“O ki, qaldı sülhdən sonrakı dönəmə, bizim mövqeyimizdə hər hansısa dəyişiklik yoxdur. Bizim mövqeyimiz həm tarixi ədalətə, həm beynəlxalq hüquqa, həm də dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır. Yəni, birinci mərhələdə işğal edilmiş rayonlardan erməni silahlı qüvvələri çıxarılır və prinsip etibarı ilə bu məsələ Minsk qrupu çərçivəsində artıq təsbit edilib – 5 rayon, ondan sonra 2 rayon”.
HİT.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti “Haber Türk”ə müsahibəsi zamanı deyib.
“Orada yaşayan ermənilərlə əlaqədar bizim mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu bizim ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Onların canını biz o kriminal xunta rejimindən xilas edəndən sonra onlar daha yaxşı yaşayacaq, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı artacaq, çünki orada indi səfalət hökm sürür. Biz ora sərmayə də qoyacağıq, biz orada sosial proqramları da icra edərik, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaq. Bütün bunlar orada yaşayan ermənilər və ora qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq”, - ölkə başçısı bildirib.