Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərərin miqyası olduqca böyükdür. Bu zərərin miqdarının dəqiqləşdirilməsi və onun ödənilməsi probleminin həll edilməsi bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin mühüm aspektlərindən biridir.
Məsələyə beynəlxalq hüquqi yanaşma da mövcuddur. Belə ki, beynəlxalq hüquqa görə, məsuliyyət daşıyan dövlət digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir.
Hazırki situasiyanın tələbi işğalçı Ermənistanın təcavüzünə məruz qalan azərbaycanlılara maddi kompensasiyanın ödənilməsidir.
Ermənistanın maddi ziyanı ilə üz-üzə qalan azərbaycanlılar kompensasiya ilə bağlı hara müraciət etməlidir?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu barədə Modern.az-a danışıb.
O bildirib ki, çox zaman Avropa Məhkəməsinə müraciət etmək uzun zaman alır:
“Bildiyimiz kimi, Laçından olan Çıraqov qardaşları və digərləri dəymiş ziyan barədə Avropa Məhkəməsinə müraciət etmişdilər. Çıraqov qardaşlarının işi 10 ildən çox çəkdi. Uzun illərdən sonra Avropa Məhkəməsi dəymiş zərərə görə kompensasiyanı Ermənistan dövlətinin üzərinə qoydu. Ərazilərin Ermənistan ordusu tərəfindən işğalını tanıdı. Hesab edirəm ki, bu məqbul sayılsa, Azərbaycan vətəndaşlarının kütləvi şəkildə Avropa Məhkəməsinə müraciət etmək hüququnu öz üzərində saxlayar”.
Hüquq müdafiəçisi qeyd edib ki, dəymiş maddi ziyana görə, müraciətlərin fərdi qaydada aparılması çox uzun çəkən prosesdir:
“İndiki şəraitdə elə hesab edirəm ki, gələcəkdə fərdi qaydada bu məsələni həll etmək üçün uzun zamana ehtiyac var. Hər halda bu da bir yoldur. İtirəcəyimiz heç nə yoxdur. Uzun zaman olsa belə, biz bunu gələcəkdə əsaslandırıb, Avropa Məhkəməsinə göndərə bilərik. Çünki bütün dövlətlər və beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Ona görə də həm Xocalı soyqırımına görə, həm də digər maddi və mənəvi ziyana, bütöv bir bölgənin dağıdılması, ekologiyanın pozulması və s. kimi məqamlara görə beynəlxalq hüquqla Azərbaycan Ermənistandan təzminat tələb edə bilər. Hesab edirəm ki, savaşı qələbə ilə bitirəndən sonra buna start verəcəyik.
Hazırda bizim ancaq bir istiqamətdə düşünməyimiz vacibdir. O da Azərbaycan Ordusuna dua edib, yeni zəfərlər gözləmək”.