Türkiyə vətəndaşı ordumuza dəstək üçün nişan üzüyünü göndərdi - VİDEO

09:35 / 13.10.2020
1051

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim qardaş ölkədə bir çıxışı zamanı Gəncə hadisələrindən sonra bir Türkiyə vətəndaşının öz nişan üzüyünü Azərbaycan Ordusuna dəstək üçün göndərdiyini açıqlayıb.

X.İbrahim bildirib ki, “Bir millət, iki dövlət” – bu, artıq bir sloqan deyil: “Bu artıq tam bir gerçəkdir. Bu gerçəklik də ən üstdən, prezidentlərimizin münasibətlərindən başlayaraq bütün xalqımızın bir-birinin içində olmasından ibarətdir. Biz hər gün 2-3 min dəstək məktubu alırıq. Üç gün öncə Maraşdan bir qardaşımız məktub göndərib və Azərbaycanın yanında olduğunu, bizim keçmişimizin, bu günümüzün və gələcəyimizin bir olduğunu qeyd edib. Həmin məktubla birgə mənə Türkiyə bayrağı da göndərib. Mənim üçün də, Türkiyə vətəndaşları üçün də Azərbaycan və Türkiyə bayraqlarını eynidir. Bizim Çanaqqala savaşında da qanımız birgə töküldü, bir-birimizin yanında olduq, hər zaman da belə olacaq.

Həmin qardaşımız daha sonra yazıb ki, Azərbaycan üçün, öz məmləkətim üçün bir şey etmək istəyirəm. Özünün nişan üzüyünü göndərib, üzüyün içində həyat yoldaşının adı yazılıb. Bunu Azərbaycana yardım üçün göndərdiyini bildirib. Bu, məni çox duyğulandırdı. Dünyanın heç bir yerində bunu heç kim kimsə üçün etməz. Dərhal həmin şəxslə telefonla danışdım, təşəkkür etdim, amma üzüyü göndərə bilməyəcəyimi dedim. Ona üzüyü geri qaytarmaq istədiyimi bildirdim. Cavab verdi ki, “bunu etsəniz, çox pis olaram, çünki bu mənim tək qərarım deyil, Gəncədə olanları görərək ailəvi bu qərarı verdik”. Bizim hər zaman bir-birimizin yanında olması məhz bayraqlarımızdan, könlümüzdən gələn duyğulardan keçər. Əgər biz ən önəmli, ən əziz olan bayrağımızı, nişan üzüyümüzü bir-birimizə göndəririksə, heç bir mövzuda kimsə bizim qarşımızda dura bilməz”.

 

0
Qafqazinfo.az