"YAP-da xüsusi “rentgen aparatı” yoxdur ki..." - MÜSAHİBƏ

SİYASƏT
18:14 / 23.05.2020
3819

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun APA-ya müsahibəsi

- Ölkədə son dövrlərdə korrupsiyaya qarşı aparılan mübarizəni necə qiymətləndirirsiniz?

- İlk olaraq onu qeyd edim ki, respublikamızda korrupsiyaya qarşı mübarizə Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra başlayıb. 1993-cü ildə Ümummilli Liderimizin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlişindən sonra da həm islahatlar siyasəti, həm də korrupsiyaya qarşı mübarizə davam etdirilib. Çünki arada boşluq yaranmışdı və ölkə həmin dövrdə talanmışdı. Ulu Öndərin respublikamıza birinci rəhbərliyi dövründə tikilən, qurulan, yaradılan bütün zavodların, fabriklərin hamısı dağıldılmış, avadanlıqları İrana, Türkiyəyə satılmışdı. Hətta tramvay xəttləri mis olduğuna görə kəsilmişdi. 1990-1992-ci illərdə onların da başqa-başqa ölkələrə satılmasını müşahidə etmişik. Buna görə də 1993-cü ildə Heydər Əliyev korrupsiyaya qarşı mübarizəni yenidən başlatdı.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra bu işi daha da genişləndirdi. Ölkədə Korrupsiya Komissiyası, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradıldı və geniş səlahiyyətlər verildi. Eyni zamanda, korrupsiya ilə mübarizə üçün qanun qəbul olundu və ictimaiyyətin nüfuzlu şəxsləri, ekspertlər də bu işə cəlb edildilər.

Ümumiyyətlə, korrupsiya bütün dünyada mövcud olan bəladır. Ölkənin böyüklüyündən və kiçikliyindən asılı olaraq korrupsiyanın həcmi də dəyişir. Korrupsiyanın qarşısını almaq üçün Azərbaycanda əsasən iki vasitədən istifadə olunur: birincisi inzibati, ikincisi islahatların aparılması və struktur dəyişiklikləri yolu ilə. Əvvəla, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi islahatlar kursu uğurla davam etdirilir. Azərbaycan Prezidenti islahatların əhəmiyyətinə toxunaraq “Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil”,-deyə qeyd edib. Heç şübhəsiz, islahatların sosial-iqtisadi, siyasi sahələrlə yanaşı, kadr və məhkəmə-hüquq sistemini də əhatə etməsi böyük əhəmiyyətə malikdir. Bu istiqamətdə atılan addımlar sözügedən sahədə şəffaflığın artırılmasına, bütün fəaliyyətin qanunçuluq prinsipinə riayət olunmaqla qurulmasına, qərar və hərəkətlərdə qanunun aliliyi prinsiplərin əsas götürülməsinə xidmət edir. Məhz son dövrlər korrupsiya, rüşvətxorluq və bu kimi digər neqativ hallara qarşı aparılan qətiyyətli mübarizə də bu baxımdan xüsusi önəm daşıyır. Əlbəttə, korrupsiyaya qarşı prinsipial mübarizə islahatların tərkib hissəsidir. Son zamanlar ölkəmizdə bəhs olunan mənfi halların aradan qaldırılması istiqamətində tədbirlər davamlı xarakter alıb, korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi başlanıb. Bütün bunlar bir məqamdan xəbər verir: korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə davamlı xarakter daşıyır.

Azərbaycan Prezidenti çox mühüm bir şəxsi nümunə ortaya qoyub. “Hər bir məmur xalqın xidmətçisidir”,-deyən cənab İlham Əliyev öz nümunəsində hər zaman xalqa xidmət örnəyi nümayiş etdirib. Dövlət başçısı vəzifəyə təyin etdiyi məmurlara tapşırıq verir ki, insanlarla ünsiyyətdə sadə və səmimi olsunlar, vətəndaşları incitməsinlər, onların haqqını qəsb etməsinlər. Yəni Prezident İlham Əliyev müşavirələrdə, müxtəlif tədbirlərdə çıxışları zamanı məmurların vəzifəyə xalqa xidmət etmək üçün təyin edildiyinu xatırladır, ancaq göründüyü kimi, bəziləri bu sözlərdən düzgün nəticə çıxarmır, proseslərdən ibrət dərsi götürmür. Artıq dövlətimizi başçısı hər bir rayona təyin olunan icra başçısına öz tövsiyə və tapşırıqlarını ictimaiyyət qarşısında verir. Prezidentin tapşırıq və tövsiyələrini dərk edən, başa düşən məmurlar şəffaf, səmərəli fəaliyyət göstərir, daha yüksək vəzifələrə təyin olunurlar. Ancaq öz tamahına qalib gələ bilməyən məmurlar üçün nəticə çox ağır olur. Onlar həm ölkə ictimaiyyəti qarşısında ifşa olunur, həm cinayət törətdiyinə görə hüquqi məsuliyyətinə cəlb edilir, həm də onların dövlətdən oğurladığı bütün vəsaitlər dövlət büdcəsinə qaytarılır. Məmur hansı sahə üzrə vəsaitləri qeyri-qanuni əldə edibsə, mənimsəyibsə, o sahələrdə çalışan insanların əməkhaqqına və quruculuq abadlıq işlərinə sərf olunur.

Çox əhəmiyyətli məqamlardan biri budur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən korrupsiyaya qarşı mübarizə siyasəti birmənalı olaraq vətəndaşların haqlarının və dövlətin mənafeyinin qorunmasına xidmət edir. Azərbaycan ictimaiyyəti, ölkə vətəndaşları bu cür mənfi hallara qarşı mübarizə tədbirlərini olduqca yüksək qiymətləndirirlər. Yəni dövlətin korrupsiyaya qarşı mübarizəsi cəmiyyət tərəfindən dəstəklənir. Bütövlükdə isə, Azərbaycan dövlətinin öz vətəndaşlarının yanında olmasını insanlar məmnunluqla qarşılayaraq öz razılıqlarını ifadə edirlər. Bütün bunlar isə vətəndaş-dövlət, xalq-iqtidar birliyinin bariz nümunəsidir. Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı minnətdarlıq məktublarında əksini tapmış fikirlər də bu reallığın təsdiqidir.

- Ölkədə korrupsiyaya qarşı aparılan genişmiqyaslı əməliyyatlar nəticəsində bir neçə vəzifəli şəxs və icra başçısı həbs edilib. Bu şəxslər sırasında YAP üzvləri də var. Bu şəxslərin YAP-dan uzaqlaşdırılması nəzərdə tutulurmu? Bundan əvvəl Gülər Əhmədova təcrübəsi var idi. İndi necə olacaq?

- Bu şəxslər YAP-ın üzvüdür, ancaq onlar hər hansı cinayət əməli xarakterli hərəkət etdikdə bunu partiyanın üzvü kimi deyil, tutduğu vəzifəyə görə bunu edə bilib. Biz hesab edirik ki, həbs olunan məmurlar, icra başçıları müvafiq cinayət törədiblər, amma bunun təsdiqi məhkəmə qərarı ilə olacaq. Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətdə də məhkəmə qərarı təqsirləndirilmiş şəxsi cinayətkar və ya məhkum hesab etmirsə, onu digərləri cinayətkar və məhkum hesab edə bilməz. Ümumi qayda belədir. YAP-ın nizamnaməsinin partiyadan üzvlərin hansı hallarda azad olunması ilə bağlı hissəsində də göstərilib ki, partiya üzvünün məhkumluğu məhkəmə tərəfindən sübut olunduqda və haqqında məhkəmə qərarı olduqda həmin şəxslər partiyadan uzaqlaşdırılırlar. Məhkəmə qərarı dövlətin adından çıxarılmış qərardır. Bu, olmadan kimisə partiyadan uzaqlaşdırsaq, sonra məhkəmə onu təqsirkar hesab etməsə, biz həmin şəxsi yenidən partiyaya bərpa etməyə məcburuq. Bu baxımdan, həbs edilən məmurlarla bağlı məhkəmə qərarları olduqdan sonra partiya onlarla bağlı öz qərarlarını verəcək.

- Yəni hələ bu şəxslərdən YAP-dan çıxarılan yoxdur?

- Onların istintaq dövründə partiyadakı fəaliyyəti dayandırılıb. İstintaq başa çatdıqdan sonra məhkəmə hansı qərarı verəcəksə, partiya da ona uyğun addım atacaq.

- Bəs bu hadisələrdən sonra partiyadan könüllü istefalar olurmu?

- Bu ilin statistikası ilə deyə bilərəm ki, YAP-a yeni qəbul edilənlər və müəyyən vəzifələrə (hüquq-mühafizə orqanları, ordu sıraları, ayrı-ayrı məhkəmə sistemində) getdiyi üçün partiyadan çıxanlar, həmçinin dünyasını dəyişənlər var. Amma rəsmi qaydada bəyanat verərək partiya sıralarından xaric olanlar yoxdur.

- Sizcə, belə bir situasiya, xüsusilə, bu situasiyanın vəzifəli şəxslərlə bağlı baş verməsi YAP-ın nüfuzunu və imicini zədələyibmi?

- Qanun qarşısında bütün vətəndaşlar bərabərdir. Biz digər partiyalardan fərqli olaraq, partiya üzvləri ilə bağlı bir şərt qoymuşuq ki, YAP-ın üzvü olanlar ikiqat məsuliyyət daşıyırlar. Birincisi, onların tutduğu vəzifənin, ikincisi, YAP üzvü olmasının məsuliyyətidir. Yəni heç kim YAP üzvü olduğuna görə heç bir vətəndaşı incidə, dövlətin sərvətini dağıda, qanunu poza bilməz.

AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövrdə belə bir fikir və tendensiya formalaşmışdı: “filankəs meydanda çox qışqırıb, bu səbəbdən ona toxunmaq olmaz”. O vaxt bir çoxları sırf meydanda çox qışqırdığına görə vətəndaşın hüququnu pozduqda ona toxunan, söz deyən olmurdu. Həmin dövrdə qəzet redaktorlarına, partiya sədrlərinə qarşı da qanunsuz əməllər törədilirdi. Redaktorlara qəzet yedizdirilməsi faktını da xatırlayıram. Amma bizdə yanaşma tamamilə başqa cürdür. Bu, ondan ibarətdir ki, kimliyindən, vəzifəsindən, tutduğu mövqedən, partiya mənsubiyyətindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir.

- Yəni partiyanın nüfuzunun bu hadisələrdən zədələndiyini düşünmürsünüz?

- Qəti şəkildə. İnsan və cəmiyyət varsa, problem də var. Partiyada xüsusi “rentgen aparatı” yoxdur ki, biz üzvlüyə qəbul etdiyimiz şəxslərin nə cür insan olduğunu yoxlayaq. Partiyanın nizamnaməsinə uyğun olaraq, sənədləri təqdim edən şəxslər prosedur qaydanı keçdikdən sonra partiyaya qəbul edilirlər. Qəbul olunanların daxili aləmində, tamahında, fəaliyyətində baş verənlərə görə partiya məsuliyyət daşımır.

- Yeni vəzifəyə təyin olunanlar arasında da YAP üzvləri üstünlük təşkil edirlər. Onların özlərindən əvvəlki YAP üzvü məmurların səhvlərini təkrarlamaması üçün partiyada hansı işlər görülür?

- Yeni təyin olunanlar sırasında partiyamızın üzvü olanlar da, olmayanlar da var. Vəzifəyə təyin olunan YAP üzvlərinə hər zaman tapşırıq və tövsiyələrimiz bundan ibarət olub ki, Prezidentin tapşırıq və tövsiyələri onlar üçün qanundur. İndi də bunu edirik. Hər bir partiya üzvü vətəndaşların rəğbətini qazanmağı bacarmalıdır.

- Necə düşünürsünüz, ölkədə gedən islahatlar fonunda YAP-da islahatlara ehtiyac varmı? Partiyanın idarə olunmasında və fəaliyyət istiqamətində hansısa yeniliklər gözlənilirmi?

- Son vaxtlar aidiyyəti olan və olmayan bir sıra adamlar ortaya çıxaraq YAP-da da islahatların getməsinin vacibliyindən danışırlar. Mollanın bir məsələsi var. Mollaya deyirlər ki, molla, aş aparırlar. Molla cavab verir: “Mənə nə?”. Daha sonra deyirlər:”Molla aşı sənə aparırlar”. Molla cavab verir: “Ondan sənə nə?” Bu da onu xatırladır. Elə adamlar ortaya düşüb ki, onların nə YAP-a aidiyyəti var, nə YAP-ın rəhbər strukturlarında təmsil olunur, nə də ümumiyyətlə, partiya gedən işlərdən xəbərdardır. Bu insanlar gündəmdə qalmaq üçün kiminsə ortaya saldığı adamlardır. YAP-da mütəmadi olaraq islahatlar həyata keçirilir. Partiyamız seçkili orqandır. Hər dəfə öz toplantısını keçirəndə partiyada 25-30%-dən artıq dəyişikliklər olur. Bizim sonuncu konfranslarımızda təxminən 30% faiz rayon və şəhər təşkilatlarının sədrlərində dəyişikliklər edildi. Bu proseslər davam etdirilir. O cümlədən partiyanın rəhbər strukturlarında (rayon şurasında, rayon idarə heyətində sədr müavinlərində) dəyişikliklər edilib. Yəni YAP-da islahatlar ardıcıl şəkildə aparılır. Ümumiyyətlə, partiyada gedən proseslərdən xəbəri olmayanlar kənardan partiyanın işinə qiymət verməyə çalışırlar. Hesab edirəm ki, o insanların buna nə mənəvi haqqı, nə də hüquqi baxımdan səlahiyyətləri var.

- Korrupsiya ilə mübarizə çərçivəsində həbs olunan məmurların hər birinin böyük sərvəti olduğu ortaya çıxır. Milli Məclisdə qəbul olunan “Gəlir deklarasiyası haqqında” qanunun işlək hala gəlməsi və bu cür xoşagəlməz halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

- Bu qanun parlamentdə qəbul edilib. Məsələn, Milli Məclisin üzvləri gəlirləri ilə bağlı 5 ildə bir dəfə deklarasiya verirlər. Hətta deklarasiya düzgün olmadıqda onların namizədliyi qəbul edilmir. Siyasi partiyalar da Mərkəzi Seçki Komissiyasına rüblük və illik maliyyə hesabatı verməlidirlər. Bu baxımdan, YAP ictimaiyyətə də öz gəlirləri və xərcləri ilə bağlı mütəmadi məlumatlar verir. Ancaq bir sıra partiyalar öz fəaliyyəti, gəlir və xərcləri ilə bağlı 0 rəqəmi yazaraq, hesabatı MSK-ya təqdim edir. Əgər bir partiyanın maliyyə təminatı yoxdursa, o partiya heç vaxt fəaliyyət göstərə bilməz. Bu cür hesabat təqdim edən partiyalar Azərbaycanda aparıcı partiyalardan biri olmaları iddiası ilə çıxış edirlər. Bu gün ölkədə çirkli yollarla maliyyələşən partiyalar var ki, onlar hesabat verməkdən boyun qaçırırlar. Məsələn, AXCP-nin sədri 15 ildir ki, heç yerdə işləmir, təqaüd almır. Ünvanlı dövlət sosial yardım üçün də bu insanın müraciəti olmayıb. Bəs bu insan hansı vəsait hesabına yaşayır?! Onun ətrafında cangüdənlər, köməkçilər var və nəqliyyat vasitələri ilə təmin olunub. Bütün bunlar hamısı göstərir ki, onlar qaranlıq yollarla maliyyələşirlər.

- Bəs Milli Məclisdə qəbul edilən qanunu işlək hala gətirmək üçün nə etmək lazımdır?

- Bunun mexanizmi düşünülməlidir. Parlamentdə bir neçə dəfə bununla bağlı məsələ qaldırılıb. Mənim də bununla bağlı kifayət qədər təkliflərim var. Onlardan biri də bundan ibarətdir ki, ümumilikdə, daxili investisiyaların Azərbaycana cəlb olunması üçün yeni qanun layihəsi hazırlayaq. Əsasən imkanlı adamların ölkəyə investisiya yatırmaq üçün heç nədən çəkinməməsinə şərait yaratmalıyıq. Qanun layihəsi imkanlı şəxslərə zəmanət verəcək ki, onlar öz vəsaitləri hesabına ölkəmizdə zavod, fabrik, yeni iş yerləri açsınlar, pullarını hansısa xarici banklarda aparıb gizlətməsinlər. Burada söhbət təmiz yollarla qazanılmış pullardan gedir. Doğrudur, ölkəmizdə qanunvericilik Azərbaycana investisiyanın cəlb edilməsi üçün yüksək səviyyədədir. Ancaq bu təkliflərin qanun layihəsi kimi hazırlanması və qəbul edilməsi ilə bu sahə daha da təkmilləşdiriləcək. Ölkəmizdə hələ də bir çoxları pulu banka qoymur, sandıqlarda saxlayır. Artıq sandıqda olan pulları işlək vəziyyətə gətirmək lazımdır.

Bu təkliflərin parlamentin payız sessiyasında müzakirə olunması düşünülür. Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə təqdim ediləcək. Komitədə baxılaraq digər qanun layihələrinə də uyğunlaşdırmalıdır.

- İqtidarla müxalifət arasında dialoq hansı mərhələdədir? Hakim partiyanın bu dialoqdan gözləntisi nədir?

- Siyasi partiyaların hər birinin Prezident Administrasiyasında yeni yaradılan şöbənin müdiri ilə görüşlər keçirməsi, öz təkliflərini bölüşməsi çox müsbət haldır. Bütün məsələlər bu görüşlərdə müzakirə olunur. Azərbaycanın taleyüklü məsələləri ilə - ərazi bütövlüyü, Dağlıq Qarabağ münaqişəsi, siyasi məsələlərlə bağlı hər bir partiyanın təklifləri yazılı şəkildə təqdim olunur. Bu proseslərin getməsi normal haldır və burada bütün partiyalar iştirak etməlidir. Əfsuslar olsun ki, bir neçə partiya bu məsələlərdə iştirak etmir və bunun da səbəbi bəllidir. Birincisi, o partiyaların potensialı yoxdur. Artıq bunlara partiya demək də doğru deyil, dərnək səviyyəsində fəaliyyət göstərirlər. Elə “Milli şura” adlandırılan qurumun indiki dövrdə müzakirəyə çıxardığı məsələnin nə olduğunu hər kəs gördü. Bir tərəfdən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemin mövcud olduğu, digər tərəfdən bütün dünyada koronavirus pandemiyasının hökm sürdüyü bir dönəmdə bu qurumun müzakirə mövzuları olduqca primitiv idi. Nəticədə həmin qurumdan istefa verənlərin ardı-arası kəsilmir. Bu təşkilat əvvəldən perspektivsiz idi. Son müzakirələrdən sonra bu reallıq bir daha öz təsdiqini tapdı. Digər tərəfdən, bu insanlar arasında artıq bir-birini ittiham edənlər var. Onlar bundan sonra bu ittihamları səsləndirənlərin iqtidar tərəfindən öyrədilməsi fikrini ortaya atırlar. Halbuki onlar dünənə kimi bir yerdə fəaliyyət göstərirdilər. Bu da göstərir ki, həmin qurumda sağlam mühit yoxdur. Sağlam mühit olmayan qurum, təşkilatla da hər hansı dialoqdan söhbət gedə bilməz. Çünki bu insanlar öz aralarında dialoq aparmağı bacarmırlar, müəyyən məsələləri razılaşdıra bilmirlər. İkincisi, bu qurumlar qəbul etdiyi qərarlarla Ermənistanı xatırladırlar. Necə ki, Ermənistan müstəqil şəkildə qərar verə bilmir, onun qəbul etdiyi qərarlar “böyük qardaş”ının razılığı ilə verilir. Bu qurumlarda olanların da “böyük qardaş”ları var. Həmin “böyük qardaş” bu insanlara dialoqda iştirak etməsi ilə bağlı tapşırıq verməyənə qədər bunlar dialoqda iştirak edə bilməzlər. Bu məsələlər neçə illərdir ki, Azərbaycanda bilinir. Digər tərəfdən, dialoqda ortaya qoymağa potensial lazımdır. Xaricdə erməni vəsaiti hesabına açılan kanallar vasitəsilə bunların apardığı təbliğat da göz önündədir. Bir şou düzəldiblər ki, “Əli Kərimli blokadadır”. Blokadada olan insan bir ayda 12 dəfə televiziyada necə çıxış edə bilər? Bu çıxışların hər biri də 1 saat yarım davam edib. Əgər bu blokadadırsa, blokada da olmamaq nədən ibarətdir?! Bütün bu şouların hamısı bir daha sübut etdi ki, onlar nə dialoqa, nə partiya olaraq ictimai-siyasi proseslərdə iştirak etməyə qadir olan şəxs və təşkilat deyillər.

- Ümumiyyətlə, ölkənin istər iqtidar, istərsə də müxalifət düşərgəsində son dövrlər baş verən proseslər nədən xəbər verir? Siyasi sistemdə hansısa dəyişikliklər gözləmək olarmı?

- Siyasi sistemdə dəyişikliklərlə bağlı müxtəlif təkliflərim var. Hesab edirəm ki, dialoq prosesindən sonra siyasi partiyaların tam şəkildə fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər etməli, yaxud da yeni qanun qəbul etməliyik. Bu qanun layihəsi əsasən siyasi partiyaların qeydə alınması, fəaliyyəti, siyasi sistemdə siyasi partiyaların yeri və rolu, partiyaların seçkili orqanlarda iştirakı, maliyyələşməsi, partiyaların mülkiyyət təminatı, siyasi partiyanın ləğv olunması məsələləri ilə bağlı olacaq. Bununla bağlı layihəni özüm hazırlayıram. Azərbaycanın siyasi sistemində təmsil olunanların bəziləri hələ də 1990-cı illərin psixologiyasındadır və oradan çıxa bilmirlər. Bir qrup partiyalarda partiya sədri dünyasını dəyişsə də, sədr müavinlərinin birində möhürdür, birində binadır, birində də şəhadətnamə. Yaxud bəziləri vaxtilə qeydiyyatdan partiya kimi keçsə də, özünü artıq alış-veriş predmetinə çevirib. Hansısa imkanlı adam partiyanı alıb, gələcəkdə istifadə etmək üçün saxlayır. Ümumiyyətlə, Avropa İttifaqına daxil olan ölkələrdə “Siyasi partiyalar haqqında” qanunlarda da göstərilib ki, partiya bir neçə il fəaliyyət göstərmirsə, avtomatik olaraq qeydiyyatı ləğv edilir. Partiya yaranır ki, fəaliyyət göstərsin. Siyasi partiyanın fəaliyyəti təkcə bəyanat yazmaqdan ibarət deyil. Siyasi partiyanın nizamnaməsində onun funksiyaları və fəaliyyət istiqamətləri açıq şəkildə göstərilir. Bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Bu, ölkədə siyasi sistemin daha da möhkəmlənməsinə xidmət edəcək addım olacaq. Layihənin hazırlanması üçün çox vaxt tələb olunur. Amma ilin sonuna kimi bu layihənin hazırlanması nəzərdə tutulur.

2
Apa.az