prezident Moskva danışıqlarının Ermənistanın sonuncu şansı olduğunu bildirib və deyib ki, qarşı tərəf yenə də atəşkəsdən istifadə edib hansısa manipulyasiyalara əl atsa peşiman olacaq.
Moskvada nazirlərin 11 saata yaxın danışıqlar aparması prosesin necə mürəkkəb olduğunu və görüşün kifayət qədər gərgin keçdiyini sübut edir. Lakin eyni zamanda indiki situasiyada şərtləri diqtə edən tərəf Azərbaycandır. Erməni tərəfi məhz Azərbaycanın diqtəsi ilə bu masaya oturmalı oldu və indi hərbi əməliyyatların nəticəsi olaraq dəyişən situasiya, onillər ərzində mövcud olan status-kvonun aradan qaldırılması diplomatiya müstəvisinə keçir. Başqa sözlə, döyüş meydanında qazanılan uğurlar və güclü diplomatiya parallel getməlidir, düşmən sülhə məcbur olsun. Çünki Azərbaycanın məqsədi məhz budur-güclü hərbi zərbələrlə düşməni sülhə məcbur etmək!
Əgər humanitar xarakterli atəşkəsin ardınca danışıqlar prosesi yenidən başlayacaqsa artıq masada şərtləri Azərbaycan diqtə edəcək. Azərbaycana qarşı hansısa şərtlərin irəli sürülməsi, o cümlədən Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi kimi uzun illərdir prosesi dalana dirəyən şərtin qoyulması mümkün olmayacaq. Belə şərtlərin irəli sürülməsi dərhal Ermənistana verilmiş sonuncu şansın da hədər getməsi demək olacaq və o zaman Azərbaycan yenidən döyüş meydanında düşməni ərazilərimizdən qovmaq üçün hərəkətə keçəcək.
Artıq aydındır ki, Ermənistan rəhbərliyinin xaricdən təzyiqlərlə, o cümlədən həmsədr dövlətlərin təzyiqləri ilə Azərbaycanı dayandırmağa olan ümidləri tamamilə boşa çıxıb. Prezident İlham Əliyev bütün xarici təzyiqlərə qətiyyətlə sinə gərib və çevik, məharətli diplomatik gedişlərlə bu təzyiqləri neytrallaşdıra bilib. Azərbaycana qarşı geniş diplomatik cəbhə formalaşdırmaq planları baş tutmayıb.
14 günlük döyüş əməliyyatlarının nəticələri Ermənistan üçün acınacaqlıdır. Hansı ki, bunu münaqişə zonasından reportajlar hazırlayan müstəqil xarici jurnalistlər də təsdiq edirlər. Düşmən ordusu cəbhənin cənub və şimal istiqamətlərində minlərlə itki verib, onun zirehli texnika arsenalı demək olar ki, tamamilə dağıdılıb və sıradan çıxarılıb. Onlarla tank, digər çoxsaylı hərbi texnika Azərbaycan ordusu tərəfindən qənimət olaraq ələ keçirilib. Düşmən müdafiəsinin bütün dərinliklərində hərbi infrastruktur məhv edilib, təchizat yolları nəzarətə alınıb, erməni ordusunun sıralarında fərarilik, xaos başlayıb. Qoşunların idarə edilməsi tamamilə pozulub.
Hətta atəşkəs uzunmüddətli xarakter alsa belə ordumuzun gücünü görən və Dağlıq Qarabağı tərk edən ermənilərin əksəriyyətinin ora qayıtmayacağı aydındır. Digər tərəfdən dünya erməniliyinin Qarabağda qanunsuz məskunlaşdırma planlarının üstündən birdəfəlik xətt çəkilib-bu döyüşləri görəndən sonra heç bir Livan, yaxud Suriya ermənisi Qarabağa köçüb yaşamaq fikrinə düşməzdi. O cümlədən ağlı başında olan heç bir diaspora nümayəndəsi daha Qarabağda biznes qurmaq istəməz. Daha Qarabağda heç nə əvvəlki kimi deyil və olmayacaq. Bunu düşmən ölkədə nə qədər tez dərk etsələr və ərazilərdən dinc yolla çəkilməyin ən ideal variant olduğunu görsələr atəşkəs də o qədər davamlı olacaq.
F.Məmmədov, Virtualaz.org